Vaşaq
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 23:31 30 may 2015 tarixində əlavə olunmuşdur

Nyu -York.10 oktyabr 2001-ci il.Mərkəzi Kəşfiyyat İdarəsinin 5-saylı məxfi Qərargahı.

Qərargah rəisi Polkovnik Robert Stivenson, 444 GP(gizli personal)üzrə bölmənin rəhbəri Kapitan Mark Stilberq və Mərkəzi Kəşfiyyat İdarəsinin Direktoru cənab Uolter Vilson tərəfindən 5-saylı məxfi Qərargahın Beynəlxalq şöbəsinə yeni rəhbər təyin edilən Kapitan Corc Donavan birlikdə televiziyada gedən Əfqanıstanla bağlı son xəbərləri izləyirdilər.Koalisiya qüvvələrinin terrorçuların düşərgələrinə endirdikləri zərbələrin video görüntülərinə şərh verən xəbər proqramının aparıcısı son vəziyyəti şərh edirdi:

“Əfqanıstanda başlanan anti-terror əməliyyatları fasiləsiz davam etməkdədir.Dünən sabah saatlarından başlanan əməliyyatlar zamanı koalisiya qüvvələrinin şahinləri paytaxt Kabilə 30-km yaxınlıqda yerləşən terror hədəflərini dəqiqliklə vurmuş və 60-dan çox terrorçu məhv edilmişdir. Yerli könüllülər tərəfindən yaradılan “Vətən Müdafiəsi” təşkilatının döyüşçüləri isə quru əməliyyatları zamanı xeyli terrorçu zərərsizləşdirmişlər.Təşkilatın Qəndəhar taboru iki gün əvvəl, Sələfli qəsəbəsini terrorçulardan azad etmiş,orada yerləşən həbsxanada əsir tutulan 64 əcnəbi vətəndaşları azad etməyə nail olmuşlar.Əldə etdiyimiz məlumatlara görə, əsirlər arasında “Qırmızı Xaç” beynəlxalq tibb təşkilatının əməkdaşları,jurnalistlər və humanitar yardım cəmiyyətlərinin üzvləri də var.Azad olunmuş əsirlərin yaxın günlərdə sağ-salamat vətənlərinə yola salınması təhlükəsizlik qüvvələrinin Kabil missiyası tərəfindən həyata keçiriləcəkdir.

“Kainat” agentliyindən aldığımız ən son xəbərə istinadən,bu arada,rəsmi Pentaqon tərəfindən dünən keçirilən toplantının yekununda,anti-terror əməliyyatlarına yerüstü dəstək üçün bir həftə sonra Əfqanıstana 3000 piyada kommandonun göndərilməsi qərara alınmışdır.

Bu saata olan xəbərlərimizi dinlədiniz.Hadisələrin ən son inkişafı barədə xəbərləri bizdən alın,bizimlə qalın!”

Kapitan Donavan xəbərlər bitdikdən sonra üzünü Qərargah rəisinə çevirib tələsik dilləndi:

-Cənab Polkovnik,Pentaqonun son qərarı ilə bağlı məlumatınız vardımı?

-Toplantı barədə məlumatım vardı.Zatən gözlədiyimiz qərar deyildimi?

-Fəqət,bu qədər tez hərəkətə keçiləcəyini zənn etmirdim.

-Kapitan Donavan,indi, təəssüf ki,daha çox gözləmədiyimiz nəsnələr baş verir.

-Fikirlərinizlə tam razıyam.

Polkovnik bəzi məsələləri dəqiqləşdirmək üçün 444 GP(gizli personal)üzrə bölmənin rəhbəri Kapitan Mark Stilberqlə söhbətə davam etdi:

-Azad edilən vətəndaşlarların kimliyi haqqında əlimizdə nə var?

-58 kişi və 6 qadın olmaq üzrə cəmi 64 məhbus azad edilib:0nlardan 17 nəfəri “Qırmızı Xaç”ın Fransa,İtaliya və Norveçdən olan əməkdaşlarıdır. 23 nəfər “Vətən Müdafiəsi”təşkilatına humanitar yardım edən Pakistan vətəndaşlarıdır. 14 nəfər Almaniya,Polşa,Qətər,İsveç və Böyük Britaniyadan olan Pressa nümayəndələridir. Yəmən və Mərakeşdən olan 8 nəfərin isə Qəndəhar taboruna dəstək verdikləri səbəbi üzündən əsir alındıqları ehtimal edilir.Yerdə qalan iki nəfər əcnəbi əsir isə Rusiya kəşfiyyatçılarıdır.

-Adlarını dəqiqləşdirə bildinizmi?

-Bəli, İqor Raçkov və Denis Arşavin,hər ikisi Rusiya FTX-si tərəfindən Kabil missiyası üzrə birgə fəaliyyət planında yer almış kəşfiyyatçılardır.

-Rusiya tərəfindən Kabil missiyasına rəhbər təyin edilən zat barədə əlimizdə nələr var?

- Mayor Stepan Uvarov-əski SSRİ DTK-sı şinelindən çıxmış təcrübəli bir çekist olduğu deyilir.Rusiya Səfirliyinin Kabildən təxliyyə işləri də onun başçılığı ilə həyata keçirilib.Əsir alınmış əməkdaşlarının azad olunması üçün Qəndəhar taborunun Sələflidə həyata keçirdiyi hərbi əməliyyatda şəxsən iştirak edib.

-Kapitan Skott Kabil toplantısını haçana planlaşdırıb?

-Toplantının iki gün sonra,Cümşüdlü məhəlləsindəki gizli qərargahımızda keçirilməsi nəzərdə tutulur.Rusiyalı həmkarlarımız da dəvət olunub.Bundan əlavə, “Vətən Müdafiəsi” təşkilatının bəzi tabor komandirləri də toplantıya qatılacaq.

-Tabor komandirləri ilə iltibaslarda bir sıxıntı yoxdur ki?

-Xeyir,bu istiqamətdə işləri MİT Müstəşarlığı tərəfindən dəstək qrupuna cəlb olunan İlyas Akın və Çərkəz İnal həyata keçirirlər.Kapitan Uliyam Skott göndərdiyi son hesabatda,bu şəxslərin yerli mühitə kifayət qədər bələd olduqlarını,əfqan dilində sərbəst danışdıqlarını və tapşırıqların öhdəsindən məharətlə gəldiklərini qeyd edib.

-Mənim türk müttəfiqlərimiz sarıdan zərrə qədər olsun sıxıntım yoxdur.Buna görə də,bu məqamları nəzərə alaraq,yeni təhlükəsizlik planımız olan “Vaşaq”da,Həsən Səfinin öndə olmasını tərəddüd etmədən qəbul etdim.

-Kabil toplantısı üçün göndərəcəyimiz təlimatlara yeni əlavələriniz olacaqmı?

-Xeyir,hazırladığınız nə varsa,bu gecə göndərin.

-Baş üstə!

Kapitan Mark Stilberq ayağa qalxıb kabineti tərk etmək üçün Polkovnik Robert Stivensondan izin istədi.Polkovnik əlinin işarəsi ilə razılıq verdikdən sonra,o,otaqdan çıxdı.Bayaqdan səssizcə əyləşdiyi yerdən Qərargah rəisi ilə Stilberqin söhbətini dinləyən Beynəlxalq şöbənin rəhbəri Corc Donavan rəis tərəfindən ona hansı tapşırıqların veriləcəyini gözləyirdi.

-Kapitan Donavan “Asiya məhəlləsi” işində bir yenilik varmı?

-Leytenant Həsən Səfi dünən adamlarımız tərəfindən taksi sürücüsü kimi, onun üçün kirayələdiyimiz yeni mənzilinə yerləşib.Hafiz Nəsriyə məxsus mənzilin qarşısında kirayələdiyimiz ev,həm Həsən üçün,həm də ki,planlarımızın diqqət çəkmədən yürüməsi üçün əlverişlidir.Bilirsiniz ki,13-sentyabr əməliyyatlarından sonra,biz,mövcud siyasi durumu nəzərə alaraq Nəsrinini mənzilini yaxından nəzarət altında saxlamadıq.Mənə belə gəlir ki,Nəsrinin mənzili yenidən yoxlanılmalıdır.

-Biz,orada yenidən axtarışlar aparsaq,bu dəfə,yerli məhəllə sakinlərinin narazılıqları və medianın qınağı ilə üzləşmərikmi?

-Bəli,bu mümkündür,elə bunları diqqətə alaraq,axtarışları biz deyil,əməkdaşlarımızın dəstəyi ilə Həsən Səfi gizlicə aparmalıdır.Belə olan halda,o zaman tam əmin ola bilərik ki,Nəsrinin mənzilində bizim üçün qaranlıq qalan bir məqam yoxdur.

-Son dərəcə diqqətli olun,şəraitə uyğun hərəkət edin.

-Narahat olmayın Polkovnik,biz,bu planı Həsən Vaşinqtona getmədən öncə gözdən keçirmişdik.Cənab Səfinin Şərq dəyərlərinə mükəmməl şəkildə hakim olması,tərəfimizdən qüsursuz hazırlanan yeni kimliyi,onun üçün seçdiyimiz peşə heç bir diqqət çəkməyəcək.

-Yaxşı,dediyiniz kimi olsun.Bəs digər məsələlər nə yerdədir?

-Kabildəki missiyamızdan əldə etdiyimiz məlumatlara görə,Damət Mümtazın başçılıq etdiyi bölük Qəndəharda alınan yenilgilərin ardından Pakistan sərhədlərinə doğru hərəkət ediblər.Süleyman Yəzdinin rəhbərliyi altında olan terror taboru Kabil yaxınlığında “Vətən Müdafiəsi” könüllüləri ilə quru əməliyyatlarına davam etməkdədir.Anti-terror koalisiyasının Hava Qüvvələri tərəfindən endirilən zərbələr nəticəsində xeyli itgilər versələr də paytaxtı tam tərk etməyiblər.Salman Mancura gəlincə,onun savaşdan iki gün öncə Pakistana qaçdığı təsdiqini tapmışdır. Əldə etdiyimiz xəbərlərdən aydın olur ki,Pakistanın təhlükəsizlik orqanları da,bu şəxsin təqibinə başlamışdır.Ən son məlumatlara istinadən,o,Güney Vəziristan bölgəsində çoxluq təşkil edən yerli terror birləşmələrinin qoruması altına sığınmışdır.

-Pakistanlı həmkarlarımızla sıx təmaslarda olun.Salman Mancurun diri ələ keçirilməsi üçün bütün imkanlardan istifadə edin.Çox güman ki,Damət Mümtazın da son sığınacaq yeri Güney Vəziristan olacaq.Kabildəki missiyamız Süleyman Yəzdinin sağ ələ keçirilməsini təmin edə bilsələr,onun vasitəsilə digər hədəflərimizə də vaxtından öncə çata bilərik.

-Əməkdaşlarımız tərəfindən yerli könüllülərə Yəzdi barədə yetərli məlumat verilib.Kabil ətrafında aparılan quru əməliyyatlarında missiyamızdan 7 nəfər yaxından iştirak edirlər.Yəzdinin sağ ələ keçiriləcəyinə gümanım çoxdur, yetər ki,o,öz canına qıymasın.

Polkovnik Robert Stivenson divar saatına baxdı.Çox gec olmuşdu.Zaman elə sürətlə axıb gedirdi ki,bəzən vaxt belə unudulurdu.Mərkəzi Kəşfiyyat İdarəsi üçün,ən önəmli olanı zamanı itirmədən doğru dəyərləndirmək,təhlükəsizliyin təminatçısı olmaqdı.Hələ görüləsi çox işlər,çəkiləsi böyük əziyyətlər irəlidə idi.Polkovnik Stivenson və Kapitan Donavan da bunların fərqindəydi...

 

 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+30=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0367 saniye