Vaxt gələcək
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 22:03 02 iyun 2015 tarixində əlavə olunmuşdur

Artıq neçənci telefon zəngi idi? 7-ci? 8-ci? 9-cu? Hər dəfə də bəhanə tapırdı. “Rayondayam”, “Ölkə xaricindəyəm”, “Xəstəxanadayam” və s.

-Alo? Bəli, mənəm, buyurun...Bugün?...Gəlməyə çalışaram, amma söz vermirəm...Aydındır, sağ olun...

Kitab mağazası onun əsərinin satılmadığını “iddia” edərək anbara gələrək kitabları götürməsini təklif edirdi. “Yenə” deyə ağır-ağır pıçıldadı. Dərindən nəfəs alaraq yanında əyləşən rəfiqəsinə nəzər saldı. O dirsəklərini dizlərində birləşdirib qabağa əyilərək ehtiyatla danışmağa başladı:

-Fidan, bilirəm, qüruruna sığışdırmırsan, amma əgər gedib götürməsən, daha da betəri ola bilər: ya zibilliyə atılacaqlar, ya da yandırılacaqlar.

-Zərifə...Bilmirəm...Özümdən asılı deyil...Sanki getsəm, özümü alçaltmış olacam kimiyəm, ləkələnmiş kimi...Hələ anama əminliklə verdiyim söz...Haqlı idi...

Fidan divana söykənib gözlərini məchul nöqtəyə zillədi.

-Sən dayanmadan yaz, gözünün nurunu tök, gecələr yuxusuz qal, nəşri üçün pul tök, tanıtdırmaq üçün səy göstər...və sonda belə...Axı bu necə ola bilər?

Fidan başını yana çevirincə kandarda dayanmış anasını gördü. Əlindəki dəsmal və boşqab hərəkətsiz vəziyyət idilər. Ayağa qalxıb anasının qarşısına keçdi. Gözlər qarşılaşınca hərəkətsizlik “sındı”. Ana əlindən necə sürüşdüyünü bilmədiyi boşqbın çilik səsinə diksinərək dizlərini yerə atdı. Fidan tələsik anasının çiyinlərindən tutaraq onu qalxızdırdı. Anasının nəmli gözlərinə dözməyərək onu bərk-bərk qucaqladı.

-Bağışla məni, ana. Söz vermişdim ki, kitabım satılacaq, amma taleyin quşu başıma qonmadı, ana.

Anasının qayğılı qollarını belində, saçlarında, boynunda hiss etdikcə ona daha da bərk sarılırdı, göz həbsində saxladığı yaşları sərbəst buraxdı.

-Mən axı demişdim, demişdim ki, alınan iş deyil. Elə internetdə paylaşsan yaxşıdır, kimdir sənə görə pul töküb kitabını alan, demişdim ya yox? Axı tənha ana niyə yeganə balasına yalandan ümid versin? Bəyəm bilmirsən yaşadığın ölkəni? Az bilmirsən axı.

-Demişdin, ana, haqlı da çıxdın.

Ana qızını özündən bir az aralayıb əli ilə qızının üzünü tutdu. Yanaqlarını qurulayaraq boğazını arıtladı. Gözlərindən dərin bir kədərlə yanaşı peşmaçılıq da işıq saçırdı.

-Yox, mən haqlı çıxmadım. Sən yenə də yazacaqsan. Kitabı başqa mağazalara verəcəksən. Yaxşımı, söz verirsənmi?

Fidan eşitdiklərinə inana bilmədi. Anasının boynunu bərk-bərk qucaqlayaraq saçlarını öpdü.

-Çox sağ ol, ana, sənin kimi arxam, dəstəkçim varsa, yenə də sınamağa hazıram.

-Yaxşı, balam, indisə qoy boşqab qırıntılarını yığışdırım,-söylərək əyilmişdi ki, Fidan cəld onun əlini saxladı.

-Yox, ana, mən yığaram. Zərifə, gəl kömək elə mənə. Sən isə, ana, get dincəl bir az, daha doğrusu, uzan. Nahar sarıdan narahat olma, özümüz hazırlayarıq.

Qızının üzünü mehriban gülümsəmə ilə sığallayaraq onun istəyini yerinə yetirdi. Zərifə qadının yataq otağına keçdiyini və qapını örtdüyünü görən kimi dərhal divandan “qopub” Fidanın yanına gəldi. Fidan süpürgə gətirib boşqab qırıntılarını yığışdıraraq zibil qabına boşaltdı.

Qızlar mətbəxdə nahar hazırlayarkən kimin necə sözə başlayacağını bilməyərək hər dəfə bir-birlərinə müraciəti heç başlamamış sonlandırılırdı. Zərifə pomidoru doğramağa başlayarkən artıq səbri tükəndiyindən bıçağı tərəvəz taxtasına bərk çırpdı.

-Fidan, kitabları nə vaxt geri almağa gedəcəksən?

Fidan qazanın qapağını qaldıraraq cavabladı:

-Nahardan sonra.

-Əminsən?

-Hə, artıq onların “təcavüz”ünə dözümüm qalmadı. Olsun, amma vaxt gələcək ki, onlar özləri mənə yalvaracaqlar, dizin-dizin sürünəcəklər, milyonlar təklif edəcəklər. Vaxt gələcək!

-Amma yenə də ilk kitabındır, ona çəkdiyin əziyyətləri heç vaxt unuda bilməyəcəksən, həmişə onu digərləri ilə müqayisə edəcəksən. Yadımdadır, ilk dəfə köşə yazım yayımlanarkən necə həyəcan keçirmişdim, özümə yer tapa bilmirdim, hətta rəyləri oxuduğumda az qala ürəyim partlamışdı. Amma indi heç bir köşə yazımda o hissləri keçirdə bilmirəm. Sanki itiblər.

-Yox, əzizim, elə deməzlər: Yağlı əppək olub göyə çəkilib,-deyərək güldü.

Nahardan sonra maşına minərək ünvana doğru yola çıxdılar. Sükanın idarəçisi Zərifənin sakit halını izləyib şüşəni aşağı endirdi. Çənəsini qollarının üstünə qoyub göz yaşlarını rəfiqəsindən gizlətməyə çalışdı. Zərifə bunu sezsə də, heç nə bildirmədi.

Budur, anbar və onun ilk “körpə”si. Yumruğunu sıxaraq özünü ələ almağa çalışdı. Zərifə ilə birgə kitabları oradan çıxardaraq baqaja yerləşdirdilər. Gənc oğlanın onlara kömək etmək istəsə də, qızlar yardımçı əldən imtina etmişdilər. Odur ki, gənc oğlan kənardan məyusluqla bu mənzərəni izləməklə kifayətlənirdi.

Budur, 500 tıraj baqajda özünə yer edərək gözlər önünə sözlə izah edilməz görüntü sərgiləyirdi. Fidan bir “ilk körpəsi”nə, bir rəfiqəsinə, bir da “izləyici” gəncə nəzər salaraq başını inamla tərpətdi. Qürurlu təbəssümlə baqajı örtərək gözlərini səmaya zillədi.

“Vaxt gələcək...Gec ya tez, amma gələcək...”

-Gedək, Zərifə,-təbəssümlə söyləyərək ön sırada əyləşdi.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+23=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.025 saniye