Velosipeddən rinqə - MƏHƏMMƏD ƏLİ
Vüsal Məmmədzadə tərəfindən "Digər yazılar" bolməsinə 18:20 17 yanvar 2014 tarixində əlavə olunmuşdur

Dahi idmançı 72 yaşını qeyd edir

Bir dəfə kimsə 12 yaşlı Kassisus Kleyin velosipedini oğurlayır. Bu hadisəyə əsəbiləşən Kley polis idarəsinə gəlir. Velosipedinin tapılmasını tələb edən kiçik Kley, oğrunun yaxşıca əzişdirilməsini istəyir. Əvəzində polis işçisi, eyni zamanda boks müəllimi Coy Martin, "Bunları demək asandır, ancaq etmək lazımdır", - deyir.

Səhəri gün Kley artıq Martinin boks zalında məşqlərə başlayır. 6 il sonra isə o, Roma Olimpiadasında qalib olaraq ilk böyük uğurunu qazanır.

Bir il sonra dövrün məşhur əlcək ustası Lamar Klarkla üz-üzə gələn boksçu 2-ci raundda rəqibini nakaut edir. Bundan sonra şöhrəti bütün dünyaya yayılan gənc Kassius Kley ardıcıl möhtəşəm qələbələrlə adından söz etdirməyi bacarır.

1964-cü ildə isə dahi boksçu İslamı qəbul edir. O, bu qərarı Sonni Listonu məğlub etdikdən sonra verir. Bundan sonra o, Kassius Kley yox, Məhəmməd Əli kimi çağrılmağa başlanılır.

Müsəlman olduqdan və adını dəyişdirdikdən sonra da uğurlu çıxışlarını davam edən boksçu yenə də "rinqin kralı" hesab edilirdi. 1965-ci ildə Floyd Pettersonla döyüş isə Məhəmməd Əli üçün vacib döyüşlərdən birinə çevrilmişdi. Titulunu müdafiə etmək üçün keçiriləcək döyüşdən əvvəl mətbuatdakı çıxışlarında boksçunu Məhəmməd Əli adı ilə çağırmaqdan imtina edən və İslamı qəbul etdiyi üçün qınayan Petersonu əzişdirməyi səbrsizliklə gözləyən "rinqin kralı" arzusuna çatır və rəqibini məğlub edir.

"Biz Allah və onun peyğəmbəri (s.a.v.) tərəfindən bildirilməyən heç bir müharibədə iştirak etməməliyik. Biz xristian və Allahın varlığını inkar edənlərin əli altında vuruşmamalıyıq. Mənim Vyetnam Konqresi ilə heç bir problemim yoxdur. Onlar məni heç vaxt təhqiredici formada "qara zənci" çağırmayıblar. Bu ədalətsiz bir müharibədir", - deyən Məhəmməd Əli ABŞ ordusunda xidmət etməkdən imtina edir. Bu hadisə boksçunun kariyerasında müxtəlif əngəllərin törədilməsi ilə yadda qalır. Belə ki, ABŞ Boks Federasiyası Məhəmməd Əlinin bütün titullarını əlindən alır. O, 3 il müddətinə rinqdən kənarlaşdırılır.

1970-ci ildə Corcia ştatının senatorunun səyləri nəticəsində yenidən rinqə qayıdan idmançı sevimli məşğuliyyəti ilə məşğul olmağa davam edir.

1971-ci ildə isə Məhəmməd Əli ilə Co Freyzer arasında "Əsrin döyüşü" baş tutur. Ağır çəkili boksçuların çempion kəməri uğrunda üz-üzə gələn idmançılardan sevinən tərəf Co Freyzer olur. Əli isə ilk dəfə rinqi başıaşağı tərk edir. 3 il sonra isə Məhəmməd Əli revanş ala bilir və Co Freyzeri məğlub etməyi bacarır.

Elə həmin ilin oktyabr ayında Əli məğlubedilməz Corc Formanı məğlub edərək, ikiqat dünya çempionu tituluna sahib çıxır. Bu döyüş "Cəngəllikdə guppultu" adı ilə boks tarixinin qızıl səhifəsinə çevrilir.

1975-ci ilin martında Əlinin Çak Vepnerlə mübarizəsi və karyerası ərzində dördüncü dəfə nokdauna düşməsi Rokki filminin ssenarisinin "əsasını qoyur". Belə ki, görüşün 9-cu raundunadək müdafiə olunaraq zərbələr "yeyən" və 9-cu raundda nokdauna düşən Əli sonrakı üç raundda rəqibinə çoxlu zərbə endirərək qalib gəlir.

1975-ci ilin sentyabrında Məhəmməd Əli ilə Co Freyzer arasında üçüncü döyüş keçirilir. Görüş Filippinin Manila şəhərində 30 dərəcədən artıq isti havada baş tutur. Qarşılaşmanın 14-cü raundunda Freyzerin məşqçiləri oyunu dayandırırlar və Əli qələbə qazanır. Bu döyüş "Manilada Triller" adlandırılır. Döyüşdən sorna Əli Freyzeri özündən sonra ən yaxşı boksçu kimi təqdim edir.

1978-ci ildə Əli Leon Spinksə məğlub olur. Bu, onun üçüncü məğlubiyyəti idi. Ancaq Əli onu revanşa dəvət edərək, bu məğlubiyyətin əvəzini elə həmin ilin sentyabr ayında çıxır. 1981-ci ildə Trevor Berbikə məğlub olan Əli, boksu tərk etdiyini elan edir.

1999-cu ildə isə atasının etirazlarına baxmayaraq, Əlinin qızı Leyla Əli də boksçu karyerasına başlayır.

Sonda onu deyək ki, Əli nüfuzlu boks jurnalı "Rinq"in ən çox "İlin Boksçusu" elan edilən idmançısıdır.

Vüsal Məmmədzadə Simsar.az üçün

 


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+25=
Hesaba giriş
Müəllif

Vüsal Məmmədzadə
Haqqında
Bakalavr: Bakı Slavyan Universiteti - jurnalistika // Magistr: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Doktorantura: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Vaxtınız olsa, YouTube kanalıma da baş çəkin. Arabir maraqlı hesab etdiyim mövzulardan danışıram :)
Əlaqə
E-mail:
rossovusal@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0325 saniye