Azərbaycanın görkəmli ictimai-siyasi dövlət xadimlərindən biri, akademik Vəli Yusif oğlu Axundovu daha çox yaşlı nəsil yaxşı xatırlar.Bu dəyərli şəxsiyyət haqqında bəhs etmədən öncə,onu qısa tərcümeyi-halı ilə təqdim etmək yerinə düşər.
Vəli Yusif oğlu Axundov 1916-cı il mayın 14-də Bakı quberniyasının Saray kəndində fəhlə ailəsində dünyaya gözlərini açmışdı.O, ilk təhsilini Saray kənd məktəbində almış, 1929-cu ildə həmin məktəbi bitirərək Biləcəri stansiyasındakı fabrik-zavod məktəbində təhsilini davam etdirmişdir. 1931-ci ildə sənət məktəbini bitirib Bakı Sənaye texnikumuna daxil olmuşdur. 1935-ci ildə texnikumun kimya şöbəsini bitirib kimyaçı texnik peşəsinə yiyələnmişdir. Təhsilini davam etdirmək və ali təhsil almaq məqsədi ilə əvvəlcə Azərbaycan Sənaye İnstitutununhazırlıq kursunda oxumuş,1937-ci ildə isə, Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. İnstitutda oxumaqla yanaşı ATİ-nin ictimai elmlər kafedrasının laborantı, "Tibbi kadrlar uğrunda" qəzetin redaktoru və komsomol komitəsinin katibi vəzifəsində çalışmışdır.1941-ci ildə ATİ-ni müvəffəqiyyətlə bitirərək orduya çağırılmışdır. 1941-1945-ci illər Böyük Vətən Müharibəsində 20-ci atıcı diviziyanın tərkibində həkim-əsgərdən xüsusi tibbi-sanitar batalyonunun komandiri vəzifəsinədək yüksəlmiş,Rusiya,Belarus,Çexoslavakiya,Almaniya ərazisində gedən döyüşlərdə iştirak etmişdir.
1946-cı ildə ordudan tərxis olunmuş, ATİ-na qayıtmış, tibb tarixi kafedrasının assistenti qəbul edilmiş və Epidemiologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun elmi işçisi, direktoru olmuşdur. Az sonra Azərbaycan Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmiş və 1946-1949-cu illərdə bu vəzifədə çalışmışdır.1949-1952-ci illərdə Azərbaycan SSR səhiyyə nazirinin müavini, 1952-1953-cü illərdə isə Bakı Vilayəti səhiyyə şöbəsinin müdiri olmuşdur.1953-1954-cü illərdə Azərbaycan KP MK-da inzibati, ticarət-maliyyə və plan orqanları şöbəsi müdirinin müavini vəzifəsində işləmişdir.1954-1958 -ci illərdə isə Azərbaycan SSR səhiyyə naziri vəzifəsini tutmuşdur.1958-ci ilin fevralında Azərbaycan KP MK katiblərindən biri seçilmiş, həmin ilin iyulunda isə Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsinə təyin edilmişdir. 1959-cu ilin iyuluna qədər bu vəzifədə çalışmışdır.
1959-cu ilin iyulunda Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə təyin edilən Vəli Axundov ölkəni müttəfiq Respublikalar arasında önə çıxarmaq üçün bir çox zəruri və təxirə salınmaz işlər həyata keçirməyə nail olmuşdu. Onun dönəmindəAzərbaycan müharibədən sonra ən çox neft (21,5 mln.ton) istehsal etmiş, kənd təsərrüfatı məhsullarının istehsalı sürətlə artmağa başlamışdır.Həmin dövrlərdə Respublikanın ictimai-siyasi,sosial-iqtisadi,elmi-mədəni həyatında nəzərə çarpacaq dərəcədə dəyişikliklər baş verməkdə idi.Uzun illərdən bəri,Kreml tərəfindən təxirə salınan Bakı Metropoliteninin fəaliyyətə başlaması da,məhz Vəli Axundovun fədakar əməyi sahəsində gerçəkləşmiş,1967-ci il,6 noyabr tarixində Bakı metrosu qapılarını ilk sərnişinlərinin üzünə açmışdır.Mədəni sahədə baş verən müsbət yönümlü dəyişikliklərdən Azərbaycan incəsənəti də nəsibini almışdır.O zamanlar “Azərbaycanfilm”tərəfindən istehsal edilən filmlər,bu gün də,milyonlarla tamaşaçı könlündə taxt qurmaqdadır(Böyük dayaq,Əhməd haradadır,Ulduz və.s).Fəaliyyəti dövründə daima ictimaiyyətlə sıx təmasda olan,xalqın sosial təminatına xüsusi diqqətlə yanaşan,cəmiyyətin maariflənməsi üçün əldə olan imkanlardan səmərəli istifadə edən Vəli Axundovun xidmətləri xalq tərəfindən layiqincə qiymətləndirilirdi.Sadə bir fəhlə ailəsindən çıxmış,gənc yaşlarından həyatın ağır sınaqlarına sinə gərmiş Axundov,bir rəhbər olaraq fəhlə-kəndli sinifini,zəhmətkeş zümrəni çox gözəl anlayırdı.Məhz buna görə də,onun rəhbərlik etdiyi xalqla arasında heç bir maneə,heç bir əngəl,heç bir hasar yox idi.Vəli Axundov Vətənə,torpağa,millətə sevgini sözlə ifadə edənlərdən deyil,əməllərlə ortaya qoyan bir Vətənpərvər idi.
Respublikaya rəhbərlik etməklə yanaşı,o,öz elmi yaradıcılığını da uğurla davam etdiridi. 1956-cı ildə namizədlik dissertasiyasını müdafiə etmiş Vəli Axundova SSRİ Ali Attestasiya Komissiyası tərəfindən tibb elmləri namizədi, 1964-cü ildə isə tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.Respublikaya 10-illik rəhbərlik dövründən sonra da,o,ictimai-siyasi,elmi sahədə fəaliyyətini davam etdirmişdi.1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. 1969-1972-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olmuş və akademiyanın səhiyyə sahəsinə rəhbərlik etmişdir.1972-1986-cı illərdə Q.M.Musabəyov adına Virusrologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru olmuşdur.İctimai və siyasi fəaliyyət göstərdiyi dövrdə dəfələrlə AKP, Sov. İKP MK, Azərbaycan AKP MK bürosunun üzvü, Azərbaycan, SSRİ Ali sovetlərinin, Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin üzvü olmuşdur.Vəli Axundov 1986-cı il avqustun 22-də Bakı şəhərində vəfat etmiş və Fəxri Xiyabanda dəfn edilmişdir.Üzümüzə gələn il,bu görkəmli şəxsiyyətin 100 yaşı tamam olur.Bir əsrlik dönəmin 70-ilini yaşayan,ömrünün böyük bir hissəsini Vətəninin tərəqqisi üçün fəda edən-bu Vətənpərvərə Allahın min rəhməti olsun!