Vida
Təzə açılıbdı kolda görmüşəm,
Nazik əllərimlə özüm dərmişəm.
Gülüm, sənin üçün gül gətirmişəm,
Götürsən də sağ ol, götürməsən də.
Vallah dəlilikdi sevgi sadəcə,
Dərdindən özgə dərd almıram vecə.
Məni xəyalına bir an, hər gecə
Gətirsən də sağ ol, gətirməsən də!
Gedirəm bu axşam vaxtı aşmağa,
Cənnət hurisinə şeir qoşmağa.
Özünü mənimlə vidalaşmağa,
Yetirsən də sağ ol, yetirməsən də!
Əziyyət verməsin mənə qəm daha,
Xəyanət etmirdim, edirəm daha.
Di, yaxşı, əlvida, gedirəm daha,
Ötürsən də sağ ol, ötürməsən də.
Sevgidir qəlbində halal sərvətin,
Gözəl, ucuz bilmə onun qiymətin.
Sən Yusif Nazimin saf məhəbbətin,
İtirsən də sağ ol, itirməsən də.
Yusif Nazim Ərəbsoy