Xammaz
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 17:01 14 noyabr 2015 tarixində əlavə olunmuşdur

Bir zamanlar oxuduğu məktəbdə nümunəvi şagird idi. Şəkilləri şərəf lövhəsindən,divar qəzetlərindən heç əksik olmazdı.Şəhər,zona olimpiadalarının qalibi kimi adından söz etdirməyi bacarmışdı.Fitri istedadı,yüksək zəkası və əzmkarlığı,onu digərlərindən bir addım önə çıxarırdı. Müəllimlərinin qürur mənbəyi,validyinlərinin ümid çırağı olmuşdu.Hər kəs tərəddüd belə etmədən,bu uşağı parlaq bir gələcək gözlədiyindən əmin idi.İllər bir-birini əvəz etdikcə arzular da,sürətlə böyüməyə başladı.Xammaz üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəldi. Məktəbin son sinifini uğurla başa vuraraq,haqqı olan qızıl medalı da,inamla əldə etdi.Rüşvətxorluğun geniş vüsət aldığı bir zamanda,Xammaz əzmkar mücadiləsi ilə Universitet qapılarını aça bildi.Onun iti zəkası,yüksək təffəkkürü qarşısında bürokrat sistemin rüşvətxor zümrəsi çox duruş gətirə bilmirdi. Haqq üçün,öz haqqı naminə, haqqı olan haqq sahiblərinin qələbəsi uğrunda Xammaz hər zaman ön sırada dayanırdı. Rüşvətxorların məkrli niyyətləri, satqınların tülküvari hiyləgər həmlələri, şərəfsizlərin fitnə - fəsad dolu əməlləri zərrə qədər də, Xammazı qorxutmurdu.Universitet illəri məktəb zamanlarında olduğu kimi,o qədər də,hamar və rəvan olmadı.Məşəqqət dolu mübarizələrin sonunda,nəhayət ki, diplomuna qovuşdu.Xammaz,acılı-şirinli Universitet illərini arxada qoydu. O,artıq qırmızı diplomlu Universitet məzunu olmuşdu...

Qıvırcıq saçları çiyinlərinə tökülmüş,saqqalı boğazını örtmüş,nimdaş qiyafəli həyata küskün adamı şəhər sakinlər üzdən yaxşı tanıyırdılar.Park və xiyabanlardakı oturacaqlar onun yatağı,dükan-bazar,çayxana məkanlarının ətrafı gəzinti yeri idi.İnsanların çoxu onu zahirən tanısalar da,bu şəxsin bir zamanlar şəhərlərinin qüruru olan,zəkası ilə çox könüllərdə taxt quran Xammaz olduğunun fərqində belə deyildilər.Bəli,bu şəxs,bir zamanlar özündən sonra gələn gənclik üçün bir örnək,müəllimlərinin qüruru,sadə insanların dayağı olan Xammaz idi.Nə baş vermişdi? Xammaz kimi bir şəxsiyyəti bu kökə,bu vəziyyətə nə və ya kim salmışdı?Universiteti bitirdiyi zamanın üzərindən 5 il keçmişdi.Nə baş vermişdisə,yəqin ki,bu 5 ildə baş vermişdi. Dərdlərini mənimlə paylaşsın deyə,onu çox dilə tutsam da,heç nə alınmadı.Sonuncu görüşümüzdə,köhnə pencəyinin döş cibindən kiçik dəftərçə çıxarıb mənə uzatdı.Sonra əlindəki qazlı içkini başına çəkib içə-içə bazar yoluna doğru yan aldı.Dəftərçəsində qeyd etdiyi yazılı qısa fikirlər və son səhifəsinə yapışdırılmış ailə fotosu vardı.

“Bu fani,bu vəfasız dünyanın haqsızlıqlarına qarşı illərlə mübarizə aparsam da,ədalətsizliklərə qarşı sinəmi sipər etsəm də,son olaraq yenilən yenə mən oldum.Dünya dediyimiz məkan çox cazibədar olsa da,içindəki bəd varlıqlar öz əməlləri ilə,bu cazibənin üzərindən xətt çəkir. Başıma gələnlər və yaşadıqlarım tam bir vəhşət oldu. Amansız həyata yenildim.Fəqət,bu dünyada acılara uduzan ilk və son mən deyiləm.”

Bu,Xammazın balaca dəftərçəsində yazdığı son fikirləri idi.Vərəqlərində göz yaşlarının ləkələri qalmışdı.Sonralar öyrəndim ki,üç il əvvəl,Xammazın ailə üzvləri yaşadıqları mənzildə baş vermiş yanğın nəticəsində böyük acı yaşayıblar.Anası və kiçik bacısı alovların içərisindən sağ çıxarılsalar da,iki gün sonra xəstəxanada haqqın rəhmətinə qovuşublar.Atası və böyük bacısının yanmış cəsədlərini isə yanğın söndürüldükdən sonra çıxarmaq mümküm olub.Həmin gün,Xammaz işlə bağlı ezamiyyətdə olub.Xəbəri alar-almaz geri dönən Xammaz qarşılaşdığı mənzərədən sonra toparlana bilməyib.Yaşadığı acılardan sonra,o,bir daha doğulduğu evə qayıtmayıb.Həyata küskünlüyü sonunda onu,bu hala salıb.Xammazın həyat hekayəsində baş vermiş acıları sözlə ifadə etmək çox ağırdır.Ağır olan daha bir acı var ki,o da,böyük bir zəka sahibinin cəmiyyətin gözləri qarşısında günbəgün əriyib getməsidir.

Əlində qazlı su,kədərli gözləri ilə tez-tez gah sağa,gah sola boylanan,hərdən özü ilə söhbət edən bəxtsiz bir cavan dolaşmaqdadır.Bu,həyatın amansızlığına vaxtından əvvəl təslim olmuş,acıların ağırlığından beli bükülmüş Xammazdır...


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
4+28=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0295 saniye