(Pamflet)
Xançobanı dərd səmt küləyi kimi uçurub aparırdı. Qayğılar musson yağmuru kimi açıq qalmış başından aşağı tökürdü. Zülmün,zillətin,əzabın məngənəsində qalmışdı. Artıq dünyaya qarşı hissləri buddistlərin atəşində yanıb kül olmuşdu. Zərrə qədər ölümdən çəkinmirdi,hətta,canını vermək üçün səbrsizliklə cənab Əzrayılın yolunu gözləyirdi. Fəqət, Haqqa qovuşmadan öncə o,qərara gəldi ki, Xana son bir məktub yazsın...
“Ey hörmətli Xan! Uzun illərdən bəri,köksümdə kök salan acılarım bir-iki səhifə kağız parçasına sığmaz. Bu üzdən dərdlərimi müxtəsər şəkildə ifadə edirəm. Təssüflər olsun ki, zat-aliniz tərəfindən mahallara təyin etdiyniz valilər başın yekəliyini yekəbaşlılıqla səhv salıb. Allahın bəxş etdiyi bir qul ömrünün,digər bir zalım qul tərəfindən istismar olunması hansı dinə,hansı məzhəbə sığar,ey Xan həzrətləri? Məgər bir insan həyatı qaraltmaq bu qədərmi adiləşib? Çöl qabanı kimi başı gövdəyə oturmuş, ruhu kif, cismi xora bağlayan məmurun məzluma etdiklərindən bu qədər xəbərsiz olmağınız, inanın ki,heç inandırıcı görünmür.
Ey haqqdan dəm vurub, ey ədalətdən danışan- Xan! Haqq-hüquq dildə deyil,əməldə təcəlla etsin gərək. Xan həzrətləri,mən indi daha gözəl anlayıram mövlamız, ustadımız Həzrət Əlinin nədən bu,zalım dünya ilə əqd bağlamamasını. O,bu dünyanın ədalətsizliyi ilə,dayanmadan,yorulmadan mücadilə etdi,ədalətin təcəllası üçün var gücünü ortaya qoydu. Təssüflər olsun ki, hər beş nəfər şərəflinin qismətinə yüz beş şərəfsiz düşdüyü zaman, bu,amansız mücadilədə ədalət aşiqləri belə çarəsiz qalır. Nə yazıq ki,biz məzlumların da qismətinə belə yazıldı. Bilirəm ki,sizə yazdığım bu, fəryad dolu naməm sizi köklü dəyişməyəcək. Yenə də, qəlbimdə olan xırda bir ümid qığılcımı var. Qismən olsa da,gümanım var ki,bu namə azacıq səni-sənə xatırladacaq.
Ey Xan! Arada gözlərinizi göylərdən çəkib bir az da,qara torpağa nəzər yetirin. Baxın,diqqətlə baxın,karvanımızın son dayanacaq yeridir. Bir halda ki, günəşdən boylansaq hər birimizin həyatı ortalama 8-10 saniyə qədərdir,o zaman, bunu layiqincə dəyərləndirmək olmazmı?
Ey Xan! Kimsəsizin bir danasına göz dikən koxadan sənə yar olmaz! Yetimin beş arşın bezinə göz qoyan kəndxudadan sənə fayda gəlməz! Gücünü düşmənə deyil, əli yalın camaatına qaldıran minbaşıdan sənə sərkərdə olmaz! Yan-yörəndəki bir-iki cızma-qara edib adına şair deyən məddahlardan nə sənə,nə bizə bir xeyir gəlməz! Onlar üçün mənəviyyat gödənləri,əxlaq isə,haram yolla yığdıqları sərvətdir.
Ey Xan! Sən gəl, məzlum Xançobanın sözlərini qulaq ardına vurma,gördüklərini görməzdən gəlmə. Hidayət yolu, hər iki dünyamızda Allaha sığınmaqda,ona tapınmaqdadır...