Xəyalların ardınca
Aykan Hüseynli tərəfindən "Hekayə" bolməsinə 22:14 11 may 2014 tarixində əlavə olunmuşdur

Uzun zamandan bəri gözlədiyi məzuniyyətini nəhayət götürə bilmişdi. Beş ildir Azərbaycanın ən yaxşı beyin cərahı kimi fasiləsiz işləmişdi. Məzuniyyət götürməyə fürsət tapa bilmirdi. İndi isə on beş gün işə getməyəcəkdi. Uşaqlarının da təkidilə ailə bu günlərdə Pərinin doğulub böyüdüyü kəndə - Göytəpəyə getməyə qərar verdi. Pəri tam on iki il idi ki, kənddən çıxmışdı.

Hazırlaşıb  yola düşdülər. Maşınla getməyi uşaqlar istəmişdilər. Yol boyu ətrafa baxacaq, istədikləri yerdə dayanıb şəkil çəkdirəcəkdilər. Doqquz saatlıq məsafəni qət etdikdən sonra kəndə çatdılar. Pəri bir an içində ağırlıq hiss etdi. Kənd çox dəyişilmişdi, əvvəlkindən əsər-əlamət qalmamışdı. Köhnə taxta evlərin yerində müasir evlər tikilmiş, məktəb binası yenilənmiş, Badamlı çayının üzərindəki taxta parçasının yerini əzəmətli körpü tutmuşdu. Maşını kəndin mərkəzində saxlayıb Pərigilin evlərinə yeriyərək getməyi qərara aldılar. Yaz fəsli olduğundan, kənd bir başqa gözəldi. Uşaqlar heyranlıqla ətrafa baxır, hər yerin şəklini çəkirdilər. Kənd balaca olduğundan qısa müddətdə Pərigilə çatdılar. Həyətin yaşıl taxta qapısı üstünə yağış, qar döydüyündən rəngini tamam itirmişdi. Içəri  xarabalığı xatırladırdı. Yerə döşənmiş daşlar uçub dağılmış, aralarından otlar çıxmışdı. Divarların küncündən böyük torlar sallanırdı. Elə bil, külək kəndin bütün zir-zibilini yığıb bura tökmüşdü. Şüşəbəndin pəncərələri o qədər çirklənmişdi ki, içərini görmək mümkün deyildi. Pəri qıfılın tozunu silib qapını açdı.  Qapı cırıldadı. Ev uzun müddət havasız qaldığından otaqlardan nəmişlik qarışıq pis iy gəlirdi. Pəri köhnə servantın üzərindəki balıqqulağı oyuncağını əlinə aldı. Bu oyuncaq onu iyirmi il əvvələ apardı. Həyatı, atası, uşaqlığı bir film kimi onun gözləri qarşısında canlandı. Atasının ona müraciətlə dediyi “Səhra çiçəyi” qulaqlarında cingildədi. Anasının sacda bişirdiyi lavaşın iyi burnuna gəldi. Pəri dərslərini oxuyub qurtaran kimi həyətə atasının yanına qaçar, atası da onu dizlərinin üstündə oturdub qızının gələcəyini xəyalında canlandırdığı formada danışardı. Pəri də ona nağıl danışılırmış kimi başını Əlinin qucağına qoyar, maraqla danışdığı nağıla qulaq asardı. Əli imkansızlıq ucbatından təhsil ala bilmədiyi üçün var gücü ilə çalışırdı ki, qızı oxusun, sənəd sahibi osun, heç bir əziyyət çəkməsin. O elə həvəslə, inamla danışırdı ki, Pəri gözlərini yumub-açıb böyüdüyünü, həkim olduğunu görmək istəyirdi.

Kəndlərinə gələn seldən sonra atasının ölümü Pərini çox sarsıtmışdı. Həyata küsmüş, uzun müddət heç kimlə bircə kəlmə kəsməmişdi. Anası ilə Bakıya köçən Pəri il yarımdan sonra qəbul imtahanı verəcəkdi. Amma imkanları olmadığından hazırlıqlara gedə bilməmiş, özü həm oxuyub, həm işləmək məcburiyyətində qalmışdı. Çünki anası xəstə idi və ancaq yüngül işlər görə bilirdi. Qazandığı maaşla da evin kirayəsini güclə çatdırırdı. O illər Pərinin həyatında ən ağır illər idi. Yazıq işləyə-işləyə oxumaqdan birtəhər olmuşdu. Hazırlığa da getmədiyi üçün heç kəs inanmırdı ki, o, universitetə qəbul olacaq. Deyirdilər ki, “Camaat çoxlu pul tökür, uşaqlarını hazırlığa qoyur ki, getsin həkim olsun, amma onlardan uzağı bir-ikisi həkim ola bilir. Həkim olmaq asan deyil ki”.

Imtahandan sonra Pərinin topladığı bal anasından başqa hamını məəttəl qoymuşdu. Təəsüf ki, anası da atası kimi qızının məşhur bir cərrah olduğunu görə bilməmiş, Pəri universiteti qurtaran il vəfat etmişdi.

Pəri bu xəyallarla evlərini gəzir, əşyaları gözdən keçirirdi. Şüşəbənddə köhnə rəfin içindəki qutu diqqətini çəkdi. Bu qutuya Pəri oyuncaqlarını yığardı. Içərisindən kəsik-kəsik olmuş bir kuklanı əlinə aldı və göz yaşlarını tuta bilmədi. Bu kukla onun uşaqlıqda əməliyyat etdiyi “xəstələrindən” biri idi...  


... dəfə oxunub
Qiymət: 10/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
1+18=
Hesaba giriş
Müəllif

Aykan Hüseynli
Haqqında
Bakı Slavyan Universitetinin ingilis dili müəlliməliyi ixtisasını bitirmişəm. Yazı yazmağa həvəsim çoxdu. Amma biraz tənbəl olmağım bu işi reallaşdırmağıma mane olur. Əsasən hansısa əsəri tərcümə etməyi, qeyri-adi yerlər haqqında yazı yazmağı xoşlayıram..
Əlaqə
E-mail:
aykabsu@yahoo.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0301 saniye