Xəzan
ŞvartsMan tərəfindən "Hekayə" bolməsinə 12:41 12 sentyabr 2016 tarixində əlavə olunmuşdur

Biz malik olmaqla öldürə bilərik, uzaqlaşmaqla malik ola bilərik.
(Rabindranat Taqor)

Baharda xəzan olmur. Amma mənim nağılımda olur. Yenə sevgilimlə otaqda təkik, romantik musiqi dinləyirik. Mən deyirəm, o yazır. Qələm mənim sadiq sevgilimdir. Kağız kimi qələm də məndən bezdilər, iyrəndilər, amma mən onları necə sevirəm! Mən artıq o mən deyiləm. Yeni insan kimi doğuluram, dəyişirəm, ağlayıram-gülürəm və ölürəm. Həyat belədir: doğulursan, yaşayırsan və ölürəm. Əgər daim yemək, içmək, yatmaq, heç bir iş görməmək, ancaq və ancaq özünü düşünmək yaşamaq sayılırsa, onda mən çoxdan ölmüşəm.
Həyatımı pəncərədən baxa-baxa yada salmaq istəyirəm. Axşamdır və yağış yağır. Külək yağışa qarışıb. Üzümü pəncərnin şüşəsinə sıxmışam. Vıyıldayan külək məni söyür, pəncərəni döyəcləyən yağış isə mənim üzümə tüpürür elə bil. Sanki hər şeydə mən günahkaram. Səni aldatmağımda, sənin sevginə xəyanət etməyimdə də mən günahkaram. İstə-yirəm, məni hələ də sevən gözlərinə baxam. Sən mənim pis vərdişimsən. Siqaret çəkə-çəkə səni unutmaq istədim bir müddət. Amma səni siqaretin dumanında gördüm. Dirildim, öldüm. Bir az ehtiras, bir az məhəbbət istədim. Valideynlərim səni istəmədi, mən də çarəsizlikdən başqasını istəmək məcburiyyətində qaldım. Bir az depressiya, bir az təklik və kədər. Sonra hər şeyi unutmağa çalışdım. Çətin olsa da. Başqasını sevmədən evləndim. Yatağımda başqa qadın. Səni unutmalıyam? Axı mən səni necə unudum? Sən mənim müalicəsi mümkün, sağalması mümkünsüz sevgi xərçəngimsən. Unut desən, unudaram – yalnız bir gülləyə. Sənin sevgin, daha doğrusu, mənim sənə olan sevgim bir gün məni öldürəcək. Mən səninlə olmalıyam, ya da sənsiz ölməliyəm. Özümə sual verirəm: niyə iradəli olmadım, hamıya qarşı çıxa bilmədim? Niyə gücüm var, iradəm yoxdu? Axı mən neyləyim? Çarəsizəm. Bezmişəm. Ətrafımdan, yaşadığım mühitdən, həyatdan bezmişəm.Yorulmuşam. Elə hey yatmaq istəyirəm. Başqa qadın, başqa ətir, başqa dad. Qanuni arvadımla yataqda qeyri-qanuni arvadımı – yəni səni düşündüm. Düşündüm ki, bu sənsən. Heç olmasa bir gecəni xoşbəxt keçirib əbədi ayrıla bilərik. Axı bu bizim haqqımızdır! Bu qədər əzab-əziyyətdən sonra bizə mükafat düşür. Bugün məni dünyanın xoşbəxt kişisi elə. Mənim sənin kimi buna ehtiyacım var.
Gecədir, səssizdir, yalnız küləkli yağış bizim sevgimizə şahiddir. Birlikdə tərləyək, nəfəs nəfəsə verək, öpüşlər uzun çəksin. Sənin incə bədənin və nazik, xəfif dərin. Dodaqlarımı sənin bədənində gəzdirmək, sənin hərarətini və titrəyişini duymaq. Rəssam olub qırmızı otağın şəklini çəkmək... Sənin ehtiraslı səsin, ahın və ehtirasın gücündən enli kürəyimə batırıb cızdığın boyalı uzun dırnaqların. Bir an çəkən sonsuzluq. Kədərsiz və əzabsız dünya. Bir az vəhşilik, həzz xatirinə həzz. Qışqıran külək, özünü pəncərənin şüşəsinə çırpan yağış. Bir-birinə sürtülmüş bədənlərdən və sevgidən yalnız xatirələr qalacaq. Xatırlanacaq, unudulacaq və yenə xatırlanacaq. Mən yataqda iblis oldum, sən mələk. Əgər hər şeyi geri qaytarmaq olsaydı, bunu edərdik sevərək.
Heyif ki, sən artıq yanımda deyilsən. Oyandım, səni görmədim. Qışqırmaq, ulamaq istədim. Çılpaq bədənimlə otağın küncünə qısılıb hönkürtüylə ağlamaq istədim. Güzgüdə özümə baxıb iyrəndim. İstəmədiyimi etməyə məcbur oldum. Həyatım cəhənnəmə çevrildi, səhvlərim günah oldu. Sənə ümid verməməliydim, aldatmamalıydım. Sən xəyanətə layiq deyildin. Vicdan əzabım da mənə kömək eləmir. Düşündüm ki, fahişələr mənə səni unutduracaq. Hər gün əzab çəkdim, hər gün öldüm. Hər gün həzz aldım, hər gün solmuş quru yarpaq kimi töküldüm, həyat məni əzdi. Onlar mənə həzz verdilər, mən həzz aldım. Sonra bezdim, qusdum. Nə baş verirdisə dözdüm, susdum. Həyat melanxoliya iynəsini bədənimə, ruhuma yeritdi. Sifət turşudu. Mən yatdım. Və xəyalən, huşsuzluq vəziyyətində bir anlıq düşündüm ki, bu xəzan heç vaxt bitməyəcək.
Oyananda axşam idi. Külək və yağış davam edirdi. Çılpaq halda pəncərədən Qara şəhərin yanan qızılı işıqlarına baxırdım. Həyat necə də iyrənc və mənasızdır! Sən məndən çox-çox uzaqlardasan. Sənə əlim çatmır. Sən başqa kişinin qollarında, mən isə başqa qadının yatağında. Bəlkə də sən məni unutmusan. Amma bil ki, o, mütləq sənə xəyanət edəcək. O səni mənim səni sevdiyim kimi sevə bilməz. Düzdür, həyatım həyat deyil. Elə bil zibil qutusudur. Bütün əməllərimi – savablarımı, günahlarımı onun içinə atmışam. Həyatım bilyard oyunudur, səhvlərimsə kiksdir. Qoy bütün fukslar sənin olsun, kikslər mənim. Arzum budur. Mən onsuz da səni sevərək və düşünərək yaşayıram. Qoy bu sözlərimi külək və yağış sənə çatdırıb pıçıldasın. Görürsən, əzab içində gülürəm. Mənimçün yaşamaq mənasızdır. Onsuz da qəlbim ölmüş sevgilərin qəbirstanlığına çevrilib. Bu sözləri səninçün yazdım ki, oxuyub-oxuyub ağlayasan. Bəlkə də buna ehtiyac olmadı. Tale, kim bilir, bəlkə yenidən bizi üzə-üzə gətirdi. Bir də gördün, biz yenidən birlikdə olduq. Onda sən ərinə xəyanət edərsən, mən də arvadıma. Bahalı bir ev alarıq, tavanı aynabəndli. Hər gecə yataqda uzanarıq, aynabəndli tavandan parlaq və gözəl ulduzlara baxarıq. Amniziya baş verər. Və biz ulduzlara baxa-baxa yalnız və yalnız gözəl şeylərdən danışarıq.

24 mart 2012


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+4=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0246 saniye