Tək olduğum, sevgilimin olmadığı illər yadıma gəlir. Açığını darıxıram o illər üçün. Durmadan yazıb yaradır, şəkillər filan çəkir, mahnılar bəstələyirdim. İçimdə bir sirr, başqa cür bir sevgi var idi. O sevgi tək bir insanla çərçivələnməmişdi; daha geniş, daha sərin, riskli, maraqlı idi. İndi də naşükürlük etməmə bəlkə də gərək yoxdur. Bəlkə də yarım saat sonra bu cür düşünməyəcəm.
Amma təklikdən gileylənən insanları görəndə gülməyim gəlir. Bir insan sevgili tapmamışdan öncə də təklikdən gileylənirsə, onun münasibəti də tez bir zamanda kiflənəcək. Yenə tək qalacaq. Çünki həyatımıza girən şəxslər sadəcə bir vasitədir, üzdən bir şeydir. Tənhalıq, təklik ən içdə olur. O kökdür, özəkdir. Əvvəl təkliyinlə barışmalı, onu sevməlisən.
Mən uşaqkən demək olar ki, öz-özümlə oynamışam. O qədər çox, böyük olmuşam ki, özüm belə öz içimdə azır, özümü özümə çatdıra bilmirdim. Sırf o üzdən o illər yazdığım bütün şeirlərimdə heç təklikdən bəhs etmirdim. Nə darıxmaq, nə da başqa bir şey. Hər şeirim sanki başqa-başqa qadınlara həsr edilirdi. Oxuyan elə bilərdi ki, türklər demiş; sanki sırıl-sıklam aşık birisi tarafından yazılmış satırlar… Sevgilərimin çoxu bir tərəfli olub. O qızlar heç vaxt bilmədilər onları sevdiyimi. Çünki elə rahat idim. Xoş, xəfif, azad.
Belə…