Xoşbəxt adamın köynəyi
Azər Əliyev tərəfindən "Hekayə" bolməsinə 23:29 29 iyun 2014 tarixində əlavə olunmuşdur

Uzaq ölkələrin birində yaşayan bir padşah var imiş Bu padşah gecə-gündüz dövlət işlərini fikirləşdiyindən rahatlıq, dincəlmək nədir bilməzmiş. Nə gündüz istirahəti varmış, nə də gecə... Axşam olub yatağına girəndə də, gah o yana dönər, gah bu yana dönər, səhəri diri gözlə açarmış. Belə yaşamaq onu bir gün cana doydurur. Vəzir-vəkilini başına yığıb ürəyinin sıxıntısını onlara danışır. Sonra da soruşur ki, bəs indi necə eləsin?!

Vəzirlərin içərisində ən yaşı və təcrübəli olan biri vardı. Elə o divandan dikəlib saqqlını tumarladı və üzünü padşaha çevirdi:

-  Qibleyi-aləm sağ olsun! Hər dərdin bir dərmanı var. Padşahımız gecələr səhərəcən rahat yuxuya getsin dyə biz də bir şey fikirləşəcəyik. Mən bunun indilik bir çarəsini bilirəm. Əgər xoşbəxt bir adam tapıb, onun əynindəki köynəyi padşahımıza geyindirsək, onda siz artıq rahatlıq içində şirin-şirin yata bilərsiniz, - dedi.

Padşah vəzirin dediyi sözlərə haqq verir. Adamlarını çağırtdırıb onlara tapşırır ki, ölkədə yaşayan ən bəxtiyar adamı tapsınlar, köynəyini də alıb gətirsinlər. 

Adamlar yola düşürlər, dağlardan aşır, təpələrdən keçirlər. Varlı bir şəhərə gəlib çıxırlar. Qapı-qapı gəzib dolaşırlar, bu şəhərdə bir xoşbəxt adam axtarırlar. Ancaq kimi tapırlarsa, sonradan bəlli olur ki, hamısnın dərdi-azarı, hərəsinin bir sıxıntısı var. Rastlarına çıxan bu adamların heç birinə ona görə də “xoşbəxtdir” demək olmazdı.

Padşahın adamları fikirləşir ki, yox, deyəsən, bu boyda şəhərdə bir dənə də olsa bəxtəvər adam tapa bilməyəcəyik. Bəlkə, kənd yerlərinə gedək?! Orada hər halda xoşbəxt insanlar şəhərdəkilərdən daha çox olar.

Bunun deyib yola rəvan olurlar. Qarlı dağlar aşaraq gəlib yaşıllıqlar içində itən kəndlərdən birinə çatırlar. Kəndi qapı-qapı, ev-ev gəzib dolaşırlar. Oradan da başqa kəndlərə gedirlər. Yoxsul, varlı - kimə rast gəlsələr, hamısından soruşurlar ki, ən xoşbəxt adam kimdir, haradadır, onu axtarırlar. Ancaq kimə rast olurlarsa, hamısının da bir qayğısı, özünə görə də bir dərdi varmış. Vəzirlər də bundan yaman dilxor olurlar.

Başlarını sallayıb padşahın yanına qayıtmaq qərarına gəlirlər. Bir çayın qırağından keçərkən göy çəmənlikdə otardığı sürüsünün yanındaca yerə uzanmış bir çobanla qarşılaşırlar. Çobanın arvadı da elə bu vaxt qucağında körpəsi, əlində də yeyəcək dolu torba ilə gəlib çıxır. Çoban yeməyi böyük iştahla yeyir, sonra isə şirin-şirin arvadı ilə danışır, sevimli balası ilə oynamağa başlayır.

Padşahın adamları heyrət içində qalırlar. Çobana yaxınlaşıb ondan bir dərdi, sıxıntısı olub-olmadığını soruşurlar. Çoban gülümsəyərək:

-  Mənim əzizlərim... Dünya malından heç nəyim yoxdur. Amma yenə də mən xoşbəxtəm, - deyir.

Vəzir-vəkil çobanın bu sözlərindən çox sevinirlər. Sonra da padşahın əmrini ona çatdırıb deyirlər ki, əgər geydiyi köynəyi versə, ona bir kisə dolusu qızıl verəcəklər. Çoban dərdli-dərdli:

-  Əzizlərim, sizin arzunuza elə dyən kimi əməl eləməyə hazır olardım. Mən bir insanın ola biləcəyi qədər xoşbəxtəm. Ancaq inanın ki, sizə verməyə köynəyim yoxdur... Mən köynək geyinmirəm.

Padşahın adamları bu işə kor-peşman olurlar. Köynəyi tapmaqdan ümidlərini üzdüklərinə görə padşahın yanına qayıdırlar. Xoşbəxt adamın köynəyini necə uzun-uzadı axtardıqlarını ona danışırlar. Danışırlar ki, köynəkli adamlar tapdılar, ancaq o adamlar xoşbəxt deyildilər. Axırda bir xoşbəxt adama rast gəldilər, ancaq o adamın da köynəyi yox idi...

Padşah taleyin hökmünə boyun əyir. Uzun gecələr boyunca səhərə qədər yatağında o yan-bu yana çevrilir, yerinə qor dolubmuş kimi hava işıqlananacan gözlərinə yuxu getmir...


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+12=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0233 saniye