Xoşbəxt
Vüsal Məmmədzadə tərəfindən "Hekayə" bolməsinə 21:42 09 may 2014 tarixində əlavə olunmuşdur

“Deyirlər, həyatda qarşına məqsəd qoyub yaşamalısan. Amma bəzən yalnız ömrünün sonuna çatanda onun məqsəd olduğunu anlayırsan…”

40 il ərzində ilk dəfə idi ki, ilin bu günüdə yağış yağırdı. Bəli, bu gün düz 40 il tamam olurdu. Həmin gündən 40 il ötürdü…

Universiteti təzəcə bitirmişdim və bir mətbəədə işə başlamışdım. Günlərim yaxşı keçirdi. Aldığım maaş da qane edirdi. Əsas xoş olan isə Onun varlığı idi. Mən işə başlayanda artıq O, bir ay idi ki, işləyirdi. İlk vaxtlarda işi də mənə O öyrətdi. Tez mehribanlaşdıq. İşdən sonra avtobus dayanacağına qədər də bir yerdə gedirdik. Bəzən bazar günləri gəzməyə çıxır, kafedə oturub çay içə-içə hansısa dünyəvi məsələləri müzakirə edirdik: NASA-nın marsa adam göndərməyə hazırlaşmasından tutmuş, axşam oynanılacaq futbol oyununa qədər hər şey haqqında danışırdıq. Təbii, bu mövzuların bir qismi mənə maraqlı gəlirdisə, digər bir qismi yalnız Ona maraqlı idi. Ancaq həmişə bir-birimizə yorulmadan qulaq asardıq.

Beləcə iki il davam etdi… Onun getməyini gözləmirdim. Bu haqda heç bir söhbətimiz olmamışdı. Yalnız həmin gün, düz 40 il bundan əvvəl işdə nahar fasiləsində gedəcəyini dedi. Hara gedəcəyini, nə üçün gedəcəyini bilmədim. Çox yalvardım, mənə nəsə desin. Demədi…

Nahardan sonra mənimlə sağollaşdı. Mətbəənin qapısının ağzında… Güclü yağış yağırdı. Bu günkü kimi. Ona dayanacağa qədər ötürməyi təklif etdim. Razı olmadı. Dedi, məni burada tapacaq. Elə bu mətbəədə. Ona söz verdim ki, gözləyəcəyəm…

Bir neçə gün nələrin baş verdiyini anlamadım. Gözlərimi ikinci mərtəbədə yerləşən iş otağımın pəncərəsindən çəkə bilmirdim. Otaqdan mətbəənin girişi aydın görünürdü. O da gəlsə, bu qapıdan içəri keçməli idi. Düşünürdüm, birdən gələr, xəbərim olmaz. Ona görə, işləməkdən çox pəncərədən qapıya baxırdım.

Bir gün söhbət yayıldı ki, mətbəə fəaliyyətini dayandırır. Deyirdilər, guya bina başqa birinə veriləcək. Çox qorxmuşdum. Bina satılsa, yeni sahibi buradakı mətbəənin fəaliyyətini dayandıracaq, bəlkə, hətta binanın rəngini də dəyişəcək, deyə düşündüm. Bəs birdən O gəlsə? Artıq altı il ötüb. Birdən tanımaz. Ona görə, qərara gəldim, bina satılsa, elə özüm alım.

Pullarımı saymağa başladım. Bir az da borc-xərc edib köhnə, ikimərtəbəli binanı aldım. İstəyirdim, mətbəə fəaliyyətini davam etdirsin, ancaq bizim müdirin planları başqa idi.

İş otağımı evimə çevirdim. Binanın digər hissəsini isə kitabxana etdim. Böyük bir ktabxana yarada bilmişdim. Bizim mətbəədə nəçr olunan kitablardan savayı müxtəlif mövzularda bədii, elmi və s. kitablar toplamışdım. Gələnlərin sayı da çox idi. Əvvəl gələnlərlə özüm məşğul olurdum. Amma tədricən say artdı. Bu da məni otağımın pəncərəsindən daha çox ayrı qalmağıma səbəb olurdu. Buna görə, qərara gəldim, işçi tutum. Belə də etdim.

Binanın içərisini təmir etdirmişdim. Hər tərəfi səliqəyə salmışdım. Çölünə isə dəyməmişdim Xırda bir dəyişiklik onu çaşdıra bilərdi. Artıq yeddi ilə yaxın bir müddət keçmişdi…

Həyatımın ən gözəl günləri bundan sonra başladı. Artıq onu gözləməyim daha da maraqlı olmuşdu. Hər gün yerimdən erkən saatlarda durar həmişəki pəncərənin qabağında oturar və qapıya baxardım. Bu vaxt musiqilər məni müşayiət edərdi…

Arada bir kitabxanaya baş çəkərdim. Kitab seçib qalxardım yuxarıya. Özümə isti kofe süzər, maqnitofonun diskini dəyişər və pəncərənin qabağında oturardım. Bir gözüm kitab vərəqində, bir gözüm pəncərədə…

Xüsusi günlərdə ona məktublar yazardım. Yazıb özümdə saxlayardım. Fikirləşirdim, bir gün gələcək və mənim ona yazdığım məktubları maraqla oxuyacaq. Əvvəl yazdığım məktubları balaca qutuda gizlədirdim. Sonra ikinci bir qutu tapmalı oldum. 25-ci ilin tamamında artıq böyük bir rəf düzəltdirmişdim. Ad günündə ona aldığım hədiyyələri də elə bu rəfə qoyurdum.

Yağışlı günləri çox sevirdim. Yağış yağanda onu daha gözəl xatırlaya bilirdim. Onu gözləməyə başladığım gün də yağışlı bir gündən başlamışdı. Bu vaxtlar maqnitofonda Jason Mraz-ın “Xoşbəxt” mahnısı dəfələrlə səslənərdi. Həmin vaxt da mən onu dayanacağa qədər ötürməyi təklif edəndə mətbəədə kimsə yüksək səslə bu mahnıya qulaq asırdı.

İndi artıq 64 yaşım var. Ətrafımı onunla olan yeganə şəkillə doldurmuşam. Bu şəkilləri bir-birindən fərqləndirənsə, çərçivələri və ölçüləridir. Yadımdadır, bu fotoşəkli də yağışlı bir gündə çəkdirmişdik. Kafedə oturub hansısa məsələ haqqında söhbətimizin qızğın yerində qəflətən yağış başlamışdı. “Sənə demişdim, bu havaya etibar yoxdur. Bağlı yerdə oturaq”, - iradları ilə tez durub dayanacağa qaçmışdıq. Həmin vaxt qabağımıza çıxan bir fotoqraf bizi kamerasının yaddaşına həkk etmişdi. Şəkil çəkdirməyimizi o istəmişdi. “Bayaqdan məni danlayırsan, indi şəkil çəkdirmək düşüb könlünə”, - demişdim. 10-15 dəqiqə də yağışın altında islandıqdan sonra şəklimizi də alıb dayanacağa tərəf qaçmağa davam etmişdik.

İndi hər ad günümdə özümə yeganə hədiyəm bu fotoşəkil olur. Hər dəfəsində də fərqli çərçivədə və fərqli ölçülərdə…

Hərdən işçilərim yanıma gələndə həmin şəkildəki şəxsin kimliyini soruşurlar. Sevinc dolu gözlərlə onların üzünə gülümsəməyimdən, sanki, mənim yanımdakı şəxsin kim olduğunu anlaya bilirlər.

Yağış yavaş-yavaş səngiyir. Ətrafımda fotoşəkillər, əlimdə bir fincan isti kofe və maqnitofonda Jason Mraz-ın “Xoşbəxt” mahnısı… Hələ də pəncərədən qapıya baxıram. Bəlkə də, bu gün gələcək…


... dəfə oxunub
Qiymət: 9/10(27 səs)
[qiymət ver ]
Şərh yaz
3+33=
Hesaba giriş
Müəllif

Vüsal Məmmədzadə
Haqqında
Bakalavr: Bakı Slavyan Universiteti - jurnalistika // Magistr: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Doktorantura: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Vaxtınız olsa, YouTube kanalıma da baş çəkin. Arabir maraqlı hesab etdiyim mövzulardan danışıram :)
Əlaqə
E-mail:
rossovusal@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0266 saniye