Xoşbəxtlik qəpiyi
Peykər İbrahimova tərəfindən "Hekayə" bolməsinə 22:47 24 noyabr 2014 tarixində əlavə olunmuşdur

   “İnsanlar yer üzünə ruhlarına məskən olacaq bir bədən ,bədəndə yaşayacaq ruh və ruhun asılı olduğu bir qum saatı ilə gəlirlər.Qum saatı yaşayacağın zaman kəsiyini göstərir.Sənin vəzifən son qum dənəsi düşənədək mənalı bir həyat yaşamaqdır.”

   Bəlkə də dünyanın ən qəribə dilənçisi ilə qarşılaşmışdım.Açıq ovcuna qara qəpiyi qoyub uzaqlaşırdım ki, sol əliylə qolumdan tutdu və əlindəki kiçik kağız parçasını mənə uzadıb başıyla minnətdarlığını bildirdi.Nəsə deməyə çalışdısa da iniltiyə bənzər bir səs çıxardı.Danışa bilmədiyini sübut etməyə çalışırdı sanki.Həyatımda ilk dəfə bir insana gülümsəməyi özümə borc kimi hiss edirdim və bacardığım qədər ürəkdən gülümsədim.Ondan xeyli uzaqlaşdıqdan sonra kağızı açdım və bayaqkı sətirləri oxudum.Kağızı çantamın bir küncünə basıb pilləkənləri iki-iki, üç-üç çıxaraq dərsə tələsdim.Universitetin ən yuxarı mərtəbəsindəki mühazirə otağından küçənin bir küncündə dilənən bu qəribə adama tamaşa edirdim.Ona qəpik verənlərə mənə verdiyi kağızlardan verməyə çalışsa da insanlar arxalarına baxmadan uzaqlaşırdı.Bir çoxları onun hərəkətinə məna verə bilmir digərləri isə bu səbəbdən onu təhqir edirdilər.İnsanların hərəkətlərini sözlərə tərcümə etməyi yaxşı bacarırdım.Əbəttə,burda kəskin görmə qabiliyyətimin də payı vardı.
    O, təkcə pul verənlərə yox ,yoldan keçənlərin hamısına əlindəki kağızlardan uzadırdı.Çantamı eşələyib bayaqkı kağızı tapdım.Çox gözəl xətti vardı.Sanki danışa bilməməyinə yazmaqla üsyan edirdi.Hərflərin bir-birinə nisbəti,nöqtələr vergüllər o qədər taraz idi ki,sırf bu xəttatlığa tamaşa etmək üçün onun kağızlarından götürmək lazım idi.
    Bir neçə gün xəttin və fikirlərin harmoniyasına tamaşa edə bilmək üçün ona davamlı pul verdim.Ancaq elə ki,pulum azaldı və ancaq yol puluma bəs etməyə başladı onda yolumu dəyişdirib dərsə başqa yoldan getməyə başladım.
   Hər dəfə universitetdən onun oturduğu yerə baxırdım.Hər insanın üzündə məni axtarırdı. Bir insanın gözlərində ümid işığının bir anda ortaya çıxıb yox olmasına səbəb olmağı ancaq nifrət etdiklərimə arzu edərdim.Lakin indi həmin səbəb mən idim.
Bəlkə ,onun mənim qara qəpiyimə ehtiyacı yox idi.Ona lazım olan ,sözlərini oxuyub başa düşəsi birisi idi.
   Bir müddət belə keçdi və mən artıq dilənçi barəsində düşünmürdüm.Gündəlik həyat qayğıları onu unutdurmuşdu.
   Soyuq və qarlı bir qış gününü dayanacaqda sonuncu avtobusu gözləyərək keçirirdim.Qar dayanmışdı, lakin axşamın şaxtasını iliklərimə qədər hiss edirdim.Dayanacağa lal dilənçi gələnə qədər tək idim.Onu görən kimi reflektiv olaraq əlim portmanatıma uzandı.Ancaq cibimdə heç nə yox idi.Tapa bilmədim.Sonra çantamı eşələməyə başladım.Heç nə yox idi.Hardasa itirmişdim.Portmanatı itirməkdən daha çox sonuncu avtobusda necə gedəcəyimi fikirləşirdim.Dilənçi hələ də mənə baxıb gülümsəyirdi.Ancaq mənim kədərli və təlaşlı ifadəmi gördükdən sonra üzünü digər tərəfə çevirdi.O qədər köməksiz ,çarəsiz hiss edirdim ki..
Sonuncu avtobus dayancaqdaydı.Əlbəttə,pulumu itirdiyimi deyib gedə bilərdim.Ancaq mən bunu istəmirdim.
   Dilənçi məndən əvvəl avtobusa mindi.O elə ikinci pilləni qalxırdı ki,cibindən bir qəpik səssiz səmirsiz qarın üstünə düşdü.Səsi çıxsa da o eşitməyəcəkdi.Qəpiyi yerdən götürdüm.Yol getməyimə bəs edərdi.Bir anlıq pulu ona qaytarıb qaytarmamaq barəsində tərəddüd etdim.Qəpiyi cibimə basıb avtobusa mindim.Səhəri gün ilk işim onu tapıb pulu qaytarmaq olacaqdı.
Bütün gecəni yerdən götürdüyüm qəpik barədə düşünürdüm.Hərəkətim nə doğru,nə də yanlış idi.Qəpiyi ona qaytarsam da ,qaytarmasam da hər iki halda doğru qərar qəbul etmiş olacaqdım.
   Səhəri onu həmişə oturduğu yerdə tapdım.Bu dəfə o gələcəyimdən əmin idi.Arada başını yuxarı qaldırıb qarşıdakı binanın saatına baxırdı.Məni görən kimi ayağa qalxdı.Onun deyə bilmədiyi “salam ” sözü deyə bilənlərin “salam”ından daha yüksək və ürəkdən gəlirdi mənə.Ovcumda bərk-bərk sıxdığım qəpiyi və dünən gecə yazdığım vərəqi ona uzatdım.Çətin ki ona işarələrlə nəsə başa sala biləydim.Yazdıqlarımı birnəfəsə oxudu ,gülümsədi və ona verdiyim qəpiyi mənə qaytardı.Sonra o da cibindən səliqəli , iki qatlanmış bir vərəq çıxarıb mənə verdi.
“Salam.Çoxdandır mənim yanımdan pulun olmadığına görə keçmədiyini yaxşı bilirəm.Mən səni kağızlarda yazılanları başa düşüb sevən biri kimi tanıyırdım.Bu ,mənim xoşbəxtliyim idi.Sən isə məni kiçicik xoşbəxtlikdən məhrum etdin.Mənə puldan əlavə yazdıqlarımı oxuyası biri də lazımdır.Hər şeyi maddi dəyərlə ölçmə ,gənc dostum.Yazdıqlarımı çox bəyəndiyini bilirəm.Dünən axşam avtobusa verməyə pulun olmadığını bildiyim kimi..Ancaq əmin deyildim pulu sənə versəm götürərsənmi,ya yox.Ona görə elə etdim ki,guya mən bilmədən yerə düşdü.Mənə verdiyin pulu götür.Düzdür ,o sətirləri yazmağımın arxasında mənə verilən pulun qarşılığını ödəmək hissi dayanr.Lakin hamı onları götürmür.Sən isə kəlimələrimi qəzet jurnal oxuyurmuşsan kimi götürürsən.Xahiş edirəm, gənc dostum ! Hər gün onlardan götür.Mən sənə xoşbəxtlik qəpiyi verdim.Sən isə,kağızlardan götürməklə məni əhəmiyyətli və xoşbəxt birisi kimi hiss etdirirsən.Unutma,xoşbxətlik formasızdır.O qəlblərə uyğunlaşır.”
   Sətirləri tamamlayıb kağızı onun qatladığı kimi qatlayıb cibimə qoydum və ona təşəkkür etdim.O gündən sonra bu qəribə adamın kağızlarından götürməyi mənim üçün bir məsuliyyət idi.


... dəfə oxunub
Qiymət: 7/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
9+20=
Hesaba giriş
Müəllif

Peykər İbrahimova
Haqqında
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsində təhsil almışam. Yazıram,çünki,yazmaq-bütün dünyanı,problemləri arxada qoymaqdır.Yazıram çünki,hərf,söz və cümlələrdən ibarət bir dünya daha maraqlı görünür.
Əlaqə
E-mail:
peyker@ymail.com
Sosial şəbəkə:
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0282 saniye