Xristianlaşmış türklər - “Bozqurd”lu qaqauzlar
Azər Əliyev tərəfindən "Digər yazılar" bolməsinə 15:27 22 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Türk xalqları Balkan yarımasından Sakit okean sahillərinə qədər geniş arelada məskunlaşıblar. Məsafənin uzaqlığından asılı olmayaraq, bu xalqlar mənşə, dil, din və mədəni baxımdan bir-birinə çox yaxındır.

İlk növbədə qeyd edək ki, türk xalqları əsasən İslam dininə sitayiş etsələr də, qaqauzlar pravoslav məzhəbinə qulluq edən xristianlardır. Onların ümumi sayı 200 mindən çoxdur. Ən çox qaqauz Moldovada (147 min nəfər) yaşayır. Bundan başqa, Ukraynada 31 min, Rusiyada 12 min və Türkiyədə 5 min nəfər qaqauz türkü qeydə alınıb. Bu xalqın öz müstəqil dövləti olmasa da, Moldova Respublikasının tərkibində muxtar ərazi vahidliyi mövcuddur. 

Qaqauziya, yaxud yerli dildə Qaqauz Yeri adlanan bu muxtar bölgə 1848 kvadrat kilometr əraziyə malikdir. Bölgənin 162 min sakinindən 82 faizi, yaxud 127 mini qaqauzdur. Qaqauziyanın rəhbəri (başqanı) Mixail Formuzal 2006-cı ildən bu vəzifəni icra edir. Əksər qaqauz siyasətçiləri, ümumiyyətlə, qaqauz əhalisi kimi Formuzal da Rusiya meylli siyasəti ilə seçilir. Bu, həm tarixi proseslər, həm iqtisadi maraqlar, həm də din birliyi ilə bağlı olan amillərdir. 

Təsadüfi deyil ki, Mixail Formuzal Moldovanın Avropa Birliyi ilə assosiativ üzvlük haqqında müqavilə imzalamasını və NATO-da üzv olmaq planlarını qəti şəkildə pisləyir. Əks halda isə Qaqauziyanın Dnestryanı kimi Moldovanın tərkibindən çıxa biləcəyini söyləyir: 

“Əslində biz hazırkı muxtar statusumuzla Moldovanın tərkibində qalmaq istəyirik. Lakin mərkəzi hakimiyyət ölkənin bölünməsi yoluna qədər qoyub. Hakimiyyət NATO və Avropa Birliyinə daxil olmaq istəyir. Biz (Qaqauziya) və Dnestryanı buna qarşı çıxırıq. Əgər Avropa Birliyi ilə assosiativ üzvlük haqqında müqavilə imzalanarsa, bizim iqtisadiyyat çökəcək. Muxtariyyətdə 160 min sakin var. Onların 33 mini, o cümlədən 25 mini Rusiyada çalışır. İstehsal etdiyimiz çaxır və kənd təsərrüfatı məhsulları əsasən Rusiyaya ixrac olunur. Rusiya əgər buna qadağa qoysa, həmin məhsulları Avropa Birliyinə də sata bilməyəcəyik. Odur ki, əgər Moldova hökuməti Avropa Birliyi ilə müqaviləni imzalayarsa, biz öz müstəqilliyimizi elan edəcəyik”.

Qaqauzların Rusiya sevgisini anlamaq üçün tarixə nəzər salmaqda fayda var. Unutmaq olmaz ki. Qaqauzlar təxminən XIII əsrdə indiki Bolqarıstanın şimalındakı Dobruca bölgəsində bir xalq kimi formalaşıb. Onların geneologiyasında uzun əsrlər boyu Balkanlarda yaşamış türk tayfalarının - peçeneqlərin, kumanların, qıpçaqların və hunların payı var. Bu qaqauzların adına da təsir edib. Qaqauz sözü əslində “göy oğuz” sözünün zamanla dəyişmiş formasıdır.

Bununla belə, XIII-XIV əsrlərdə qaqauz türkləri arasında xristianlıq geniş yayılmağa başlayıb. Qara dənizə çıxış olan Dobruca vilayəti xristian bolqarlar və rumınların əhatəsində qaldığı üçün qaqauzların xristianlıq dini qəbul etməsi vaxt məsələsi idi. Bu işdə xristian missionerlərinin də rolu böyük olub. 1400-cü ildə Osmanlı İmperiyası Dobruca knyazlığını ələ keçirəndə artıq qaqauzların xristianlaşması prosesi başa çatmışdı. 

400 illik türk hökmranlığı dövründə qaqaulzar xristian inanclarını qoruyub saxlasalar da, türk  xalqları ilə də aktiv inteqrasiya olunublar. Qaqauzların əsas paytaxtı olan Varna strateji liman şəhərinə çevrilib. Lakin XVIII-XIX əsrlərdə Balkan yarımadasında tez-tez baş qaldıran rus-türk müharibələri qaqauzların ictimai-sosial həyatına mənfi təsir göstərib. Çünki döyüş əməliyyatlarının əsas ərazisi qaqauzların kompakt bölgələri olub. 

Nəhayət, 1806-1812-ci illərdə Rusiya-Osmanlı müharibəsi bu türk xalqının həyatına taleyüklü rol oynayıb. Belə ki, Rusiya qaqauz kəndlilərini öz tərəfinə cəlb etmək üçün onlara geniş torpaq sahələri və din həmrəyliyi vəd edib. Nəticədə 1812-ci ildə onlar Bolqarıstanın şimalındakı tarixi vilayətlərini – Dobrucanı tərk edərək çar hakimiyyəti altında olan Bessarabiyaya (indiki Moldova) köç edirlər. Lakin burda da əmin-amanlıq şəraitində yaşamaq istəyi uzun çəmkir. İstər 1853-1856-cı illərdəki Krım müharibəsi, istərsə də 1905-1907-ci illərdəki Birinci Rus İnqilabı dövründə Bessarabiyada qanlı toqquşmalar baş verir. Xüsusən I Dünya Müharibəsi qaqauz tükləri üçün faciələrlə zəngin olur. 

1918-ci ildə qonuş Rumıniya tərəfindən işğal edilən Bessarabiya 22 il ərzində istilaçılar tərəfindən talanır. Qaqauzlara xüsusi nifrətləri olan rumınlar bölgədə qaqauz dilini qadağan edərək, repressiyalar təşkil edir. 1940-cı ildə Sovet Ordusu Bessarabiyasını geri qaytarır və onun yerində Moldova Sovet Sosialist Respublikası yaradır. Rumın zülmündən xilas olduqlarını düşünən qaqauzlar II Dünya müharibəsi dövründə yenidən onların əsarəti altına düşürlər. Bu 1944-cü ilə qədər davam edir. Yenidən Moldovada hakimiyyətini bərpa edən SSRİ qaqauzları arzu olunan rifaha çatdıra bilir. Yazılı forması olmayan qaqauz türkçəsi üçün 1957-ci ildə kiril qrafikası əsasında yeni əlifba yaradılır. Məktəblər açılır və ədəbi qaqauz dili inkişaf etdirilir. 

Lakin 70-ci illərin sonunda sovetlərin qaqauz xalqı ilə bağlı siyasətinə dəyişiklik baş verib. Azsaylı xalqların ruslaşdırılması və vahid “sovet xalqı” yaratmaq üçün assimilyasiya siyasətinə start verilib. Qaqauz dilində məktəblər və televiziya verilişləri bağlanır. Lakin böyük imperiyanın çöküşü qaqauz xalqının milli özünüdərk hisslərini qabarıq şəkildə büruzə verməsi ilə üst-üstə düşür. 

1990-cı ildə qaqauzlar rus dilinin istifadəsini qadağan etmək istəyən Moldova hakimiyyətinə qarşı öz etirazını bildirir. Dnestryanı ilə müharibə vəziyyətinə olan Moldova türk xalqının müstəqillik meyllərinə effektiv təsir göstərə bilmir. Nəticədə, 1990-cı il oktyabrın 31-də Qaqauziuya öz müstəqilliyini elan edir. 

1400-cü ildə Dobruca knyazlığının süqutundan 600 ilə yaxın vaxt keçdikdən sonra qaqauz xalqı öz dövlətçiliyin elan edir. Bu dövlət 1994-cü ilə qədər de-fakto müstəqil olur. Sonradan Moldova rəhbərliyi ilə başlanan intensiv danışıqlardan nəticəsində ölkənin tərkibində Qaqauziya Muxtar ərazi vahidliyinin yaradılması barədə razılşma əldə olunur. Muxtariyyətin hüquqları 1999-cu ildə qəbul olunmuş Moldova Konstitusiyasında da yer alır. 

Bu gün Kanqaz, Kumrat və Çadır- Lunq rayonlarını əhatə edən Qaqauziya ali rəhbər – bakan, qanunverici orqan – Halk Topluşu və icraedici orqan – Bakannık Komitetindən ibarət idarəetmə orqanlarına malikdir. 

Müasir Moldova reallığında qaqauzlar vətənpərvərliyin yeni dalğasını yaşayırlar. Kiril qrafikalı əlifba ilə yanaşı, latın qrafikalı əlifbadan istifadə olunur. Türkiyə Respublikası ilə Qaqauziya arasında yüksək iqtisadi və siyasi münasibətlər formalaşıb. Təsadüfi deyil ki, müəyyən maliyyə sıxıntısı yaşayan bölgədə Türkiyə tərəfindən humanitar əsasda yardımlar göstərilir. Çadır-Lunqada türk liseyi fəaliyyət göstərir. Hər il Türkiyə Universitetlərində qaqauzlu tələbələrə böyük  kvota ayrılır. 

Türkiyə daim qaqauz türklərinin maraqlarını müdafiə edir. Təsadüfi deyil ki, 1993-1994-cü ildə ərazinin statusu ilə bağlı qaqauz-moldovan danışıqlarında əsas vasitəçi o zamankı Türkiyə prezidenti Süleyman Dəmirəl olub. Silahlı qarşıdurmanın qarşısını ala bildiyi üçün Süleyman Dəmirələ Qaqauziyanın paytaxtı Kumratda heykəl də ucaldılıb.

Yazının əvvəlində danışdığımız Qaqauziya başqanı Mixail Formuzal türk mənşəli xalq kimi daim Türkiyənin yardımına güvəndiyi söyləmişdi.

“Türkiyədən əsas gözlənilməz viza rejiminin ləğv edilməsidir. Digər ümidimiz isə Ankaranın qaqauzlara siyasi dəstəyini əsirgəməməsidir. Çətin vəziyyətə düşəndə Türkiyənin səsini eşitmək istəyirik”.

Qaqauzları ölkəmizlə yaxın edən əsas amil qaqauz dilinin Türk (Altay) dil ailəsinin oğuz qrupuna daxil olmasıdır. Bu qrupa daxil olan Azərbaycan, türk, krım-tatar dili ilə qaqauz dili arasında çoxluq oxşarlıqlar var. Bu oxşarlıq o həddədir ki, sıravi qaqauz və azərbaycanlı asanlıqla ünsiyyət saxlaya bilərlər. Maraqlıdır ki, qaqauz bayrağında türkçülüyün simvolu sayılan boz qurd təsvir olunub. 

Qaqauzların mədəni həyatına gəldikdə, bu xalq qovurma, məncə, paça kimi kulinariya nümunələri ilə tanınır. Xristian qaqauzlar Osmanlı hakimiyyəti zamanı onların həyatına daxil olan Qurban bayramını da qeyd edir. Heç bir dini xarakter daşımayan bayramda qurbanlıq qoyun buğdadan hazırlanan sıyıqla birlikdə yeyilir. 

Onların çember, kuşak, lift, kalpak və meşin kimi geyim nümunələri də mövcuddur.

Sonda qeyd edək ki, Moldovanın Avropa Birliyi ilə yaxınlaşmasını qəbul etməyən qaqauzlar 2014-cü il fevralın 2-də Qaqauziya muxtariyyətində “Avrasiya və Gömrük İttifaqına daxil olmaq barədə” referendum keçirdilər. Seçicilərin 98%-i referendumda “hə” cavabı veriblər. Bundan başqa, Qaqauziya bölgənin müstəqilliyi barədə də düşündüyünü bildirib. 
Təbii ki, Moldovanın tanımadığı referendum gələcəkdə Avropa xəritəsində yeni, müstəqil türk dövlətinin yaranacağına işarədir.

modern.az


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+35=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0312 saniye