Xurafatdan arının..
Fərid Nietzsche tərəfindən "Elmi məqalə" bolməsinə 11:00 18 iyun 2014 tarixində əlavə olunmuşdur

Bu gün sizlərə sosial şəbəkələrdə rast gəldiyim bəzi informasiyalar haqqında danışmaq istəyirəm. Hansı ki, insanların dini inancından istifadə edərək, “like” yığmaq məqsədi ilə yazılmış,”elm”lə əsaslandırılmağa çalışılmış, gülünc məlumatlar. Ən çox rast gəldiyim 3 informasiyanın elmi, mənəvi cəhətdən yanlışlığını göstərməyə çalışacam. İlk informasiyaya baxaq:

1) Amerikalı bilim adamları deyirlər ki, xurmanı tək (1,3,5) yeyərsəniz şəkəri karbohidrata çevirər və bədənə enerji verər. 
Əgər cüt olaraq (2,4,6) yeyərsəniz şəkər potasyuma çevrilər və böyrəklərə mənfi təsir göstərər. Resûl-ü Ekrem Aleyhissalât-ü Vesselâm buyurdular ki: “Xurmanı ya bir dənə ya üç dənə ya da beş dənə yeyin”
  

    Cavab:

-İlk olaraq məntiqi cəhətdən yanaşaq. Tutaq ki, xurmanın tərkibində olan maddələrin belə bir funksiyası vardır. Amma olsa belə, onun xurmanın sayı ilə yox,tərkibindəki qramlarla miqdarı ilə bağlı olmalıdır. Məsələn, bir xurmanın kütləsi digərinin iki mislinə bərabər ola bilər, o zaman 1 yox, 2 xurma yemiş olarıq ki, bu da cüt-tək sayın qanunuyğunluğunun pozulması deməkdir. Elmi cəhətdən yanaşaq. Məlumatda şəkərin karbohidrata və potasyoma çevrilməsindən danışılır. Absurt iddiadır. Şəkər özü də elə karbohidratdır,çevrilməsindən danışıla bilməz. ŞƏkər bədəndə qlukoza və fruktoza parçalanır. Burada potasyumdan söhbət belə gedə bilməz… İnformasiya tamamilə yanlışdır..

 

2) Filankəsin evi yandı, amma Qurani-Kərim yanmadı

 

     Cavab:

 - Əvvəlcə mənəvi cəhətdən yanaşaq. Təsəvvür edin, bütün bir ev yanır, orada yaşayan ailə üzvlərindən diri-diri yananlar olur, kasıb bir ailənin şəxsi əmlakı külə dönür, uşaqlar ağlayır,böyük bədbəxtlik üz verir və bunalara göz yuman Tanrı bir kitabın yanmasına razı olmur. Hansı dini inanca sığır bu?! Buna inanan müsəlmanlar ilk olaraq, Allahın mərhəmətini və ədalətinə qarşı çıxmış olurlar. İçində nə yazılır yazılsın, o sadəcə mətbəədə çap olunmuş kitabdır. Quranın müqəddəsliyi kağızında deyil,içindəkilərdədir və heç bir uşağın həyatından dəyərli deyildir. Diri-diri yanan insana üzlməyib,yanmayan Qurana sevinən insanın vicdanından şübhə duyuram… Elmi cəhətdən də yanlışdır. İstər Quran olsun, istər başqa bir kitab. Bilirik ki, yanma hadisəsi üçün oksigenlə təmas şərtdir. Kitabın daxili səhifələri arasında oksigen kifayət qədər olmadığı üçün, oksigenlə təmasda olan üst hissələr yanır,daxili hissələr isə yanmaqdan qurtulur. Bu qədər sadə… İnformasiya tamamilə yanlışdır..

 

3)   Qəzvin ostanının şərqində Ələmut məntəqəsinin Zurabad kəndində qədim bir çinar ağacı vardır. Hər il Məhərrəmlikdə həmin ağacın ətrafında xeyli sayda İmam Hüseyn(ə) əzadarı əzadarlıq mərasimləri keçirirlər. Müsəlmanlar bu ağacın Hüseynə ağladığına inanırlar. Hətta,rəsmilərdən birinin müsahibəsində deyildi ki, bu ağacın “göz yaşında” alimlər RH tapıblarmış.

 

 Cavab:

 - Əslində isə, bu heç də qan ağlayan ağac deyil. Google’də “bleeding tree” adı ilə axtarış etsəniz, onun bütün xüsusiyyətlərini öyrənə bilərsiniz. Axan qırmızı məhlul sadəcə ağacın qətranıdır. Hətta uzun illər Yəməndə boya kimi də istifadə olunub. Yəni,təkcə Hüseynə yox, Çində küçədən keçən bir uşağın yıxılmasına görə də “ağlaya” bilər :)

 

Bütün bu və digər əsassız, xurafat,cahillik dolu iddiaların əsas ortaq cəhəti heç bir mənbənin, elmi araşdrıma nömrəsinin, dərc olunma sayısının, alimin göstərilməməsi, bəzi hallarda isə “filan alimlər deyib”lə kifayətlənilməsidir. Belə absurt məlumatlar yaradaraq,sadə vətəndaşların inancından,saflığından istifadə edirlər. Onların bu informasiyaları xoşniyyətlə dostları ilə bölüşməsi isə xurafatın daha da yayılmasına gətirib çıxarır. İnancınız nə olursa,olsun onu xurafatdan təmizləyin. Saf dini inancınızı qoruyun, belə cahil fikirlərlə öz dininizə hörmətsizlk edilməsinə icazə verməyin. İnancınız nə olursa,olsun.. Diqqətiniz üçün təşəkkürlər :)

 

 


... dəfə oxunub
Qiymət: 10/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
4+7=
Hesaba giriş
Müəllif

Fərid Nietzsche
Haqqında

Əlaqə
E-mail:
rustemzade_farid@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.03 saniye