Siksitin kapellası freskalarının restavrasiyası — XX əsrin əsas incəsənət restavrasiyalarından biridir.
Sikstin kapellası Roma papası IV Sikstin sifarişi ilə, Vatikan ərazisində, Müqəddəs Pyotr bazilikasından şimalda inşa etdirilmiş və 1481-ci ildə tamamlanmışdır. Bazilikanın divarları XV əsr İtaliya incəsənətinin ən görkəmli nümayəndələri olan, Girlandayo, Perucino, Botiçelli kimi müxtəlif intibah rəssamlarının əsərləri ilə bəzədilmişdir. Roma papası II Yulinin hakimiyyəti dövründə bazilikanın bəzədilməsi işləri davam etmiş, kapellanın tavanı Mikelancelo tərəfindən 1508-1512-ci illərdə bəzədilmişdir. Sonra Roma papası VII Klementin hakimiyyəti dövründə Mikelancelo bazilikanın divarında intibah incəsənətinin şah əsərlərindən biri hesab edilən "Böyük məhkəmə" əsərini işləmiş və 1541-ci ildə tamamlamışdır. Divarların aşağı hissəsini örtmüş xalıların təsviri Roma papası X Leonun hakimiyyəti dövründə Rafaelin təsvirləri əsasında hazırlanmışdır və 1515-1516-cı illərdə tamamlanmış bu işlər hazırda Rafael cizgiləri adı ilə tanınır.
Kapellanın rəsmləri əsasında İntibah dövrü incəsənəti mövzularının rəsmli sxemi yaradılmışdır. Məsələn, Mikelancelo tərəfindən kapellanın tavanında işlənmiş rəsm əsərlərindən bir neçəsi Qərb incəsənətinin ən məşhur nümunələri hesab olunur. Sikstin kapellası freskaları, kapellanın tavanında Mikelancelo tərəfindən işlənmiş rəsm əsərləri, həmçinin digər incəsənət detalları 1980-1994-cü illərdə bir neçə dəfə müxtəlif səviyyədə restavrasiya edilmişdir. Bu restavrasiyalardan ən son həyata keçiriləni, restavrasiyanın səviyyəsi və təsiri baxımından incəsənət sevərlər və tarixçilər arasında ciddi müzakirələrə səbəb olmuşdur. Qeyd edilir ki, son restavrasiya nəticəsində "Mikelancelonun hər bir kitabı yenidən yazılmışdır". "ArtWatch International"dan Ceyms Bek kimi başqa incəsənət tarixçiləri isə restavrasiyanı sərt tənqid edərək, rəssamın əsl fikirləri və yaradıcılığı ilə əlaqəsi olmadığını bildirmişdilər. Bu məsələ hələ də, debat mövzusu olmağa davam edir.
Əvəlki restavrasiya
Sikstin kapellasındakı freskalar 1980-ci ildən başlayaraq, bir neçə mərhələdə restavrasiya edilmişdir. Kapellanın tavanı ilə bağlı əsas problem vaxtilə yuxarıdan su sızmasının tavanda Mikelancelo tərəfindən işlənmiş freskalara ziyan vurması olmuşdur. Hələ 1547-ci ildə Paolo Ciovio yazır ki, kapellanın tavanı əmələ gələn çatlar və selitra səbəbiylə zədələnmişdir. Selitra effekti freskalarda qabarma və parçalanmaların meydana gəlməsinə səbəb olmuşdu. Papa Abidələri, Muzeyləri və Qalereyalarındakı Rəsm Əsərlərinin Restavrasiyası Laboratoriyasının Baş Restavratoru Janludci Kolaluççi yazdığı məqalədə, əvvəlki restavratorların istifadə etdiyi kətan və qoz yağlarından sonra freskaların üzərində şəffaf kristal təbəqəsinin əmələ gəlməsindən və bu təbəqənin təmizlənməsindən sonra "Mikelancelonun rənglərinin yenidən kəşf edilməsi"ndən bəhs edir.
1652-ci il restavrasiyasına tavanı kətan parça ilə silərək və ləkələri çörək ilə pozaraq təmizləmiş "saray zərgəri" Simone Lagi rəhbərlik etmişdir. Çətin çıxan ləkələrin təmizlənməsi üçün bəzən isladılmış çörək də istifadə edilmişdir. Lagi restavrasiyanın nəticəsi haqqında məlumatında qeyd edir ki, "heç bir zərər verilmədən freskaların əvvəlki gözəlliyi bərpa edilmişdir." Kolaluççi qeyd edir ki, Lagi rənglərin təbəqələrinin bərpası üçün yapışqan-lakdan “demək olar ki, dəqiqliklə” istifadə etmişdir, lakin, “özlərinin istifadə etdiyini fəndlər haqqında heç bir məlumat vermir.”
1710-1713-cü illərdə kapellanın freskaları növbəti dəfə, rəssam Hannibal Mazuolli və onun oğlunun rəhbərliyi altında bərpa restavrasiya edilmişdir. Onlar bərpa zamanı yunan şərabına batırılmış süngərlərdən istifadə etmişlər ki, Kolaluççi bunun əvvəlki bərpa zamanı istifadə edilmiş yağların üzərinə hopmuş jis və qurumu bir qədər də sıxlaşdıraraq rəngləri tutqunlaşdırdığını qeyd edir. Kolaluççi qeyd edir ki, Mazzuoli daha sonra tavan freskalarının bərpasına başlamış və kontrastlar üzərində yenidən işləyərək onları daha da gücləndirmişdir. Onlar həmçinin freskaların qabarma səbəbiylə qopmuş hissələrini yenidən çəkmişdilər. Yenidən çəkilmiş hissələr fırça vurması üsulu çəkilmiş ilə nazik cızıqla qeyd edilmişdir. Kolaluççi qeyd edir ki, Mazzuoli həm də xeyli məqdarda yapışqan lakdan istifadə etmişdir. Restavrasiya zamanı əsasən tavandakı freskalara fikir verilmiş və lunetlərdəki təsvirlərə az vaxt ayrılmışdır.
Kapella freskalarının növbəti restavrasiyası 1935-1938-ci illərdə Vatikan Muzeyinin Restavrasiya Laboratoriyasının rəhbərliyi ilə həyata keçirilmişdir. Bu restavrasiya əsasən əmələ gəlmiş çatların birləşdirilməsi və freskalar üzərində əmələ gəlmiş çirk təbəqəsinin təmizlənməsi məqsədi daşımışdır.
Müasir restavrasiya
Kapelladakı freskaların müasir restavrasiyasına başlanılması üçün ilkin sınaqlar 1979-cu ildə başlamışdır. Restavrasiya qrupu Janluidci Kolaluççi, Maurisio Rossi, Piercorcio Bonetti və 1978-ci ildə Vatikan Rəsmlərin Bərpası Laboratoriyasının direktoru Karlo Pietranceli tərəfindən əsası qoyulmuş incəsənət əsərlərinin restavrasiyası qaydalarını müəyyənləşdirmiş başqa mütəxəssislərdən təşkil olunmuşdu. Müasir incəsənət restavrasiyasının bir çox üsul və qaydaları bu restavrasiyanın nəticələrinin tədqiq və təhlil edilməsi ilə müəyyənləşdirilmişdir. Bunlardan biri restavrasiyanın hər bir mərhələsində əsərin vəziyyətinin qeydə (foto və ya video qeyd) alınmasıdır. Kapellanın freskalarının bərpası zamanı bu iş “Nippon Television Network Corporation” üçün fotoqraf Takaşi Okamura tərəfindən həyata keçirilmişdir.
1980-ci ilin iyunu və 1984-cü ilin oktyabrı arasında restavrasiyanın birinci mərhələsi olan Mikelancelonun lunetləri üzərində iş uğurla tamamlanmışdır. Bundan sonra diqqət tavandakı rəsmlərin bərpasına yönəldilmiş və burda işlər 1989-ci ilin dekabrında tamamlanaraq, "Böyük məhkəmə" üzərində işlərə start verilmişdir. Restavrasiyanın tamamlanmasından sonra, 8 aprel 1994-cü ildə kapellanın açılışı Roma papası II İohann Pavelin iştirakı ilə baş tutmuşdur. Divar feskalarının bərpasını əhatə edən restavrasiyanın sonuncu mərhələsi 1994-cü ildən 11 dekabr 1999-cu ilə kimi davam etmişdir.