YABANI
Dağların arxasından boylanan Günəş zülməti parçalamış, bütün şər qüvvələrin əsir aldığı qaranlığı qərbə tərəf qovmuşdu. Qış fəslindən yenicə azad olmuş Alban meşəsi bütün gözəlliklərini sərgiləyərək canlı dünyasını diqqətə çatdırmağa çalışırdı. Bahar fəslini sevə-sevə qarşılayan bu meşə keçici, göz boyayan yaşıllıq, quşların şirin cəh-cəhi, nazlı gül-çiçəklərin ətri içərisində məst olaraq böyük ümidlər ilə baharın aldadıcı səhnəsinin izləyicisinə çevrilmişdi. Zülmətdən aydınlığa adımlayan bu meşədə hər tərəfdən ucalan şirin avaz, xoş ətir gələcəyə ümidləndirir, yaşamağa həvəsləndirir – bir sözlə, bütün canlıları tilsimləyirdi. Qarşıda, çayın qərb sahilində ucalan bir neçə çinar ağacı sanki bütün meşəyə nəzarət edirdi. Demək olar ki, ən mənzərəli və ən hündür yerdə bitən bu ağaclar meşədəki bütün ağacların diqqətini çəkir, özlərinə qarşı maraq, rəğbət yaradırdı. Onlar ilə üz-üzə, çayın bu biri sahilində böyük bir alma bağı nəzərə çarpırdı. Bağdakı bir alma ağacı da bir çox ağaclar kimi hələ fidan ikən çinarları həsrət ilə seyr edər, onların əzəmətinə həsəd aparar, çinara bənzəməyə çalışırdı. Bütün ağaclar Günəş işığına doğru boy atıb yönəldiyi halda, o, əks tərəfə, çinarlara doğru üz tutmuşdu və bu bahar da sanki onun arzusunu reallaşdırmaq üçün gəlmişdi. Tezliklə dağlarda əriyən qar çayın daşmasına səbəb oldu. Güclü daşqın bir sıra ağacları, o cümlədən də alma ağacını kökləyib çinarlara doğru sürüklədi. Öz kökündən, ətrafından ayrı düşmüş alma nəinki kədərləndi, hətta bu faciəni böyük coşqu, sonsuz sevinc ilə qarşıladı:
İllərin arzusu... bunu yaşamaq necə də gözəldir. Bəs bundan sonra? – bunu heç düşünməmişdi. Bəzən arzular bütün düşüncəni həbs edər, sadəcə arzuna çatmağı düşünərsən. Arzuna çatdığın anda isə birdən-birə sanki hər şey marağını itirməyə başlayar. Xeyr, buna yol vermək olmazdı...
Əvvəlcə çinarlara arxalanacağını düşündü. Bir müddət sonra yanıldığını görüb yenidən torpağa sarıldı, möhkəmcə dərinliklərinə kök atmağa başladı.
İlk gündən mehriban qarşılandı:
- Aramıza xoş gəldin, artıq azadsan.
Bu səmimiyyət onun ruhunu oxşadı. Sevindirdi, daha da ruhlandırdı. Böyük bir həvəslə “Çox sağ olun” – deyəcəkdi ki, eşitdiyi sualdan diksindi:
- “Biz indi sənə necə müraciət edək? Burada hər kəs eynidir, amma sən bizə heç bənzəmirsən.”
Bu sualı gözləmirdi. Həmişə öz keçmişindən utanmışdı. Amma kimsə nəyisə onun üzünə vurduğu üçün deyli, keçmişini bəyənmədiyi üçün utanmışdı. Budur, ilk zərbə. Bu möhtəşəmlərin yanında öz kimliyindən söz açmaq olmazdı. Onun susduğunu görən digər çinar:
- Burada biz varıqsa, sən kim olduğunu unut. Özünü bizim ilə müqayisə etmə, amma bacarsan, bizə bənzəməyə çalış. O zamana qədər də sən “Adsız dönük” adlanacaqsan.
“Adsız dönük” – bu təhqirmi? – soruşmaq istədi. Tez fikrini dəyişdi: “Xeyr, bu möhtəşəmlər təhqir etməzlər. Bu, sadəcə və sadəcə ədalətli qərar, dəyərli bir məsləhət ola bilərdi.”
- Siz olmaq üçün ilk nədən başlamalıyam, necə olmalıyam? – həyəcanla soruşdu.
- Barsız, bəhərsiz. Bu yalnız bizə xass olan ən ideal göstərici və zamanında seçdiyimiz ən doğru bir seçimdir.
- Bu sizin öz seçiminizdir yoxsa, yarada...
- Biz seçilmişlərik – qəzəblə onun sözünü kəsdi. Biz sıradan olanlardan deyilik. Kimsə bizdən istifadə edə bilməz; nə barımızdan, nə kölgəmizdən, nə də varlığımızdan. Biz – bizə xidmət olunsun – deyə var olanlardanıq.
- Siz də seçilib var edildinizsə, var edən kimi görünmək nə lazım?
- Ətrafına bir bax – rişxəndlə bağırdı. Bizdən əzəmətlisini görə biləcəksənmi? Özünə bir bax, bir vaxt kol-kos içərisində itib-batmış, istifadə edilən, öz səmərindən belə fayda görməyən bir heç idin. Hətta Günəş nurunu doğru-düzgün uda bilmirdin. Amma bizlər... Günəş doğduğunda ilk şəfəqini bizim üzərimizə saçar.
- Bəs sizin bu qədər uca, əzəmətli olmağınızın sirri nədir? Yoxsa, bu da seçilmiş olmağınıza görədir?
- Hələ də başa düşmədin? – çinar bütün gövdəsini hərəkətə gətirib qışqırdı. Siz özünüzü deyil, digərlərini düşünürsüz. Siz bar-bəhər üçün budaqlarınızı ətrafa şaxələndirir, meyvələrinizi qorumaq üçün minlərcə yarpaqlara bürünürsüz, biz isə yalnız ucalmağı, yüksəlməyi düşünərək özümüzə xidmət göstəririk. Kökümüz də, budağımız da, yarpağımız da bizim yüksəlişimiz üçündür, bar-bəhər üçün deyil...
- “Adsız dönük” qərarını vermişdi. Bacardıqca istifadə edəcək, kimsəyə zərrəcə xeyir verməyəcəkdi. Yalnız özünə xidmət. Yalnız ucalmaq. Yalnız yüksəlmək. İlk addımı isə meyvələrindən imtina edərək atdı. Çox çalışdı, çox çabaladı, hər dəfəsində öz kimliyindən bir addım uzaqlaşmağı bacarsa da, məqsədinə çata bilmədi ki, bilmədi. Ruhdan düşdü. Adını, keçmişini, bar-bəhərini, hətta bütün kimliyini itirdi. Qazandığı tək şey, yalnız və yalnız “Adsız dönük” ismi oldu. Bir zaman həsrətlə baxdığı səhnə getdikcə adiləşib mənasını itirirdi gözlərində. Anlamağa başlamışdı artıq: “Demək ki, həyatda heç bir şey göründüyü kimi deyilmiş...
Tezliklə meşədə güclü bir tufan qopdu. Çinarın “kol-kos” adlandırdığı bütün ağaclar bir-birinə dayaq olaraq qoruna bildi. Lakin əzəmətli ağaclar, o cümlədən də möhtəşəm çinarlar köklərindən qopub yerlə bir oldu. Bunlara şahid olan “Adsız dönük” qorxuya düşdü. Bir vaxt başı üzərində dayanan möhtəşəmlər indi ayaqları altında idilər. Onun təəccüblü üzünü görən çinar kədərli-kədərli mızıldadı:
- Bu da son. Biz isə yenə də bacara bilmədik. Sadəcə bir şeyi bacara bildik: Beyinlərə, düşüncələrə, fikirlərə hakim olmaq. Beyninə hökm etdiyin varlığın edə biləcəyi tək bir şey var, o da: XƏYANƏT... Dərk etdiyin kimliyindən uzaqlaşmaq isə ən böyük bir xəyanətdir bu dünyada. Əvvəlcə beynində yaranan, sonra qəlbinə kök atan, daha sonra da sözlərində bəyan olub əməllərində təzahür edən bir xəyanət... Geriyə dönüşü olmayan bir xəyanət...
- Bəs siz seçilmiş... bəs... necə yəni? Bütün bunlar yalan idi? – həyacan və qorxu içində qışqırdı.
- Yaradılmış olan heç bir varlıq baş ola bilməz, seçilmiş ola bilməz. Kim olursan ol, sənə hakim olan var. Sən sadəcə sənin yaratdıqlarına hakimsən. Sahib olduqları ilə kifayətlənməyib hər şeyi qazanmaq istəyən, istəkləri uğrunda hər şeyini qurban verəndir. Biz də beləcə qazandıq, amma itirdiklərimiz qazandıqlarımızdan çox oldu. Təbii ki, bu qazancın qurbanları da az deyil. Məsələn: Sən... Sən də ey “Adsız dönük”, bizim mənasız qurbanlardan biri oldun. Biz ən azından nə isə qazandıq, bəs sən? Sən öz xəyanətini necə pərdələyəcəksən düşündünmü heç? – Çinar son sözlərini acı bir qəhqəhə çəkərək söylədi. Onun qəhqəsindəki kinayə və saxtakarlıq ürək bulandırırdı.
İradəsini, inamını, ümidlərini, hər şeyini itirmiş alma ağacı keçmişinə dönmək istədi. Lakin bu istək zamansız olduğu qədər də məntiqsiz idi. Yenə də çiçəkləyib bar verməyə tələsdi. Amma budaqlarındakı meyvələr cır, dadsız, görkəmsiz və lazımsız oldu. Çox keçmədi ki, onu yeni bir ad ilə damğaladılar: “YABANI”