Yadigar
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 22:50 26 may 2023 tarixində əlavə olunmuşdur

Bilirəm, mən tələsdim,

Bəs sən niyə gecikdin?

De harda idin axı,

Bəlkə illər boyunca

Peşmanlığı, günahı

Yükləyirdin mənimçün?

Ver indi dərd boğçamı

Çiynimə atım gedim

Biz bir ola bilmədik,

Qoy səhvi mənim olsun

Bilirəm, narahatsan

Hələ də səni şövqlə

Qəlbimdə tutmağımdan

Nə incimə, nə küsmə

Nə də qalma nigaran

Susacağam, əmin ol

Mənim susmağım özü

Əzablı olduğundan

İçimdəki şairin

Səsi yüksəlir indi

Qəbirdən gülüşünlə

Oyadıb çıxardığın

Bu şairin ruhu da

Həmişə səninlədir.

Demirəm ki, sev məni

Demirəm qucaqlaşaq,

Nəyim var sənin olsun

Hər şeyim xoş halalın

Bircə istəyim budur,

Əlimdə, ürəyimdə

olanlara toxunma

Sakitcə ver əlini,

Otur, yadigarlaşaq

Susdurduğun sözlərim,

Hüzünlənən gözlərim

Qoy qalsın xatirində

Məndən sənə yadigar

Səni sevməmək olmur,

Unudub getmək olmur,

Neyləsəm də alınmır,

Bu duyğulu hisslərim

Məndən sənə yadigar

Bir kərə çatılmadı

Üzümə heç qaşların

O gülən baxışların

Qəlbimin aynasında

Səndən mənə yadigar

Adın qaldı dilimdə

Sehrli tilsim kimi

Kədərin pəncəsindən,

Allahın tənəsindən,

Həyatın “məna”sından

Qurtaran məni hər an

Qalacaqsan qəlbimin

Ən dərin guşəsində

Amansız zaman belə

Bil ki, döndərə bilməz

Məni səxavətimdən

Məni unutsan belə,

Göndərəcəyəm yenə

Ağarmış saçımdaki

Dəndən sənə yadigar


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+11=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
mirzelazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0281 saniye