Ən çox göy üzünün dolumsunub yağmağa hazır olduğu zaman yadıma düşürsən. Yağışın damlaları asta-asta yerə düşdükcə, xatirələr biri-birinin ardınca düşüncələrimdə sıralandıqca yadıma düşürsən, düşürsən yadıma... Bu yağmurlu havada könlümün könlü xəyallarda dolaşır, ruhum canımı sıxır və içimdəki dillənməyə hazır olan lal suallar nə bitir, nə də tükənir... Özüm -özümlə dolanıram cavabsız sualların içində və sonda yoruluram...Yağmurlu günlərin birində “ Bu mənəm, sənin üçün gəlmişəm, səni heç kimsəyə vermərəm” demişdin. O yağmurlu gündə də gözlərimzidən axan bir damla yaşla kipriklərimiz yuyundu və bu vüsal yaşıyla sevdamız paklandı, ülviləşdi ...Və illər keçdi belə yağmurlu günlərin birində də “ Nə olar danlama məni ürəyimi eşidə bilmirəm bəlkə də bu sevgi ömrümüzə çox gecikib”- söyləmişdin... Göy üzü dolumsunub həzin –həzin yağış yağır. Buludlar göydə öz kədərinə ağlayır, yerdə mənsə öz taleyimə...Özüm də yağışa dönürəm yağışlar yağanda . Sönüklük verir, hüzün verir mənə xatirə dolu hər damla .Yanaqlarıma düşüb döyəcləyən yağışın hər damlası göz yaşımın yanaqlarımda açdığı cığıra qarışıb ürəyimə yol alır.Və görən hər kəs yanaqlarımdan süzülən yağmur selini yağış damlaları bilir ... Qoy elə də bilsinlər! Bu göz yaşları o yağışlı gündə axan bir damla göz yaşından çox fərqlidir. Biri vüsal dolu göz yaşları , o birisi isə ayrılq yeli üşüdən...! Yağışlar mənə nisgili sevdiridi, mənsə həsrəti sevdim, arzuladım, həsrətsə içimdə saxlanan , gizlənən kədəri -qəmi sevdi... Və seçdi...
Müəllif: İradə Əlili