Yağış, çəkməçi və qadın...
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 13:01 13 aprel 2015 tarixində əlavə olunmuşdur

Yağışı sevirəm. Onun səsi, qoxusu, damlası qəlbimdə ayrıca yer açıb özünə ta uşaqlıqdan. Bəzi insanlar var ki, yağışı nəinki sevmirlər, hətta yağarkən nifrət, qarğış, lənət oxuyurlar. Gülməlidir gerçəkdən. Sanki ağızlarından tökülən mənfi auralı sözlərdən yağışı utandıraraq yağmasına ara verəcəkdilər, ya da əbədi yoxluğa qeyb olunmasını təmin edəcəkdilər. Hə, düzdür, yağışın gətirdiyi “fəlakətlər” çoxdur, amma yenə də ona olan elani-eşqimin əbədiliyinə güvənim sonsuzdur.

Uşaqkən səmanın mənə yaxın olduğunu düşünürdüm. Əlimi uzadaraq oralarda bir yerlərə toxunmaq istəyirdim. Əlimi uzatdıqca uzadırdım, ayaq barmaqlarımın ucuna qədər çıxırdım, olmurdu. Taqətdən düşərək qolumun ağrısı belə məni “səma” adlı mavi ümman qədər incitmirdi, gözlərim dolurdu.

Yğışlı havalarda insanların nəqliyyat vasitələrindən acgözlüklə istifadələrinə, nə yalan deyim, qəribə baxıram. Çətirimlə gəzməkdən, ciyərlərimi yağışdan törəyən təbiət qoxulu oksigenlə təmin etməkdən, ovuclarımı uzadaraq damlaların oraya cəmləşməsindən böyük təbəssüm yoxdur mənə görə. Hətta mən üstümə maşının kobud sürəti ucbatından yağış çilənməsinə bir başqa heyranam.

Və belə yağışlı günlərin birində bir qadınla tanış oldum. Gəzərək ətrafı sey edirdim ki, birdən ayaq saxlamağa məcbur oldum. Onu bisetkada əlində buğumlanan fincanla gördükdə “yəqin bu yaxınlarda yaşayır” deyə düşündüm. Kare saç üslubu ilə dalğınlığını gizlətməkdən usanmırdı. Məndən bir neçə yaş böyük görünürdü. Ona niyə uzun-uzadı baxdığıma bir anlam qazandıra bilmədim. Ayaqlarım məni qeyri-ixtiyari bisetkaya gətirdi. Çətiri bağladaraq yüngülcə çırpdım. Qadın mənim varlığımı heç sezmədi də. Hələ dalğınlığında idi.

Əyləşib gödəkçəmin iç cibindən kağız, qələm çıxartdım. Universitetin birinci kurs tələbəsi idim. Amma oxumağa həvəsli deyildim. Kağıza qadın ayaqqabısının çizimini edərkən arada o qadına göz yetirirdim. Bəli, mənim çəkməçiliyə böyük həvəsim var. Hələ məktəbdə oxuyarkən anama hədiyyə kimi gözəl ayaqqabı seçimini etmişdim. Anamın üzündəki o heyrətverici cizgiləri hələ də xatirimdədir. Atam mənim çəkməçilik kimi “faydasız” sənəti özümə hobbi olaraq seçdiyimə dözə bilmir. Hər şam yeməyində bunu mənim üzümə deyərək məni acqarına masadan qaldırırdı. Əslində soyuqqanlılığım olmasaydı, atama deyəcək acılı sözlərim olardı. Anam da həmişə şam yeməyini yataq otağına gətirib tumbaya buraxırdı. Anam mənə arada-sırada məsləhətlər versə də, atam kimi üstümə çox gəlmirdi. O, bu “çəkməçilik” hobbisini keçici olaraq görürdü. Əslində, valideynlərimi qınamıram, nə də olsa tək övladam. Hobbinin yaranması səbəbi və tarixçəsi uşaqlığıma doğru gedib çıxır. Məhləmizdə Həsən baba vardı. Çəkməçi idi. Balaca dükanı vardı. Həm bizim məhlədən, həm də qonşu məhlələrdən ona müraciət edirdilər hər zaman. Biz də uşaqlarla birgə tez-tez burnumuzu dükanın pəncərəsindən içəri salıb maraqla baxırdıq. Mən isə hər gün gəlib izləyirdim. Həsən baba da məni ayrıca fərq edərək mehriban baxışları və təbəssümlə dükanın qapısını açıb məni içəri səsləyirdi. Onun qırışmış əllərinə baxırdım, bu əllərin möcüzəsinə heyrətlənirdim. Bəzən dərsdən qaçıb onun dükanına daxil olaraq bacardığım qədəri ilə yardım etməyə çalışırdım. 2 il əvvəl öldüyündə isə sanki bataqlığın üfünətindən məhv olan çiçəkdən elə də ciddi fərqim yox idi.

Dükanının dağıdılmasına əngəl ola bilmədim, Həsən baba, bağışlama məni!

Amma mənim maraq dairəmə yalnız qadın ayaqqabıları daxil idilər. Onların cürbəcürlüyü,rəngarəngliyi gözqamaşdırıcı gücə sahib idi. Və indi də cızma-qara etdiyim dikdabanlını bu qadının ayağında təsəvvür edərək xəfifcəsinə gülümsəyirdim. Əlimdəki işi bir anlıq dayandırıb qadına nəzər saldım. Qəhvədən ya da çaydan qurtumlayırdı, gözləri çox uzaqlarda idi. Əynində karandaş ətək, köynək, pencək, ayağında alçaqdabanlı tufli vardı. Görəsən kimdir, adı nədir, neçə yaşı var, niyə buradadır?! Mənim suallarımın sonu görünmür, amma eyni zamanda cavabsız da qalır.

Yağış kəsilmişdi. Onun yerindən tərpəndiyini görəndə tez işimə yönəldim. Deyəsən fincanı nəyəsə bükür, kağıza ya da salfetə. Çantanın qıfılının açılıb bağlanması səsini aydın eşidirəm. Çantasını çiyninə aşırdaraq bisetkadan uzaqlaşdı.

İçimdə boşluq yarandı. Dərin, adı bilinməyən boşluq. Sanki taqətdən düşmüş kimiyəm. O qadın mənim son gücümü özü ilə aparmış kimidir.

Aradan bir neçə həftə keçdi. Mən yenə də həvəssizcəsinə özümü dərsdə oturmağa məcbur etmişdim. Bizim müəlliməmiz xəstələndiyindən, onu digər müəllimə əvəz etməli idi. Qapı açılıb içəriyə kimin girdiyini gördükdə ilk əvvəl inanmaq istəmədim. Bu-o qadın idi...


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+13=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0501 saniye