Qol saatına baxıb masadakı kağız-kuğuzları qaydaya salmağa başladı. Qovluqları yerbəyer edəndən sonra arxaya yayxandı. Geniş təbəssüm edərək gözlərini bir anlığa qapatdı.
Qollarını masaya qoyub çərçivəyə zilləndi. Həyatdakı tək ən önəmli varlığı bacısı. Şəfiqə ondan 12 yaş kiçik idi. Məktəbin sonuncu sinfində oxuyurdu. Hüquqşünas olmaq istəyirdi. Murad da bacısına dəstək olurdu. Elə bacısına görə evlənməmişdi bu vaxta qədər. Şəfiqə bunu çox gözəl anlayırdı. Hətta dəfələrlə qardaşının evlənməsini təklifini irəli sürsə də, Murad mehriban şəkildə rədd cavabının verərək saçlarına sığal çəkmişdi.
Valideynləri maşın qəzasından dünyalarını dəyişəndə Murad işə yenicə başlamışdı. Çox ağır anlar keçirsə də, onları geridə qoymağı bacardı nəhayətində. Artıq 5 ildən artıq olar ki, tikinti holdinqində çalışırdı.
Murad işdən çıxanda yağışın qoxusu ətrafa işıq sürətilə yayılırdı. Göy üzünü bürüyən buludları görmək bir o qədər də aydın olmurdu. İnsan kütləsi getdikcə artırdı. Kimisi işdən, kimisi dərsdən çıxırdı. Bəziləri isti evlərinə, bəziləri isə dost-tanışla gəzintiyə çıxırdı. Sevgili, nişanlı və təzə evli olan cütlüklərin sevgisi gözlərdən oxunurdu.
Murad avtobusa minəndə gözünə tanış adam sataşdı. Gözlərini qıyıb beynini işə saldı. Hardasa 60 yaşlarında olan kişi üzünü yarıçılpaq bürüyən saqqalını qaşıyaraq yerini bir az rahatlaşdırdığında ona zillənən bir cüt gözü sezdi. Murada nəzər salanda gözləri parıldadı.
Mahmud əmi. Muradın yaşadığı məhlədə yaşamışdı bir müddət. Sonra şələ-küləsinə yığışdırıb köçünü etdi. Niyə etdi, bilinmirdi düzü. Tək yaşayırdı. Bir qızı vardı. Moskvada yaşadığı iddia olunurdu.
Muradla Mahmud əmi kafeyə girib isti çay sifariş edərək şirin-şirin söhbətə start verdilər. Murad arabir qol saatına narahatçılıqla nəzər salaraq vaxtı dəqiqləşdirirdi. 9-da evdə olmalıdır.
Kafe çıxışında Mahmud əmi siqaret yandırdı...