Yağış səsi –
haqq nəğməsi.
İlahi bir hikmət gizli bu ahəngdə.
Hiss etsən də, etməsən də.
Bu hikmətə,
bu ahənə sahib olan hər bir səda,
hər bir damla,
Saf Varlığın aynasından qopub gələn bir sehirdir,
bir tilsimdir.
Bu bir sirdir.
Anlamaz ki, hər bir naşı,
Deyildirsə, ruh yoldaşı.
Bu səs bizə xatırladar,
neçə-neçə il öncəni,
Bu səs bizə xatırladar,
düşünməyi,
düşüncəni.
Bu səs içrə gizlənibdir,
keçən anlar,
xatirələr
Bu səs ilə bəyan olur
həzin-həzin musiqilər.
İnsan,
insan, səndə əks olunub
dərk eyləsən düzgün əgər,
Aydın səma gözlərindir,
buludlar isə kirpiklər.
Qəlbin sənin sevinərkən,
yəni ömür baharında,
Sevincindən qopub gələr
inci-inci damcılar da...
Qəlbin sənin dərdə-qəmə
əsir olub çağlayanda,
Yanağına damla düşər,
kirpiklərin toqquşanda.