Yağışın altında gəzməyi, bir kafedə oturub damcıların rəqsinə baxmağı çox sevirəm. Yağış ruhumu təmizləyir, həyatımı saflaşdırır...
Ancaq dünən yağışın altında bir saat boyunca gəzəndə anladım ki, bu hisslərimi mənimlə bölüşən yalnız yanımda yürüyən bacımdır. Kövrəldim...
Gəzintidə rastlaşdığımız insanların üzündə qəribə, anlaya bilmədiyim bir narahatlıq, səbəbsiz gərginlik var idi. Özümü də bir az günahkar hiss etdim. Onlardan xoşbəxt olduğum üçün üzr istəmək istəyirdim. Mutluluğumu gizlətdim. Gəzintidən evə qayıdanda da əvvəlki kimi sevincli deyildim. İnsanların narahatlığı mənə də keçmişdi, üzümü-gözümü turşudub evə tələsdim.
Mənə görə insanlar 2 tipə bölünürlər: yağışı sevənlər və sevməyənlər.
Yağışı sevənlər həyatın hər anına sevinənlərdi. Hər anı dəyərləndirməyi bacaranlardır, xoşbəxt olmağı qarşısına məqsəd qoymuş kəslərdi.
Onlar üçün ən xırda nüanslardan həzz almaq çox rahatdı. Yağışdan qorxmurlar, islanmaq onlar üçün təhlükə sayılmır. Necə ki, həyatı yaşamaqdan qorxmadıqları kimi.
Onlarda mərhəmət və sevgi hissləri daha güclüdür. Sevməyi bacaran, köməyi əsirgəməyən bu insanlar həyatda ən xoşbəxt kəslərdi.
Onlar canlıları təbəqəyə bölmürlər. Ağaca da, gülə də, kücədəki kimsəsiz heyvana da eyni insanlıqla yanaşırlar.
Yağışdan sonrakı torpaq qoxusunu duyan insanlar isə bir başqa aləmdi. Nədənsə bu qoxunu cəza evindəki insanlar daha çox sevir, daha gözəl anlayır.
O qoxuda azadlıq, o qoxuda bir quşun sərbəstliyi, bir həyatın hekayəsi olur.
O qoxuda uşaqlığın, gəncliyin, qocalığın duyulur. Nə zaman yağış yağsa, keçmişindən xəbər verdiyi qədər gələcəyinə də bir qucaq ümid vermiş olur.
Yağışı sevməyənlər isə qorxaqlardı. Yağışın damcısından hürkürlər. Elə bil, bu yağış üzlərindəki maskanı yuyub qoparacaq, əsl üzləri üzə çıxacaq.
Onların yalan və nifrətlə yoğrulmuş bədənləri daima yorğunluq içindədir. Tək yağışa olan qəzəb deyil bu.
Hava isti olsa, deyəcək ki, mövsümə uyğun deyil hava, nə geyinəcəyimi bilmirəm. Hava soyuq olsa, deyəcək ki, qış vaxtsız gəldi, işləməyə, gəzməyə, heç yaşamağa da həvəsim yoxdu.
Piyada ayaqqabısı su oldu deyə narazı olacaq, maşını olan isə arabasını təzə yuduzdurub deyə hirslənəcək. İstənilən halda yağış onlarda qəzəb yaradır. Belə insanları həyatda heç nə ilə razı salmaq olmur. Həyatdan və insanlardan həmişə narazı və küskün halda gəzirlər. Həyatın yalnız problemlərdən ibarət olduğunu, dünyaya yalnız əziyyət çəkmək üçün gəldiklərini düşünürlər. Daima dərdlidilər. Məsələ yağışda deyil. Məsələ yağışı sevən və sevməyən insanların bir-birindən kəskin fərqindədir.
Seçimə qalanda mən həmişə mənimlə yağışın altında yürüyən insanları seçirəm. Onlara daha çox güvənirəm. Yağışı sevənlərin gözlərində bir başqa işıq olur. Dünyaya bir başqa gözlə baxırlar. Yağışı sevən insanları sevirəm. Çünki sevməyi bacarırlar.
Heyf, Bakıda mən belə insanlara az rast gəlirəm. Ən çox söyülən, nifrət edilən yağmurlu hava əslində Bakıya gözəl yaraşır. Ancaq insanların üzündəki kədəri gördükcə, mən öz xoşbəxtliyimdən əl çəkib, bir kəlmə demək istəyirəm: "Yağma, ey yağış, Bakı səni sevməyi bacarmır. Sən yağ, ancaq mənim üçün, yağ”.
Mələk Heydərova