Yalnız səni anlayanlar üçün danış!
Nihat Atabəyli tərəfindən "Hekayə" bolməsinə 19:20 10 sentyabr 2016 tarixində əlavə olunmuşdur

Anası kartof soyduğu bıçağı masanın üzərinə qoyaraq asta addımlar ilə üç metr kənarda sükuta qərq olmuş balaca oğluna yaxınlaşdı. Gözlərinin dərinliklərinə ani bir nəzər yetirərək diz üstə çöküb onun çiyinlərindən tutdu. Bu tədricən baş verdiyindən və heç gözləmədiyi bir reaksiya olduğu üçün balaca Ripp az öncə anasına verdiyi sualı beynində bir daha çək- çevir edirdi. Sıradan bir sual olmadığını vəziyyətin ciddiliyindən anlamışdı. Anası kiçik bir aradan sonra yaranmış məhvedici sükutu pozaraq asta və batıq səslə oğlundan

-“ Bunu sənə kim deyib?” soruşdu. Ripp həyacandan cavab verə bilmirdi. Çünki anasının sadə bir suala bu cür reaksiya verəcəyi ağlına belə gəlməmişdi. Anası ikinci dəfə eyni sualı eyni temp ilə soruşduğunda isə o bir- iki kəlmə “mən, o, orda” deyərək kəkildədi. Və birdən anası ona möhkəm bir sillə vuraraq var gücü ilə

-“ Bunu sənə kim deyib? Eşitmirsən? Bunu sənə kim deyib?” deyərək çığırmağa başladı. O ağlayaraq Ripi çiyinlərindən tutub sirkələyirdi. Və Ripp sırf canını qutarmaq üçün əli ilə zirzəmiyə enən pilləkənlərin qapısını göstərərək

-“Stolun üzərində yazılmışdı” dedi. Sonra anası ayağa qalxıb az əvvəl kənara qoyduğu bıçağı götürüb zirzəmiyə endi. Ripp ağlayaraq baş verənlərin stresindən çıxmağa çalışarkən anasının zirzəmiyə bıçaqla enməsinin səbəbini öyrənmək istəyirdi. Yavaş- yavaş döşəmədəki qapıya yaxınlaşdığında isə o annasının astadan hansısa sözü təkrar- təkrar pıçıldayaraq masanın üzərinə cızılmış “demokratiya” yazısını əlindəki bıçaqla parçaladığının şahidi oldu. O bıçağı iki əli ilə möhkəmcə sıxaraq masadakı yazını elə qazıyırdı ki, sanki amansız qatil öz qurbanına şans verməməkdən ötrü əlindən gələni əsirgəmirdi. Həmin gündən sonra Rippə zirzəmiyə enmək qadağan edildi. Bundan başqa isə o bir daha səbəbi hər nə olur olsun bənzər marağda olmayacağına dair anası və böyük qardaşına da söz verməli oldu. Ripp bir də zirzəmiyə endiyində artıq on doqquz yaşında idi. Anası dünyasını dəyişdiyi üçün qardaşı istisna olmaqla verdiyi sözü səbrsiz marağından üstün edəcək heç bir mövcudluq olmadığından o zirzəmiyə, daha dəqiqi isə üzünü belə görmədiyi atasının əşyalarına baxmaq üçün onun həyatının böyük hissəsini keçirtdiyi yerə enirdi. Pilləkənlər onu aşağı apardıqca Ripp anasının hətta ölüm öncəsi ona zirzəmiyə enməməsi ilə bağlı verdiyi son tapşırıqlarını xatırlayırdı. Nədənsə anası daxil ən yaxın ətrafında olan ikinci şəxs də onun zirzəmiyə enməsini istəmirdi. O isə artan təkidlərə rəğmən sonsuz marağına artıq uşaq olarkən yenilmişdi. Beləcə pilləkənlər ilə enib qaranlıq zirzəmini azca da olsa əlindəki şam ilə işıqlandırdı. Yaxınlarının onun bura enməsini istəməyəcək qədər fərqli bir zirzəmiyə bənzəmirdi. Bütün zirzəmilərə xas olan qoxu və hörümçək torları daxil insanda yaratdığı təəssüratı da eyni idi. Lakin buranı xüsusi edən ən fərqli məqam atasının iş masası olacaqdı. Hansıki illər əvvəl ilk dəfə demokratiya sözünü oradan oxumuşdu. Ripp bilirdi ki, bu masa, ümumiyyətlə isə zirzəmi nə isə ona yad olan bir sirri özündə saxlayırdı. Masaya yaxınlaşdığında ilk olaraq anasının bıçaqla silməyə çalışdığı demomratiya yazısından qalan hissələrə toxunmaq oldu. Bütün diqqətini barmaqlarının ucuna toplayaraq ovulmuş taxta səthdə illər əvvəl yazılmış sözü hiss etmək istəyirdi. Bir az sağa- sola baxıb masanın altını və gizli nələrsə saxlanıla bilinəcək digər hissələrini yoxladı. Ciddi bir ünsir tapa bilmirdi ki, valideyinlərinin onun bura enmək istəməmələrini əsaslandıra bilsin. Bir az daha zirzəmini dolaşıb sonda yenə masanın yanına qayıtdı. Tam üzərində, divardan asılmış kitab rəfindəki az saylı kitablarda da qəribə nə isə görünmürdü. Əslində kitablar artıq nə isə demək idi. Çünki onların yaşadıqları yerdə kitab oxumaq deyə bir anlayış mövcud deyildi. Divarlara heyvan rəsmləri çəkmək olardı, gildən heykəllərini düzəltmək də, hətta ovlanılmış heyvanların dərilərindən son dəb paltarlar da hazırlamağa icazə verilmişdi. Ancaq kitab oxumaq elə bir mövzu idi ki, burda hər kəs susardı. Qaydalar belə bir həvəsi olanları cəzalandırmırdı, onları heç sıxışdırmırdılar da. Sadəcə cəmiyyətin böyük bir hissəsi elə bir hala gətirilmişdi ki, onlar özləri kitab oxumaqdan imtina edərək gündəlik problemləri ilə eşələnmək məcburiyyətində qalmışdılar. Heç kəs dəyərli vaxtından saatlar ayırıb kitab- dəftərlə qurdalanmazdı. Çünki başçıların da dedikləri kimi kəndə ovlamağı bacaran insanlar lazım idi, oxumağı deyil. Bu olduqca sadə prinsip ilə çıxış edən yazılmamış qayda idi ki, sözsüz hər kəs tərəfindən dəstəklənəcəkdi. Heç kəs yazı- pozuya maraq göstərmirdi. Ona görə yox ki, bu dəbdə deyildi. Çünki buna ehtiyyac yox idi. Əsas gəlir mənbəyinin ov etməkdən çıxarıldığı bir sistemdə isə heç bir fayda verməyən istənilən işlə məşğul olanlara cəmiyyət bir az fərqli yanaşırdı. Küçədə və ya insanların çox olduğu yerdə kitab oxumaqdan söhbət belə gedə bilməzdi. Ətrafdakıların gülüş hədəfi seçilərkən beyinə işləyən pıçıltıların gurluğundan bu mümkün də olmayacaqdı. Ən əsası isə toplum psixologiyası adlı bir qəti nəzəriyyə də mövcud idi ki, cəmiyyət onlara yol göstərənlərin cızdıqları barrierlərdən kənara çıxmaq haqqda belə fikirləşmirdilər. Onlara yol göstərənlər isə yazıb- pozmağı deyil, ov etməyi seçmişdilər. Kitablar isə ən yaxşı halda dərisi soyulmuş heyvan cəmdəklərinin altlığı, tualetlərdə əsas vasitə olaraq və evindən uzaq düşən ovçunun qızınmaq üçün alov qalamaq istərkən ağlına gələn ilk ləvazimat kimi insanların həyatlarında yer alırdı. Günahlandırmağa bir kimsə yox idi. Çünki bütün hadisələr məntiqə uyğun baş verirdi. Kitab oxuyan ov edə bilməzdi, ov edə bilməyən isə ac qalırdı. Hətta ailələr belə qurularkən cütlüklər arasında sevgidən daha yüksək proriteti oğlanın ovçuluq bacarıqları tutardı. Ovladığı ən böyük heyvanın çəkisi, bu vaxta qədər öldürdüyü qurbanlarının ümumi sayı və s kimi mövzular əsas söhbət motivləri idi. Əgər bir ovçunun bu işdə etdiyi hər hasnı bir yeniliyi dillərə düşürdüsə o zaman fərəhlənmək üçün əsl zəmin yaranırdı ki, bundan da böyük uğur hekayəsi ola bilməzdi. Hətta belə ovçular kənd ağsaqqalları və ən əsas da başçılar tərəfindən sevilər, hər yerdə adları çəkilər və xüsusi bir hörmətlə qarşılanardılar.

Həyatın əsas mənasının vəhşilikdən keçdiyi bu mühitdə insanlar oxumaq əvəzində övladlarını balacalıqdan ov etmək, müxtəlif tələlər qurmaq, heyvanların davranışlarını mənimsəmək kimi işlərə tədricən öyrəşdirərək onların gələcəklərini sığortalamağa çalışırdılar. Rippə isə yazıb- oxumağı ən ilkin səviyyədə anası öyrətmişdi. Atasının son vəsiyyəti olduğu üçün. Anasına da yəqin ki, atası bu işdə yardımçı olmuşdu. Çünki düşüncəri ilə digərlərindən fərqlənməyən bir qadın heç zaman yazıb- oxumaq həvəsində ola bilməzdi. Ripp anasını xatırlayarkən hər zaman onun tez- tez şikayətləndiyi bəxtindən yan ötməzdi. O normalda olduğu kimi xoşbəxt təssüratı bağışlayan bir qadın tipajı olmamışdı. Və əsas səbəb kimi də həmişə həyat yoldaşını günahkar bilmişdi. Kasıbçılıq və safalət içərisində sürdükləri həyatdan tutmuş keçirtdikləri ən ağır günlərinin səbəbkarına kimi bütün hadisələrdə baş rolu Rippin atası oynamaq məcburiyyətində olmuşdu. Çünki o heç zaman ovçu olmağı bacarmamışdı. Həyatının böyük bir hissəsini kitablara həsr etmişdi ki, bu da onu yoxsulluğa sürükləyən ilk səbəblərdən olmuşdu. Rippin hələ ki, belə bir həvəs yox idi. Lakin anasının vəfatından sonrakı bir neçə ayda müntəzəm olaraq baş çəkdiyi zirzəmi və atasının ona saxladığı kitabları Rippi bu vaxta qədər heç bir yerdə rastlaşmadığı qəribə bir yenilik ilə tanış edirdi: Elm. Bütün yaradılışların izzahını verə biləcək azsaylı mövcudluqlardan biri. Növbəti üç ayı o fasilə etmədən kitab oxumaqla məşğul oldu. Qardaşının bəzən ov edərək gecələr evə gəlməməsi Rippin işinə çox yarayırdı. O heç nəyə, heç kimə fikir vermədən oxuyurdu. Bu isə onun yaşadığı cəmiyyət üçün yad, mövcudluğundan xəbərdar olmayan başçılar üçün isə olduqca təhlükəli idi. Çünki nələri isə bilməyən birinə nəzərən nədənsə xəbərdar olan birini idarə etmək olduqca çətin məsələ idi. Onlar yaratdıqları bu ideal cəmiyyətin indiki hala gətirilməsi üçün bir xeyli iş görməli olmuşdular,lazım gəldikdə öldürmüş, gərəkli olduğunda isə yoxa çıxartmışdılar. Məhs bütün bu səbəblər üzündən də öz cəmiyyətlərində kitab- dəftər həvəskarlarını, ixtiraçıları və istənilən sahədə yeniliklər etmək iqtidarında olanları görməyə o qədər də sevinməzdilər. Ripp isə günü- gündən daha çox onların nifrət edəcəyi birinə çevrilirdi. Doğrusu hələ ki, onların heç birinin Ripp xasiyyətdə bir şəxsin formalaşması barədə xəbərləri yox idi. Ancaq bu heç də Rippin də atası kimi eyni aqibəti yaşamayacağı anlamına gəlmirdi. Böyük qardaşı çox vaxt evdə ola bilməsə də Rippin nə isə gizlətdiyini başa düşəcək qədər ovçu sayıqlığına yiyələnmişdi. O başçıların böyük siyasətlərinin bir parçası olan ovçu dəstələrinin tərkibində olan onlarla şəxsdən biri olmaqla yanaşı evlərinin yeganə gəlir mənbəyi də sayılırdı. Anasının ona vəfat öncəsi dediyi son sözlərində Rippin atasının taleyini yaşamaması xüsusilə yer almışdı və məhs buna görə də böyük qardaşı bütün şübhələrinin üzərindən xətt çəkərək ona ailələrinin həqiqi hekayələrini danışmalı olurdu. Atası Rippin bildiyi kimi, xəstəlik səbəbiylə həyatını itirməmişdi. Onu qətlə yetirmişdilər. Kimin və necə etdiyini heç kəs görməmişdi , lakin o öz əcəli ilə dünyasını dəyişməmişdi. Heç bir dəlilin olmasına baxmayaraq əslində hər kəs onun ölüm səbəbini yaxşı bilirdi. Atası məhz öz fikirləri üzündən həyatını itirmişdi. Başçılar danışan insanları heç sevməzdilər. Çünki bir danışan cəmiyyətin laqeyid münasibətinə baxmayaraq tədricən minlərlə susanı da danşdıracaq potensiala sahib olurdu. Və öz mütləq hakimiyyətlərinə xərər gətirəcək ən kiçik bir nüansa belə göz yummayan başçılar onun həyatını əlindən almışdılar.

Qardaşının onu ciddi halda xəbərdar etməsindən sonra Rippin bir çıxış yolu qalırdı ki, o da gec olmadan bütün öyrəndiklərinin üzərindən xətt çəkərək cəmiyyət üçün normal birinə çevrilsin. Ya da o bu yolda atası kimi həyatından olacaqdı. Heç qardaşının da ona kömək edə bilməyəcəyindən əmin olan Ripp dəqiq bilirdi ki, idarə sisteminin hər nə olmasından asılı olmayaraq yaşadıqları cəmiyyət insanları tamamilə vəhşiləşdirmişdi. Onlar sevgi, insanlıq və mərhəmət hiss edə bilməyəcək bir şəkildə dəyişdirilmişdilər. Hətta qardaşı belə onun gələcək taleyi barədə şübhəli bir halda laqeyd reaksiya göstərirdi və bu Rippin diqqətindən yayınmırdı. Onun üçün bir doğru nəzəriyyə vardı: Özünün doğru bildiyi istənilən nəzəriyyə. Bir gün isə Ripp yenə zirzəmidə axtarışda olarkən atasının qeyd kitabçasına rast gəlir. Bu köhnə üzü və əzilmiş vərəqləri olan kitabça onun düşşündüyündən daha çox sirri saxlayırdı. Ripp məhz ordan xəbər tuturdu ki, onların yaşadıqları və başçıların tərk etməyə icazə vermədikləri ərazidən kənarlarda da insanlar, cəmiyyətlər mövcud imiş. Bu nə onun, nə də bölüşdüyü digər bir cəmiyyət üzvünün bilmədiyi bir sirr idi. Çünki nə vaxtsa kimdənsə belə bir xəbər eşitdiyini xatırlamırdı. Ripp atasının kitabçasına nəzər yetirdikcə hər gün daha çox anlamağa başlayırdı ki, başçıların yürütdükləri idealogiya özlərinin dedikləri kimi saf deyildi. Bəlkə də hər şey insanların rifahı üçün təşgil edilməmişdi. Bəlkə də cəmiyyəti doğru yolda olduqlarına inandırmaq sadəcə doğruları gizlətmək niyyəti güdürdü. Bəlkə də keçilməsi qadağan olunmuş dağlardan o təfərdə daha gözəl, daha rifah bir cəmiyyət mövcud idi. Kim bilirdi? Ripp başçıların əvəzsiz siyasətləri daxil mövcud olan yeganə cəmiyyətin onlar olmasında da şübhələnirdi. Ancaq dəyişə biləcəyi nə isə mövcud deyildi. Heç insanlar da ona inanacaq qətiyyətdə deyildilər ki, o öz şübhələrini onlarla paylaşsın. Bilirdi ki, çoxları ona güləcəkdi. Çünki ağlına gələnlər heç vaxt mövcud olmayan faktlar üzərində qurulmuşdu. Bir neçə ay keçdikdən sonra Ripp ilk dəfə öz idealarını digərləri ilə paylaşdığı zaman gülüş hədəfinə çevrilə biləcəyinin ehtimalını dəqiq hesablaya bilməmişdi deyə qəribə bir vəziyyətlə üzləşməli olurdu. Ehtimalları onu yanıltmırdı, cəmiyyət onu dəli kimi qəbul edirdi. Çoxları “Dəyişmək lazımdır” cümləsinin məntiqində dayanan mənasızlığı anlaya bilmirdi. Bəziləri isə “Nəyi dəyişmək?” deyə soruşurdu. Çünki həqiqətən də yaşadıqları cəmiyyətdə dəyişikliyə ehtiyacı olan tək şəxs Rippin özü idi. Hər kəs öz həyatından anlamadığları halda belə razı idi. Sadə, dəyişilməz və yalnız indiki zamanda mövcud olan həyatları vardı. Başçının onlara yaratdıqları əvəzedilməz şərait qarşısında onlar hər gün şükr edir və səhərini açan istənilən biri gecənin gəlişini gözləyirdi ki, yeni səhər açılarkən onu qarşılasın. Hər kəs ancaq cari gündə mövcud idi. Bu böyük cəmiyyətin heç bir üzvü özünü gələcək zamanda təsəvvür edə bilmirdi. Ripp uğrunda ölməyə belə hazır olduğu yolundan heç zaman dönməyəcəkdi. İnsanların, hətta qardaşının belə yad fikirləri səbəbiylə ondan üz döndərməsinə baxmayaraq o hər gün daha çox gələcək barədə düşünürdü. Elə başçı da onun gələcəyi haqqda ən az özü qədər narahat idi. Dəqiq bilirdi ki, onu da atası kimi öldürməli olacaqdı, lakin vəziyyəti qəlizləşdirən hal Rippin danışmağı çox sevməsi idi. O danışdıqca isə insanlar daha çoxunu eşitmək istəyirdi. O elmdən, fəlsəfədən və azad seçim etməyin gözəlliyindən danışırdı. İnsanlara hər atılan addımlarından sonra qoru hissi yaşamamağın mahiyyətindən danışdıqca cuşa gələn bu bic cəmiyyət heç vaxt onun ardınca getməzdi. Onu sadəcə öldürməyin mənasızlığını anlayan başçı vəziyyətin elə bir həddə yetdiyini hiss edirdi ki, artıq öz syasətinin süni saflığını bir kənara tullayıb onu elə cəmiyyətin gözü önündəcə cəzalandırmaq qərarında qətiləşmişdi. Elə bir seçim etmək lazim idi ki, hər kəs öz dərsini alsın. Başçı onu müxtəlif bəhanələr ilə dəfələrlə zindana saldırsa da bu Rippin səsini kəsməyə yetmədi. Həbs, qadınlar, qardaşının öldürülməsi, ancaq xəyallarında əldə edə biləcəyi həyat təklifi də onu öz yolundan döndərə bilmirdi. Və bir gün Ripp həmişəlik susdu. Başçı nəhayət ki, öz niyyətinə onun dilini kəsdirməklə nail oldu. Hər kəs bunun kim tərəfindən edildiyini əla bilsə də Rippin susması ilə onlar da sukuta qərq oldular. Beləcə hər kəs yenidən öz xoşbəxtliyinə geri döndü. Bu hadisədən hərə bir cür təsirlənmişdi. Kiminin Rippə yazığı gəlirdi, kimi üçünsə heç bir fərq etmirdi. Ripp isə atasının əlyazma dəftərçəsinin son verəqinə yazımış “Yalnız səni anlayanlar üçün danış!” cümləsini indi daha yaxşı başa düşürdü. 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+11=
Hesaba giriş
Müəllif

Nihat Atabəyli
Haqqında
Gözəllik aşiqi olan biri üçün gözəlliyi görüb də onu seyr etmək zövqündən özünü məkrum edəcək qədər qəddar seçim ola bilməz
Əlaqə
E-mail:
nihatatabayli@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.034 saniye