İllər uzunu əziyyət çəkib özü üçün balaca gecə-qondu inşa etmişdi. Yalqızlığının acısını bu, darısqal komasında çıxarmaq istəyirdi. Lakin,qəlbinə qonan zərrə qədər xoşbəxtliyi ona çox gördülər. Yalqızı yalquzaqlığa məhkum etdilər. Sənədsiz,sərəncamsız yapdığı damını başına uçurdular. İki gün sonra, yeni inşa ediləcək göydələnin təməli qazılırdı məzlum yalquzağın daxmasının yerində. Binə qazıldıqca, sanki, onun qəlbini qazıyırdılar, bünövrəyə axıdılan su,sanki, onun göz yaşları idi. Yalqızı qorxudan onun yalquzaqlığı deyil,ətraf mühitin amansızlığıydı. Onun kimi kimsəsizlərin ah-naləsi asimanı yarıb beşinci boyuta doğru hərəkət edirdi. Fəqət,imansızlar buludlardan öndə,yerə yaxın məsafədə ətdən divar hörmüşdülər ki,yetimlərin səsi hədəfinə çatmasın. Yalqızın yalquzaq fəryadı da, səslər arasında it-bat olmuşdu. İndi, ona təsəlli verən,səssiz axan göz yaşlarıydı. Nə yaxşı ki,hələ göz yaşları üçün əlavə dəyər vergisi(ədv) tətbiq edilməmişdi...
İki il sonra,yalqız yalquzaq geri qayıtmışdı. Ancaq, yeni bir daxma tikmək üçün deyil, sadəcə, köhnə yurduna azacıq nəzər yetirmək üçün. Hər şey dəyişmişdi. Sanki, bir zamanlar buralarda nə bir yaşillıq, nə də ki,onun min bir əziyyətlə ərsəyə gətirdiyi daxması mövcud olmuşdu. Qarşısında əzəmətli,möhtəşəm bir bina var idi...
Birinci mərtəbə: Restoran və kafelər. Qarşısında son model avtomobillər. Musiqi,əyləncə və bu,nəşəli səs-küy altında rəqs edənlər,tvist havasından çıxıb tanqoya keçənlər. Şərabın təsirindən bihuş olub bir-birlərinə sarılan gənclər...
İkinci qat: Deyəsən, şadlıq sarayıdır. Daxildəki gurultu bayıra sirayət etməsə də,bəylə-gəlinin hansı havaya oynamasını təxmin etmək olar.
Üçüncü etaj: Sakitlik və qaranlıqdır. Yəqin ki,ofis və firmalar üçün nəzərdə tutulub.
Dördüncü və ondan sonrakı 22-mərtəbə: Hamısı mülkü şəxslərin şəxsi mənzilləridir. Binanın almaz kimi işıldayan işıqları, yalqız yalquzağın dayandığı yerə qədər düşürdü. O isə,səssizcə, qarşısında dayandığı mənzərəni seyr edirdi. Görəsən,bu,İtalyan üslubu ilə tikilmiş binadakı yüzlərlə xoşbəxtin,onun kimi milyonlarla evsiz-eşiksiz bədbəxtdən xəbərləri varmı?..
Yalqız, son dəfə, öz əski daxmasını xatırladı. Yenə qəmli gözlər nəmləndi. Geri döndü,gəldiyi yerə tərəf doğru. O yer ki,orada onun daha nə bir gecə-qondusu var idi,nə də ki,nimdaş bir çarpayısı. Onun yeri,artıq şəhər kənarındakı sahibsiz xiyaban,çarpayısı isə,qırıq oturacaqlar idi...