Yanmış xəyallar
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 15:27 03 dekabr 2014 tarixində əlavə olunmuşdur

 "Gözlərimi geniş açdım.Hər tərəf qar kimi bəmbəyaz. Əynimdəki uzun don da ağappaqdır.  Addımlarımı irəliyə ataraq yeriməyə başlayıram. Ağaclar, çiçəklər, otlar, yollar sanki öz rənglərini itirmişdilər. Birdən dayandım. Zümrüd rəngli dəniz buxarlanırdı. Birdən qırmızı qızılgül göründü gözümə. Yaxınlaşıb dizlərimi yerə atdım. Əlimi uzadıb qızılgülü oxşadım.Xoş rahiyəsi vardı. Heç bir gül-çiçəkdə olmayacaq qədər. Kiminsə addım səslərini eşidib tələsik ayağa qalxdım. 8-9 yaşlı oğlan. Mavi kostyumu par-par parıldayırdı. Əlindəki kitabı mənə uzatdı. Kitabı əlimə alan kimi qeybə çəkildi. Narahatçılıqla ətrafa göz gəzdirdim. Heç yerdə yox idi. Kitabı açan kimi içindəki sehr dənəcikləri yüksəlib burulma formalı pilləkanlara çevrildi. Əlimlə donumun ətəyini tutub çıxmağa başladım. Digər əlimdə tutduğum açıq kitab öz sehrinə davam edərək müxtəlif parıltılı kəpənəkləri və çiçəkləri ilə məni gülümsədirdi. Pilləkanlar uzandıqca uzanırdı.Sonuncu pillə və kilidli qapı. Kiminsə aşağıdan donumu dartdığımı sezdim. Uzun hörüklü 5-6 yaşlı qız. Başındakı çələng dəniz mirvarisindən hazırlanmışdı. Əyilib qızın gözlərimə gülümsədim. O, mənim əlimdən yapışıb kilidli qapıya yönəldi. Pas atmış və qapqara kilid. Qapı isə tünd yaşıl budaqlarla sarılmışdı. Balaca qız əlimi qaldırıb kilidə toxundurdu. Kilid birdən şar kimi dolmağa başladı. Geriyə addımladıq. Kilid partladı. Ətrafa dağılmış qırıntıları yoxa çıxdı. Tünd yaşıl budaqlar geriyə çəkilib qapını azad etdilər. Əlimlə qapını itələmək istəyəndə öz-özünə açıldı. İçəri qaranlıq idi. Balaca qız əlimdən yapışıb başı ilə məni içəriyə dəvət etdi. Ayaq basan kimi açıq kitab sehrinə davam edərək kiçik-kiçik pərilərlə bizi əhatələdi. Onlar müxtəlif istiqamətlərə uçaraq canlanma yaratdılar. Qaranlıq çökərək öz yerini işıq və gözəlliyə verirdi. Balaca qızla yolumuza davam etdik. Daşa çevrilmiş hər kəs əvvəlki hallarına qayıdırdı. Sevinc göz yaşları ilə bir-birlərini qucaqlayırdılar. Saray əzəmətini geri qaytarırdı. Budur, qarşıda kral və kraliça. Cəngəvarlar bizi görən kimi diz çökdülər..."
***
 Gözlərini güc-bəla ilə aça bildi. Əlini alnına qoyub səfehcəsinə gülümsədi. Ah, bu yuxu imiş ki! Soluna baxdı. Yastıq, döşəmə, yorğan əzik-üzük. Qalxıb çarpayıda oturdu. Tumbada öz yerini möhkəmləndirmiş elektron saata nəzər saldı. Hm, 9-a qalıb. Başını dəli kimi yellədib ayağa qalxdı. Əl-üzünü yuyub geyim dolabına yaxınlaşdı. Güzgüdə öz-özünə tamaşa etdi. Xa, gülməlidir necə də! Ana-bala ayıların əks olunduğu pijama. Çarpayını səliqəyə salaraq mətbəxə keçdi. Baho, fil qulağında yatıb ki! Masanın durumu sözlə ifadə edilməz idi. Yeyib-içmişdilər, amma qalan işi ona buraxaraq getmişdilər. Əllərini belinə qoyub dodaqlarını bir-birinə sıxdı. Hm, deməli belə! Olsun, amma qurtuluş yoxdur. Elektron çaydanı qoşub masada "I" əməliyyatına başladı. Üç nəfərlik qəlyanaltı bir nəfərlik oldu indi. Uşaqların otağına girəndə gözlərinə inanmadı. Necə yəni, uşaqlar öz yataqlarını yığışdırmayıblar bu  səhər? Vaxsey! Tələsik işə imzasını qoydu.Zala girib radionu qoşdu. "Xəbər 1-2-3" anons verirdi. Az sonra Fm-də xəbər partlayışı olacaqmış, sən demə. Mətbəxə qayıtdı. Çay dolu fincanı masaya qoyub əyləşdi. Çubuq vanil qoxladı. Xəfif təbəssüm. Çörəyə yağ, şor yaxıb nuşi-can etməyə başladı.
***
 O-keçmiş fahişə idi. Ata-anası Hepatit C-dən dünyalarını dəyişdikdə 15 yaşı təzəcə tamam olmuşdu. Bütün qohumlar, tanışlar, qonşular qapılarını açmadılar. Anadangəlmə yerimə əngəli olan 2 yaş kiçik qardaşı-Oqtaya baxmaq üçün məktəbi atmağa məcbur oldu və  evinin yaxınlığındakı mağazada satıcı işləməyə başladı. Gözəl idi, həm də çox. Xameleon gözlərinə  çoxları vurulmuşdu. Amma onlardan betər biri vardı. Mağaza sahibi Kərəm rəsmən bu qıza sahib olmaq istəyirdi. Onu monitorda izləyərkən cavan satıcı Muradın tez-tez qıza yaxınlaşmasını həzm edə bilmirdi, qələmi sındırıb qanlı gözlərlə izləyirdi. Qızcığaz bu baxışlardan sıxılırdı, amma əlil qardaşını yadına salaraq işdən çıxa bilmirdi. Aldığı əmək haqqının bir hissəsini ehtiyat üçün yığırdı. Hər axşam tələsik gələrək qardaşı ilə doyunca söhbətləşərdi.Bacı-qardaş deyib gülürdülər, keçmiş xatirələrini xatırlayıb ağlayırdılar, gələcək arzularını genişləndirirdilər.Oqtay evdən çıxa bilmirdi. Düzdür, valideynlərdən qalma kitabxana, kompyuter, tv və radiodan istifadə edirdi. Amma qəfəsdə yaşamaq-intihara bərabər idi. Heç bir qohum-qonşunun maraqlanmaması da bir tərəfdən. Hər dəfə pəncərədən məhəlləni seyr edərkən qəhərlənirdi. Və bunu bacısına bildirəndə gözlərində ümman kədər olurdu. Əlil doğulduğu üçün taleyini lənətləyirdi. Qardaşına yardım edə bilməyən Minarə çarəsizcəsinə işdən vaxt tapıb onu bir yerlərə gəzintiyə çıxartmaq istəyirdisə, hər dəfəsində planları iflasa uğrayırdı işlərin çoxluğundan.
 Günlərin birində  evdən çıxıb işə gedərkən keçmiş sinif yoldaşlarından biri ilə qarşılaşdı. Dəniz onun halını izləyib kinayəli gülümsədikdən sonra ona "iş" təklif etdi. Gözləri dəhşətdən böyüyən Minarənin bədəni əsirdi. Birtəhər özünü ələ alıb ona rədd olmasını bildirib gemək istəyəndə Dəniz onun ovcuna vizit kartını basaraq qulağına pıçıldadı: "Uğurlar!". Həmin gün gərginlikdən doğru-düzgün satıcılıq edə bilmədi. Sahibi Kərəm onu öz kabinetinə çağırıb danladıqdan sonra ayağa qalxıb qıza yaxınlaşdı. Minarəni qorxu bürüdü. 1-2 addım geriləmək istəyəndə Kərəm cəld davranıb onu divara sıxışdırdı. Əli ilə qızın ağzını qapadıb digər əlini onun bədənində gəzdirməyə başladı. Minarə üçün oksigen tükənirdi. Göz yaşları içində çarəsizcə çırpınırdı.Amma kobud və güclü əllərdən xilas ola bilmirdi. Kərəm  şəhvət dolu gözlərini ona zilləyib pıçıldadı: "Səsini çıxartsan, qardaşını o biri dünyaya yollayacam!". Qız baxışları ilə yalvarırdı. "Axı mən sizin qızınız yaşındayam"- demək istəyirdi. Amma nəticəsiz qaldı, zorlandı.Səsini çıxartmadan, göz yaşı axıtmadan. Kərəm işini bitirib əynini geyinərkən döşəmədə əyləşərək əlləri ilə dizlərini qucaqlayan ruhsuz Minarəyə nəzər salıb geyimlərini "qurban"ına tulladıqdan sonra siyirtməni açıb pul paketi çıxartdı. Minarə gah qan ləkəsinə, gah geyimə, gah paketə, gah da Kərəmə baxırdı. İndi necə olacaq axı?! Əynini necə geyindiyini, kabinetdən necə çıxdığını xatırlamırdı. Ona zillənən gözlərdən bacardıqca qaçmaq istəyirdi. İnsanları-qadı, yaşlı, uşaq demədən kobudluqla itələyib uzaqlara qaçırdı. İşıqfora baxmadan, polis sirenalarını eşitmədən qaçırdı. Yaşadığı hər şeyi yaddaşından silmək arzusu ilə qaçırdı. Göz yaşları dayanmaq bilmədən axırdı. Qaçırdı, qaçırdı, qaçırdı. Haraya gəlib çıxdığı özü də bilmirdi. Ölmək istəyirdi. Sınıq-sökük skamyada əyləşdi. Əllərinə baxdı. Tir-tir əsirdilər bu əllər. Nə olacaq indi? Qardaşına nə deyəcək?
 Axşam düşdü. Saat 9, 10, 11...Minarə gəlmək bilmirdi. Oqtay isə əlil arabasında qaranlığa qərq olmuş evində bir şam işığı ilə bacısının yolunu gözləyirdi. Narahatçılıq, gərginlik, anlaşılmazlıq kulminasiyası idi. Hər nə qədər pis düşüncələri rədd etsə də, olmurdu. Lənət! "Haradasan, bacı? Gəl çıx..."-deyə pıçıldadı. Şam artıq tükənməkdə idi. Səhərə yaxın əlil arabasında yuxuya getdi. Kilidin açılış səsini eşidəndə oyanıb tələsik arabasını dəhlizə sürdürdü. Minarə qıpqırmız gözlərini qardaşına zilləyib diz çökdü, başını qardaşının dizlərinə qoyub zəif səslə bildirdi: "Bağışlama məni". Bütün şübhələrinin düz çıxdığı anlayan Oqtay əli ilə bacısının saçlarına sığal çəkib öpürdü. "Sən günahkar deyilsən"-deyirdi. Gözlərini qapadarkən yanaqlarının islandığını hiss etdi. O da başını bacısının başına söykətdi. Minarə ayağa qalxıb yataq otağına keçdi. Çantasını geyimlərlə doldurmağa başladı. Oqtay hər nə qədər yalvarsa da, nəticəsiz qaldı. Minarə evi tərk etdi. O, Dənizin təklifini qəbul etmişdi. Fahişə olacaqdı. Qazandığı pulların böyük qismini qardaşına yollayacaqdı. Elə də oldu. 17 yaşına gəldikdə artıq peşəkar fahişə kimi ad qazanmışdı. Ayrıca evi vardı. Qardaşını tez-tez xatırlayıb vicdan əzabı çəkirdi. Oqtay pulların, ərzaqların kim tərəfindən göndərildiyini başa düşürdü. Bacısının qisasını almaq istəyirdi. Amma onunla necə əlaqə qurmaq lazım olduğunu bilmirdi. Telefon yoxdur, ünvan yoxdur, sosial şəbəkə yoxdur. Kompyuter üzrə mütəxəssisləşirdi getdikcə. "Anonim" adı ilə məşhurlaşmışdı. İstənilən saytı, sosial şəbəkəni, bank hesabını virusla çökdürə bilirdi. 1-2 dövlət saytını rüşvətxorluğuna görə çökdürdüyü üçün axtarılırdı. Amma yeri tapılmırdı. Halından məmnunluqla onların acizliklərinə gülürdü. Və bir gün gündəm xəbərlərini oxuyarkən rastlaşdığı bir durum onu şübhələndirdi. "Ayna" mağazasının sahibi təcavüz...Gerisini oxumadı. Bacısını xatırladı. Olmaya o adam budur?! Yumruğunu masaya çırpdı. "Sən bitdin, alçaq! Məhv oldun! Buna görə cavab verəcəksən." Başladı araşdırmağa. Onu hər tərəfli iflasa uğratdıqdan sonra gözlərini yumdu və bacısını düşündü. "Bacı, darıxıram sənin üçün. Etmə bunu bizə. Qayıt, lütfənı." Minarə sanki qardaşının səsini eşitdi. Vərəqlədiyi jurnal əlindən sürüşdü. Dizlərinə dirsəklənib saçlarını barmaqladı. Əyləşdiyi divan yumşaq olsa da, sanki iynə üstündə əyləşmişdi. Qalxıb  iri addımlar atmağa başladı. Barmağını dişləyib başını pəncərə şüşəsinə dayadı. Evdən çıxıb taksiyə mindi. Sürücüyə ünvan söyləyib tələsik sürməsini bildirdi. Yol boyunca Oqtayla bağlı bütün xatirələri gözlərinin önündə canlanırdı. Hesab ödəyib maşından düşdü. Məhəllə onu fərq edəndə fəaliyyətini durdurdu. Hər kəsin gözlərini öz üzərində sezsə də, əhəmiyyət vermədən pilləkanları qalxmağa başladı. Açarı kilidə salıb burdu. Qapını açıb içəri girdi. Oqtay səsə əlil arabasını sürdürəndə qarşısında gözü yaşlı bacısını gördü. Bacı-qardaş bir-birinə sarıldılar. "Gəl gedək bu şəhərdən, bacı, gedək!" dedi Oqtay.
Böyük şəhərdən kiçik şəhərə köç etdilər. Gecəqonduların birində yaşamağa başladılar. Minarə kiçik dükan açıb fəaliyyətə başladı. Bu şəhərdə heç kim onları tanımırdı. Qadınlar dükandan bir az aralı ağac skamyada oturaraq tum çırtlaya-çırtlaya Minarəni izləyirdilər. Minarə isə heç sıxılıb eləmirdi. Oqtay "anonim" fəaliyyətini davam etdirərək saxta hesab açdırmışdı. Ona gələn təkliflərin böyük qismi "internet terroru" xarakterini daşıyırdı. Onların axmaq məqsədlərinə kinayəli təbəssüm edərək istəklərini realllaşdırmırdı. Hətta bəziləri onunla birbaşa ünsiyyətə də girməyə cəhd etmişdilər.
-Salam, "Anonim"çik!
-Sənə üç variant təklif edirəm. Birini seç.
A)Bağda ərik var idi,
Salam-əleyk var idi,
Bağda ərik qurtardı,
Salam-əleyk qurtardı.
B)Salam verdim, rüşvət deyil deyə almadılar.
C)Bir salama dəymədi.
-Anlamadım?!
-Error!!!
 Minarə qardaşının kompyuter işlərindən xəbərdar deyildi. Oqtay əvvəlcə ona demək istəsə də, sonra vaz keçmişdi. İnanıb-inanmamaq məsələsi yox idi ortalıqda. Sadəcə bacısının həyatını təhlükəyə atmaq istəmirdi. Onsuz da onu qoruya bilməmişdi. Minarə dükanı bağlayıb qardaşını gəzintiyə çıxardırdı. Əvvəlki bacı-qardaş söhbətləri geri qayıtmışdı. Minarə yatmamışdan qabaq zorlanmasını və fahişəlik xidmətini xatırlayarkən gözləri dolurdu. Bu zaman bacısının ağlamasını eşidən Oqtay çarəsizcə yumruqlarını sıxaraq hayqırmamaq üçün dodaqlarını gəmirirdi.
 Minarəni uzaqdan izləyib "bir könüldən min könülə" aşiq olan biri vardı-Fərid. Minarə bunu bilirdi, amma aşiqə rədd cavabı vermişdi. O, heç kimi sevmək istəmirdi. Amma bu Fərid qırsaqqız olub əl çəkmək bilmirdi. Səhər-axşam dükanının keşiyini çəkirdi sanki. "Qız"a yaxınlaşıb 1-2 kəliməlik söz demək istəyəndə o dəqiqə onun mülayim simasının buzlaşdığının şahidi olurdu. Əslində Fəridin sevgisi Minarəyə xoş idi, amma istəmirdi. Və istəmiyə-istəmiyə ona getdikcə daha çox bağlanırdı. Tələbə adını qazana bilmədiyindən küçə sərsərisinə çevrilən Fəridi bəzən görməyəndə darıxırdı. Günlərin birində cəsarətini toplayıb onun qarşısına keçdi. Fəridin sevinci həddi-hüdudu yox idi. Ta ki Minarənin sözlərini eşidənək. "Mən əvvəlcə zorlanıb, sonra fahişə olmuşam. Hə, nə oldu? Niyə daşa döndün? Əslində deməsən yaxşıdır, bilirəm hər şeyi. Günahkar mənəm-filan. Namusu ayaqlar arasında görən bir millət nümayəndəsinin sevgisinə heç ehtiyac duymuram. İndi isə rədd olub aləmə çar çək!"
 2-3 gün evdən çölə çıxmayan Fəridin depressiyaya düşməsindən şübhələnən anası nə qədər qapını döysə də, nə səs çıxırdı, nə də qapı açılırdı. Fərid çarpayıda uzanıb düşünürdü. Qalxıb gəzirdi. Güzgüdən özünə tamaşa edirdi. Gic-gic gülümsəyirdi.Yatmırdı, yeyib-içmədi. Və nəhayət qərar qəbul edərək qapının kilidini açdı. Anası divanda yatırdı. Axşam düşürdü. Bu vaxt Minarə dükanı bağlayıb evinə gedirdi adətən. Səs salmadan evdən çıxdı. Qaçmağa başladı. Budur, Minarə. Son kilidi vurub getməyə hazırlaşırdı. Birdən qarşısında Fəridi gördü. Çox darıxmışdı onun üçün. Qucaqlayanda Fərid də qolları ilə onu qucaqladı.
 Fəridin özünə iş tapması ilə hər şey tamamlandı. Fərid şəhərlərarası avtibus sürücü kimi fəaliyyət göstərməyə başladı. Bir müddət sonra kiçik toy mərasimi baş tutdu.
Amma hələ də internet aləmində böyük qalmaqal yaradan "Anonim"in kimliyini tapılmırdı. Oqtay isə işinə davam edirdi.
***
Minarə 4 yaşlı Jaləni və 6 yaşlı Turalı yatızdırıb Fəridin qarşısına keçdi.
-Yəni, deyirsən ki, şəhər gəzintisi?-şübhə ilə soruşdu.
-Aha!-32 dişini nümayiş etdirdi.
-İnanmadığımı bilirsən.Səhər tezdən gedirsiniz, axşam qayıdırsınız. Üstəlik mənə xəbərdar etmədən.
-Yaxşı, gəl,-deyib həyat yoldaşının əlindən tutdu və evdən çıxdılar...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+23=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0318 saniye