Yatağa həmişəkindən gec uzandı. Televizorda çoxdan arzuladığı bir filmi verirdilər. Bununla belə, filmin sonlarına yaxın onu mürgü tutmuşdu: gözləri əmrinə tabe olmurdu. Yarıyuxulu qalxıb televizoru söndürdü. Yatağa uzanıb, yumşaq adyalı üstünə çəkdi. Yayın ilk ayı olduğundan gecələr hələ sərin keçirdi. Açıq pəncərədən içəri sərin meh vurur, gecə böcəklərinin səsi xəfif xışıldayan yarpaqların səsinə qarışırdı. Birdən uzun-uzadı it ulartısı eşidildi.
“Elə bil canavar ulayır. Bu lənətəgəlmiş küçə itlərini də buralardan uzaqlaşdıran tapılmadı da!” – deyə ürəyində düşünərək böyrü üstə çevrildi. Belə daha tez yuxuya gedirdi. Amma bayaqdan qapanan gözləri yumulu olsa da yuxu gəlmirdi ki, gəlmirdi. Ulartıdan canına səksəkə dolmuşdu. Əlamətlərə inandığından belə qənaətə gəldi ki, gecə narahat keçəcək. Artıq bir neçə ildir ki, onu narahat edən kabusu görməkdən çox qorxurdu. İndiyədək bu kabusu təkrar görməmək üçün nələr etmişdi... Hər cür rituallara əl atmış: dualar oxumuş, pirlərə getmiş, hətta mollalara belə üz tutmuşdu, amma çifayda, kara gəlməmişdi. Kimə müraciət edirdisə ancaq bir şeyi eşidirdi: “Tək adamlara, xüsusən də qadınlara şər qüvvələr tez toxunar. Çalış tez bir zamanda ərə get, evindən uşaq səsi gəlsin, o zaman bu kabus da səndən əl çəkər!”
“Deməklə olan şeydimi? Qismətə bağlıdır, hə deyincə olmur ki!” – hər dəfə də cavab əvəzi deyinərdi.
Fikrini dağıtmaq üçün yaxşı şeylər düşünməyə başladı: az əvvəl seyr etdiyi filmdəki yaraşıqlı aktyoru gözünün önünə gətirdi, lap arzuladığı kişilərdən idi. İstər-istəməz əllərini yumşaq çiyinlərində, hamar boynunda gəzdirdi; saçlarını çəngələyib yastığa dağıtdı. Hardasa oxuduğu bir fikri xatırlayıb gülümsədi: “Tənha qadının sevgilisi barmaqlarıdır”. Düz sözə nə deyəsən!
Tumbanın üstündən telefonunu götürüb bəlkə layla əvəzi ona yuxu gətirər deyə, asta səslə həzin musiqi dinləməyə başladı. Onsuz da bir neçə melodiyadan sonra avtomatik olaraq çalğı dayanacaqdı. Amma bu musiqilər də ona təskinlik və rahatlıq gətirmək əvəzinə bir az da tənhalığını xatırladırdı – hələ də qəbul edə bilmədiyi, özünə sığışdırmadığı tənhalığı!
Nə vaxt yuxuya getdiyindən xəbəri belə olmamışdı. Və birdən... düşündüyü kimi də oldu! Yenə də O! Hər dəfə gəlişindən öncə üstünə dəhşətli bir ağırlıq çökürdü: elə bil qaya parçasının altında qalırdı. Və hər dəfə də bu “qaya”nın altından çıxana qədər nə məşəqqətlər çəkirdi: bütün bədəni keyiyir, əl-ayağını tərpədə bilmirdi. Nə illah edirdisə dili “bismillah”a dönmürdü, çünki həmin kabus məhz bu sözü deyə bilməməsi üçün onun ağzını möhkəm sıxırdı. Bircə başını çarəsizcə tərpədə bilirdi. Ürəyində Allaha yalvarır, yaradanın onu eşidəcəyinə inanırdı. Elə bəlkə də bu inama görə tədricən çənəsini məngənədən azad edir, Allahın adını çəkərək kabusdan xilas olurdu. Amma uzun müddət bədəni titrəyir, təşnə ciyərini doyuzdurmaq üçün bol su içirdi. Bununla belə yenidən yuxuya getməyə ehtiyat edir, səhər azanı oxunana qədər özünü məcburi oyaq saxlayırdı. Eşitmişdi ki, şər qüvvələr yalnız azana qədər “at oynada” bilirlər. Səhərə yaxın şişmiş, ağırlaşmış göz qapaqları, nəhayət rahatlıq tapa bilirdi.
Bu dəfə hazırlıqlı olduğundan, kabusu qabaqlaya bilmişdi. Ağırlığı qurşağına qədər hiss edəndə cəld yarıyadək dikəldi və alaqaranlıqda gördüyü mənzərədən dəhşətə gəldi: ayaqlarının üstündə yapışqan maddədən ibarət kimi qəribə məxluq vardı. Qismən insan fiquruna bənzəyirdi, amma daha iri idi. Nə üz-gözü, nə də saçı vardı: sadəcə olaraq qatı mayedən ibarət fiqur idi, hətta bu tərəfindən baxanda qarşıdakı divar da görünürdü. Əsməcə tutmuş əllərini birtəhər idarə edib adyalı qapdı. Cəld bu dəhşətli məxluqun üstünə atdı, adyal elə bil havaya yapışıb qaldı. Məxluqun adyalı kənara atmağı ilə onun üstünə çökməyi bir oldu. Hələ ağzının sərbəst olduğundan istifadə edib: “Rədd ol! Allahın lənətinə gələsən! Sən də Allaha tabesən, qorx...” – cümləsini bitirə bilmədi. Yapışqan əl onun çənəsini möhkəm sıxmağa başladı. Kabusu qəzəbləndirmişdi, ya nədi – bu dəfə ağırlıq əvvəlkilərdən də güclü idi. Adətən bu çarpışma iki-üç dəqiqə çəkdiyi halda, bu dəfə mübarizə uzandıqca uzanırdı. Gücü tükənmişdi, heç cür bu məngənədən qurtula bilmirdi. Təkcə gözləri sərbəst qaldığından, onun da əlacı ağlamağa qalırdı. Amma deyəsən, bu da kifayət elədi: isti, duzlu göz yaşı yapışqan ələ dəydikcə o boşalır, sanki əriyirdi. Tezliklə çənəsi məngənədən tamamilə xilas oldu. Dərhal üç dəfə bərkdən “Bismillah” və “Sübhanallah” – deyərək getdikcə daha da rahatlanmağa başladı. Əl-ayağının keyi yavaş-yavaş açılırdı, amma hələ də titrədiyindən sözləri düzgün ifadə edə bilmirdi. Ona görə də tez-tez Allahın adlarını təkrarlamağa başladı ki, dilini də rahat idarə edə bilsin. Yalnız bundan sonra daha da yüngüllük hiss etdi, ağlına ilk gələn ətrafına boylanmaq oldu. Heç bir şey yox idi, əmin olmaq üçün əşyalara göz gəzdirdi, yaddaşı yaxşı idi: yatmazdan öncə onların necə yerləşdiyini yaxşı xatırlayırdı. Hətta şəpiklərinə də göz atdı: hər şey yerində idi, axşamdan olduğu kimi. Rahat nəfəs alıb şükr etdi ki, gördüyü pis yuxuymuş, sadəcə olaraq, ona elə gəlib ki, ayıqdır, idrakı yerindədir. Tumbanın üzərindəki qrafindən su töküb içdi, əl-ayağını ovuşdurub yerindən qalxdı. Hər ehtimala qarşı bütün evi gəzdi: səssizlik idi. Yataq otağına qayıdıb açıq pəncərənin önünə keçdi, gecənin təmiz, sərin havasını ciyərlərinə çəkdi. Bir neçə dəqiqə beləcə, boşluğa zillənərək dayandı. Sonra gözlərindən ixtiyarsız yaş süzülə-süzülə Allaha yalvarmağa başladı:
“Ya rəbbim mənə rəhm elə! Günahım hər nədisə bağışla, məni belə imtahana çəkmə. Əgər cəza verəcəksənsə bəni-insan əliylə ver. İlahi sən qəriblərin, kimsəsizlərin dostusan, mən biçarəni bu əziyyətlərdən xilas elə! Məni tənhalıqdan qurtar, şər qüvvələrdən hifz elə!” – yalvardıqca daha da həyəcanlanır, isti, duzlu göz yaşları yanağından üzüaşağı süzülürdü. Boyun-boğazı qıcıqlandığından əlinin arxası ilə sildi. Buxağı, boynu, sinəsinin açıq yerlərinin tərini sərin hava da quruda bilməmişdi. Bir az da göz yaşıyla nəmlənmiş əllərini tərli yerlərinə çəkdiyindən yapışqanlı təbəqə əmələ gəlmişdi. Həm titrədib, həm də tərlədiyindən narahat oldu. Amma yenə də yerindən tərpənmədi, elə bil canında güc qalmamış, əzaları ağırlaşmışdı. Handan-hana xəstələnmək qorxusundan çiyninə bir şey atmaq istədi, əyni çox nazik idi, üşüyürdü, amma yataqdan adyalı götürməyə də ərinirdi, həm də ona elə gəlirdi ki, adyalı o məxluqun üstünə atdığından yəqin ki, yapışqanlı olar! Çimçəşdi, özü özündən iyrəndi, tez hamama keçib əl-üzünü, boyun-boğazını yuyub salavatlanmaq istədi. Hamamın işığını yandırıb əvvəlcə əllərini sabunladı, ovuclarını suyla doldurub üzünə çırpdı. Gözlərinə su girdiyindən ovuşdurmaq üçün güzgüyə baxanda buxağından aşağı qəribə parıltı diqqətini çəkdi. Əvvəlcə düşündü ki, gözü sulu olduğundan həmin nahiyəsini parıltılı görüb. Amma əlini sinəsinə çəkəndə... dəhşətə gəldi. Bayaqdan alaqaranlıqda tər hesab etdiyi təbəqə parıltılı, əcaib bir yapışqan idi. Karıxmış halda yapışqanı qaşıyıb işıqda baxdı: içi xırda hava qovuqcuqları ilə zəngin, nisbətən göyümtül bir maye idi. Artıq şübhəyə heç bir yer qalmırdı: bu yapışqan həmin məxluqa aid idi! Deməli az əvvəl gördüyü və yaşadığı heç də yuxu deyilmiş! Dizləri sözünə baxmadı, döşəməyə çökdü. Qeyri-ixtiyari titrəyən barmaqlarını yenidən sinəsinə çəkdi. Elə bu an xəfif səs eşitdi: bu, qatı bir maye xışmalanarkən çıxan fırçıltı səsinə bənzəyirdi. Başını qaldırmağa cəsarət edə bilmirdi, səs isə getdikcə yaxınlaşırdı...