Nəzrin hər axşam universitetdən evə qayıdarkən qonşusu Ayan xalaya baş çəkir, hal-əhval tutaraq söhbət edir, şam yeməyinin hazırlanmasında köməklik göstərirdi. Səbəb Ayan xalasını çox istəməsində idi. Onsuz da qocaman məhəllədə Ayan xalanı sevməyən tapılmazdı. 7-dən 77-ə qədər hər kəs ona az qala Müqəddəs Məryəm Ana qədər ibadət edirdi hətta.
7 il əvvəl sevdiyi nişanlısı əbədi itirən Ayan xalaya çoxlu qismət yolunun açılmasına baxmayaraq evlənməyib hələ də. Uşaq evindən 2 qardaşı övladlığa götürərək onların təlim-tərbiyəsi ilə məşğul olmağa başlayıb. Qardaşlardan kiçiyi Mustafanın nitqində qüsurların mövcudluğu Ayan xalanı təkcə qayğıkeş və fədakar ana obrazına büründürmədi, eyni zamanda ixtisasca jurnalist olmasına rəğmən pedaqoq və loqoped kimi şaxələnməsinə yardımçı oldu. Özəl bağçalardan birindən gələn iş təklifini qəbul edərək tərbiyəsi çətin uşaqların inkişafı ilə məşğul olmağa başladı.
Həsən və Mustafa qardaşlarının Ayan xalaya olan sevgiləri bitmək-tükənmək bilmirdi. Onlar bilirdilər ki, övladlıqdırlar. Həsən özündən 2 yaş kiçik qardaşı Mustafanı istər məhlədə uşaqlarla oynayarkən, istər məktəbə gedərkən hər zaaman müdafiə edirdi. Hətta ibtidai sinif müəlliməsi Firuzə əsəblərini cilovlaya bilməyərək Mustafaya qışqıranda və kiçik uşaq özünü itirib ağlayanda bu xəbəri dərhal eşidən Həsən az qala müəllimə ilə dalaşmışdı da.
Hər dəfə işdən evə qayıdarkən uşaqları dəhlizdə görəndə Ayan xalanın sevincinin həddi-hüdudu olmurdu. Onlarla birgə mətbəxdə əyləşib isti çay içərək dərslərindən xəbər alırdı. Həsənin davakarlığını tənqid etsə də, Mustafanın qeydinə qalmasına sevinirdi.
Ayan xalaya istənilən dəstəyi verən qardaşı və uşaqların “dayısı” İlhamın gəlişi evdə şənliyə çevrilirdi. Düzdür, uşaqlara olan sevgisinin dərinliklərində həyat yoldaşının və körpəsinin ölümü dururdu.Harada hamilə qadın və kiçik uşaq görürdüsə, ürəyindən başlayan ağrı sürətlə bədəninə yayılaraq hörümçək toru kimi bürüyürdü. Tez-tez gələ bilməsə də, “bacısı uşaqları”na bayram keçirtməyi yadından çıxartmırdı. QİÇS xəstəsi olduğundan bacısının atdığı addımı ata bilmirdi. Xeyr, düçar olduğu bəladan utanmırdı. Sağalacağına ümidi böyük idi, baxmayaraq ki eyni zamanda qırtlaq xərçəngi təzə-təzə boğazından yapışmağa macal tapmışdı.
Ayan-İlham bacı-qardaşın bir-birlərindən savayı heç kimləri yox idi. Analarının sağ olmaları heç bir önəm daşımırdı. Bu salondan çıxıb o salona girən, səhərdən axşama qədər öz qeydinə qalmağın manyakı olan “ana” sanki nə Ayanı, nə də İlhamı 9 ay bətnində daşımayıb. Həyat yoldaşının vəfatından sonra uşaqları tamam unutmağa qərar vermişdi…