Yaşamaq şansı
Əli Məhərrəmli tərəfindən "Hekayə" bolməsinə 08:42 06 avqust 2015 tarixində əlavə olunmuşdur

Yaşamaq şansı

Anadangəlmə ürək qüsuru ilə doğulmuş oğlunun artıq 11 yaşı vardı. Bir neçə gün əvvəl anidən uşağın halı pisləşdiyi üçün kardioloji xəstəxanaya yerləşdirmişdilər. Bütün müayinə və prosedurlar başa çatmışdı. Ürək-damar cərrahının verəcəyi son qərarı gözləyirdilər.

Həkimin otağının qapısı açıldı və içəridən çıxan tibb bacısı növbədə dayananların arasında üzünü Cavada tutaraq buyurun keçin, sizin növbənizdir dedi.
İçində dəhşətli bir həyəcan və qorxu ilə həkimin otağına daxil oldu. Sanki pis bir xəbər eşidəcəkdi deyə dizləri əsirdi. 

"Buyurun əyləşin": həkim sakit tərzdə Cavada oturmaq üçün stulu göstərdi. Oğluna aid bütün analizlər, xəstəlik tarixçəsi və şəkillər həkimin stolunun üstündə idi.
-Siz uşağın atasısız?

-Bəli
-Yəqin ki, bilirsiz sizin oğlunuza mədəciklər arası divarın dəliyi diaqnozu qoyulub. Uşaq böyüdükcə xəstəlik orta ağırlıq dərəcəsindən daha mürəkkəb ağır fazaya keçib. Sizi qorxutmaq da istəmirəm, amma həqiqət bundan ibarətdir ki, uşağın həyatını xilas etmək üçün açıq ürək əməliyyatına ehtiyac var. Özü də təxirə salmadan.
Gözləri dolmuşdu. İndi təkcə ayaqları deyil, bütün vücudu titrəyirdi. Qəhər boğurdu. Çətinliklə də olsa boğuq səslə soruşdu: "Doktor oğlumun yaşamaq şansı var"? 
Yaşamaq şansını bizə verən də, alan da yaradandır. Əlbəttə var. Özü də yüksəkdir. Sadəcə oğlunuz böyüdükcə ürəyi və ürəyinin problemi də onunla bərabər böyüyür. Biz bir neçə saatlıq əməliyyatla xəstəliyi onun ürəyindən götürəcik ki, bundan sonra sağlam böyüsün. 

Həkimin səsindəki əminlik və gözlərindəki ümid verən parıltı Cavadın qorxularını azaltsa da içindəki qarışıq suallara cavab verə bilmirdi. Axı əməliyyat üçün pulun heç onda biri də yox idi. Satmağa daha heç nələri qalmamışdı. Borc alacaq bir kimsə ağlına gəlmirdi. İki günlük xəstəxana xərclərini belə ödəməyə gücü çatmadığı üçün sənədlərini girov qoyub pulu gətirəcəyinə söz vermişdi. 
"Uşağı evə aparmaq olmaz. Ən yaxın zamanda əməliyyat etməliyik": həkimin səsi sükutu pozdu.
- Cavad həkimin zorla eşidəcəyi asta bir səslə soruşdu: "Əməliyyat üçün nə qədər pul lazımdır?"

- Bunu sizə aşağıda deyəcəklər. Amma az deyil.
O, zaman biz İlkini evə aparaq. Yaxın günlərdə pulu toparlayıb gətirərik deyəndə özü də yaxşı bilirdi ki, bu pulu heç bir yerdən tapa bilməyəcək. 
Həkim Cavada baxıb çox ciddi bir sifət aldı, yerindən qalxıb asta addımlarla ona yaxınlaşdı. 
-Siz bizim klinikanın sponsoru olan şirkəti tanıyırsız?


-Xeyir.
- Həkim geriyə, stoluna tərəf çevrildi və siyirməsindən fərqli bir kibrit qutusu çıxarıb sözünə davam elədi. Baxın bu kibrit istehsalçısı bizim klinikada bəzi aksiyalar təşkil edir. Bunun müqabilində öz reklamlarını yerləşdirir. Ayda bir dəfə belə bir aksiya var. Siz 3 kibritdən qırılmış olanını tapa bilsəniz sizin xərcləriniz sponsor tərəfindən ödənilir. 

Sözlərini bitirər-bitirməz keçib yerində əyləşdi və telefonla qəbuldakı qıza zəng edib. Zəhmət olmasa sponsor şirkətin ödəniş blankını gətirin deyib dəstəyi yerinə qoydu.
Cavad həkimin dediklərindən bir şey anlamadığı üçün susub, onun davranışlarını izləyirdi. 
Həkim əlindəki kibrit qutusundan 3 kibrit çıxarıb stulun altında ovucunun içində gizlətdi və hər üç kibritin başını eyni boyda bayıra çıxarıb dedi. Bu kibritlərdən ikisi bütöv, biri isə qırıqdır. Siz qırıq olanı çıxarsanız oğlunuza yaşamaq şansını qaytaracaqsız. Bunu deyib əlini Cavada doğru uzatdı. 
Nə baş verdiyini anlamasa da əlləri əsə-əsə qeyri-ixtiyari bir kibrit çəkdi. Kibritin ayağının qırılmış olduğunu görəndə doluxsunmuş halda. "İndi nə olacaq?" deyə titrək bir səslə soruşdu.

Bu zaman qəbul otağından gələn gənc xanım qapını döyüb içəri daxil oldu. Həkim həmin xanıma doğru çevrilib: "Bu sənədləri götürün. Əməliyyat üçün sənədləşməni başlayın. Əməliyyat xərcləri sponsor tərəfindən ödəniləcək. Hesab fakturanı isə mənə gətirərsiz" deyib Cavada baxdı: "Sıxmayın ürəyinizi. Hər şey gözəl olacaq. Oğlunuz çox şanslı imiş. İndi isə məni bağışlayın. Başqa xəstələrim var. Vaxt isə məhduddur. Aşağıdakı qızlara yaxınlaşmağı unutmayın.
Cavad sanki nitqini itirmişdi. Geriyə, qapıya doğru addımlayanda həkimin onun gözlərini görməməsi üçün aşağı baxırdı. Səsi titrəyirdi zorla və xırıltı ilə bircə kəlmə sağ olun, Allah köməyiniz olsun söyləyə bildi. Aşağı mərtəbədə həkimin otağından çıxan xanım əlindəki sənədlərin içindən Cavadın şəxsiyyət vəsiqəsini çıxarıb ona doğru uzatdı. "Buna daha gərək qalmadı": deyib sürətlə uzaqlaşdı.
Axşam saatlarında Səməd həkim otağından çıxıb pilləkənlərlə düşüb mühafizəçilərlə sağollaşdı. Qapıdan bayıra çıxıb maşınına doğru gedəndə yaşlı bir kişinin səsinə ayaq saxladı. "Ay oğul bəlkə səndə siqaret yandırmağa bir şey ola" deyə kişi soruşdu. 

Həkim əvvəlcə var deyib cibindən kibrit qutusunu çıxarsa da anidən nə düşündüsə kişiyə mühafizəçiləri göstərib dedi: "Uşaqlara yaxınlaşın. Onlarda alışqan olur". Sonra kibrit qutusunu qaytarıb cibinə qoyub yoluna davam elədi.
Gecə növbəsinin xadimələri otaqlarda təmizlik işlərini qurtarıb dəhlizdə söhbət edirdilər. Xadimələrdən biri təəccüblü bir tərzdə dilləndi: "Deyirəm bu oxumuş adamların da qəribə xasiyyətləri var ey. Hər gün bu Səməd həkimin zibil qabında bir ovuc yanmamış kibrit görürəm. Hamısının da aşağısı qırılmış olur..."

Yaşamaq həvəsimizə yaşamaq şansı qatan həkimlərə ithaf olunur...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+22=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0241 saniye