Yaşıl
ŞvartsMan tərəfindən "Hekayə" bolməsinə 17:56 08 yanvar 2017 tarixində əlavə olunmuşdur

Sinxronizmə inanırsız ya  yox- bilmirəm. Sadəcə  indi  sizə  başıma  gələn   hadisələr  silsiləsindən  yaranan kiçik  hekayə  danışmaq  istəyirəm.

Yaşıl  rənglə  bağlı  “travma”nı  əsgərlikdə  aldım. Fevralın 23-ü hamam günü  idi. Əynimi  soyunmuşdum  ki, mənimlə  birlikdə hamama hazırlaşan  əsgər  yoldaşlarımdan  biri  dedi  ki, su  çiçəyisən. Bədənimə  baxdım. Təzə-təzə  çıxmağa  başlayan  sızanaqları  gördüm. Onda  çatdı mənə  niyə   neçə  gündür  halım  yoxdur, iştaham  qaçıb,  özümü  yorğun  və xəstə  hiss  edirəm. Hamısı  su çiçəyinə  görəymiş.

Sevindim. Hə, sevindim  ki, tibb  məntəqəsinə  düşəcəm. Çoxdandı  bu  dağdan aşağı  düşmürdüm. Az  da  olsa  istirahət  edəcəm. Hərbidə  olanlar  bilirlər ki, tibb  məntəqəsi  xidməti  fırlatmağın  ən  rahat  yoludur.Həyatım  boyu  su  çiçəyi, qızılca, sarılıq  tutmamışam. Su  çiçəyi də mənə bizim tabora  gələn  gənc  əsgərlərdən  keçdi. Taborda  əsgərlərin bəziləri  su  çiçəyindən  tibb  məntəqəsinə düşüb-çıxmışdı. Ən  axırda  mən  bu  xəstəliyə  tutuldum  və Tovuzun  tibb  məntəqəsinə  sabahsı  günü  düşəcəkdim. “Hazırlaş, sabah  aşağı  düşürsən”-həkim  bədənimə  baxıb  qərar  verdi. Əla!

Heç  nə. Tibb  məntəqəsinə  düşdüm. Adımı, soyadımı, hansı  taborun  əsgəri  olduğumu  yazıb  qeydiyyata  saldılar. Və  tibb  məntəqəsində  başqa  xəstələrlə  birlikdə  qalmağa  başladım. Həmin  tibb  məntəqəsində  su  çiçəyinə  tutulmuş  xəstələr   başqa  xəstələrdən  çox  idi.Gündəlik  müalicəmiz  dərman-iynə və  zelyonkalanmaq. Sızanaqlar  bədənimin  hər  yerində  çıxmışdı. Bütün  paltarlarımızı  soyunub  bədənimizdəki  sızanaqları  zelyonkalayırdıq. Mən  başqalarından  fərqli  olaraq  xəstəliyi  ağır  keçirdirdim. 3 gün  ərzində  bədənimin  hər  yerində  dəhşətli  qaşınmalar  olurdu. Zəhrimara  qalmış  su  çiçəyinin  ömrü  8  gündür  və  bu  8 gündə  80.000 dəfə  başımı  qaşımışdım  bəlkə  də. Başımı  qaşımayanda  bədənim  qaşınırdı. Öz  bədənimə  baxanda  iyrənirdim. Bədənim  zelyonkadan  yamyaşıl  olmuşdu. Hər  gün  zelyonka  vurmağa  məcbur  olurdum ki, sızanaqlar  tez  qurusun. Palatalardan  zelyonka  qoxusu  gəlirdi.Hamı  Şrekə  oxşayırdı. Yaşıl  rəngə beləcə  nifrət etməyə  başladım. Hətta  “yaşıl  rəngli”  bu  xəstəlikdən  o  qədər iyrənmişdim  ki, yemək  vaxtı  zelyonkalı    sifətlərə  baxanda  yediyim  cemi, yağı, yumurtanı  qusmaq istəyirdim. Amma  yaxşı  bilirdim  ki,  mən  də  o zelyonkalı  sifətlərdən  biriyəm. Belə-belə  yaşıl  rəngdən iyrənməyə  başladım. Yaşıl  rəngi  artıq  sevdiyim  rənglər  arasından  çıxarıb  ən axıra  tulladım.

Çox  uzatmayacam, 3  gündən  sonra  qızdırmam  40  dərəcəyə  qalxdı. Məni  təcili  Şəmkir  hospitalına  göndərdilər. 2 həftə  orda  qaldım. Yenə zelyonkalı  sifətlər  gördüm. Artıq  hospitalda  zilyonkalanmadım: həm  yavaş-yavaş  sağalırdım, həm  də  iyrənmişdim. Hospitaldan  sonra  tabora  qayıtdım. Dağın  başı  olduğundan  yaşıl  meşəliklər  və  yenə  yaşıl  hərbi  formalar.

Təxris  olunub  əsgərlikdən evə  qayıtdım. 4  ay  keçdi. Oktaybrın  axırları  idi. Hava  soyuyurdu  və  buna  görə  də  evdə  qalın  yorğana  keçmişdik. Təsadüfən  yorğanım  yaşıl  çıxdı. Yəni  o  dərəcədə  travma  almamışdım ki, şıltaq  uşaqlar  kimi  yorğanım yaşıl  olduğuna   görə  imtina  edim. Yaşıl  rənglə  bağlı  aldığım  “travma”dan  çox  aylar  keçmişdi, hardasa  unutmuşdum. Amma  görünür  yaşıl  rəng  məni  unutmayıb. Bir  müddət  yaşıl  yorğanla  yatdıqdan  sonra  fərqinə  vardım  ki, yorğanın   rəngi  bədənimə çıxır.  Elə  bil  yorğan  gecəylə  tərləyib  öz  rəngini  mənə  keçirirdi. Bədənim, üzüm  yaşıl  rəng  olmurdu, amma  əl-üzümü  yuyanda  yaşıl  rəng  çıxırdı. Eyni  yaşıl  rəngli  yorğanlardan  evdəkilər  də  istifadə edirdi, lakin  yorğanın    rəngi  çıxmırdı  əllərinə, üzlərinə. Belə olduqda  bir  ehtimal  ağlıma  gəldi:” Həə, yəqin  su  çiçəyinə  görə  zelyonkadan  çox  istifadə    edirdim  deyə, yaşıl  rəngi  özümə  maqnit  kimi  çəkirəm”. Əlacsız  qalıb  yorğanı  rədd  elədim. Yaşıl  rəngli  olmayan  başqa  yorğana  keçdim. Canım  qurtardı!

Bu  yaşıl  rənglə  bağlı  hadisələr  zənciri    bitmədi  ki, bitmədi. Bu  yaşıl  rəngli  yorğan  hadisəsindən  1  ay  sonra  səhər  tezdən  telefonuma  zəng  gəldi. Xəttin  o  biri  tərəfindəki  xanım  səsi  mənə  iş  təklif  edirdi. Çox  yerə  cv  göndərməsəm də, təəccüblü  gəlmişdi  mənə  şirkətdən  zəng  vurmaqları. Halbuki,  mən  heç  bir  şirkətə  cv  göndərməmişdim. İnanmayacaqsız, şirkətin  adı  nə  olsa  yaxşıdır? Düz  tapmısız. Amma  onun  ingiliscəsi. Şirkətin  adı  “Green  life” dır. Mən  də  bu  şirkəti  ciddi  iş  bilib  sabahısı  gün, necə  deyərlər, geyinib-keçinib  getdim  şirkətə. Bunlar  şəbəkə  imiş. Yəni  yaşıl  rəngli  dərmanlar, bitkilər  satıb  yaşıl  pullar  qazanmağı  vəd  edən  biznes şirkəti  idi. Başqa  adlarla  da  fəaliyyət  göstərən  bu  şəbəkə  sistemi  zibil  iş  imiş. Bu  sistemi  Azərbaycanda  quran  şirkətlər  bu  və ya  digər  adlar  altında  maxinasiyalar  edirdilər. Gənclərin  çoxunun  işə ehtiyacı  olduğundan   bu  etibarsız  işədüzəltmə  yerlərinə  aldanırdılar.  Bu  şəbəkə  sistemində  işləmiş  dostlarım   var, dedilər  ki, başını  burax  getsin.

Qısacası,  mənim  bu  yaşıl  rənglə  heç  bəxtim  gətirmir. Yadımdadır, sevgilimlə  ilk  görüşə  yaşıl  T-shirtlə  getdim,  elə  həmin  yaşıl  T-shirtlə  də  2  gecə  keçirib ayrıldıq. Təsadüfən, mən  Şrek  idim, o da  Fiona. İkimiz  də  yaşıl.

Qəribəsi  odur  ki, ən  istifadə  etdiyim  rənglərdən  biri  yaşıl  rəngdir: bloknotum, sabunum, köynəyim  yaşıldır. Hələ  lap  qəribəsi  o  olar  ki, bir  gün  yaşıl  rəngdən, yaxud  meşədə, dağda  ölərəm. Əgər  doğurdan  yaşıldan  ölsəm, bunun  hekayəsini  kimsə  yazmalı  olacaq. Adı  da  “Yaşıl  adam”  olacaq – indidən  deyirəm.

Dekabr, 2016


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+4=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0424 saniye