Sabira, keçsə də illər yenə hər an yatıram.
Məni incitməyir, lay-lay deyir dövran yatıram.
Rahatam var yeməyim, isti otaq, bir də pulum,
Başım üstə nə qədər qopsa da tufan yatıram.
Molla da dəng eləyir: "sübhü-obaşdan ayılın",
Çıxaraq minbərə hər gün verir azan, yatıram.
Vallahi, istəyirəm göz açıb ətrafa baxım,
O dəqiqə gözümü bağlayır şeytan yatıram.
Dün eşitdim Ağdamın məscidə od vurulub,
Dedim Allah edəcək onları peşman yatıram.
Nəyə lazımdır axı bir bu qədər dava-dalaş,
Nə üçün veməliyəm torpaq üçün can? - yatıram.
Bu həyat qanunudur: canlılar ölüm dadacaq,
Nə gərək alim olum, mən elə nadan yatıram.
Arada istəyirəm ölkəmizdən hali olam,
Məni məst eyləyir ekrandakı canan yatıram.
Məni əbəs yerə, Elnur, qınama, anla bunu,
Nə qədər yuxudadır əhli-müsəlman, yatıram.