Klubumuzun üzvləri müxtəlif mövzularda yazıb yaradırlar. Bəziləri bu sənətdə ilk addımları atırsa, artıq püxtələşənlər də az deyil. Biz isə müəlliflərimizdən yazıçılıq sənəti haqda soruşduq.
Yazıçı kimi uğur qazanmaq üçün hansı məqamlara diqqət yetirmək lazımdır? Yaxşı yazıçı necə olmalıdır? - sualları ilə müəlliflərimizə müraciət etdik. Maraqlı və müxtəlif fikirlər eşitdik. Müəlliflərimizin düşüncələrini oxucularımızla bölüşürük.
Peykər İbrahimova. Təkcə yazıçılıq yox, hər hansı bir sahədə uğur qazanmaq üçün insan olduğu yerlə olmaq istədiyi yer arasındakı yolun çətinliyini dərk etməlidir. Ancaq xüsusi olaraq yazıçı kimi uğur qazanmaq üçün ilk məqam, məncə, səbrli olmaqdır. Çünki əsər yazmaq üçün lazımi ideyanı tapmaq səbr tələb edir. Eyni zamanda düzgün söz, ifadə seçimi də vacibdir və buna bəzən günlər sərf edilir. Yazıçı yazdıqlarını daimi şəkildə təhlil etməlidir. Hər dəfə nəzərdən keçirdikdə bəyənmədiyi cəhətləri növbəti əsərlərində təkrarlamasın deyə bu vacibdir. Tərifi tənqiddən yox, tənqidi tərifdən üstün tutmalıdır. Tərif arxayınlaşdırır, tənqid inkişafa, hərəkətə sövq edir. Daima mütaliə etməlidir. Ancaq özünü təkcə kitablardan ibarət bir dünyaya sıxışdırmamalıdır. Musiqiyə, kinoya, rəssamlığa, ümumiyyətlə, incəsənətə maraqlı olmalıdır. "Nə qədər çox bilsən, azdır" fikrini qəbul etməlidir. Oxucu kütləsini saxlamaqla birlikdə, yeni oxucular cəzb etməlidir. Bunun üçün isə o, öz-özünün həm oxucusu, həm də sərt tənqidçisi olmalıdır.
Samir Hüseynov. Yazıçı kimi uğur qazanmaq üçün tələbatdan çox, öz fikirlərini yazmaq doğrudur. Öz fikirlərin isə insanlar tərəfindən doğru qarşılanmaya bilər. Ətrafdakı sözlərə əhəmiyyət vermək lazım deyil. Sadəcə, yazmaq lazımdır.
Mirvəlişli Mirmöhsün. Yaxşı yazıçı hər bir mövzuda məlumatlı olmalıdır. Yazdığının oxucu üçün mənfi və müsbət cəhətləri ayırd etməlidir. "Niyə yazıram?", - deyə özündən sormalıdır. Cavabı tapan kimi kağız və qələmə qaçmalıdır. Tələsməməli, içindən gələndə yazmalıdır.
Yazıçı dərindən düşünməlidir. Bir bənd şeiri belə... Uğursuzluqdan qorxmamalıdır. İsti-soyuğu müəyyən etməyi bacarmalıdır.
Təranə Anka. Yazıçı kimi uğur qazanmaq üçün əvvəlcə fərqli düşüncəyə sahib olmalısınız. Hər kəsin gördüyü, düşündüyünü deyil, onların görmədikləri, həyat künclərində gizlənən hadisələri oxucuya çatdırmağı bacarmalısınız. Fərqli mövzularda və daxilən sizə yaxın olan janrda yazmalısınız. Ən əsası, hansısa məşhura özünüzü oxşatmamalısınız, özünüz olmalısınız...
Əfsanə Saqıyeva. Daha çox insanın duyğularına, hisslərinə, yaşantılarına təsir edə biləcək mövzularda yazmağı bacarmalısan. Eləcə də, yazı dilinin, üslubun sadəliyi və anlaşıqlı formada yazmaq kimi texniki tərəflər də var.
Tamella Abdıyeva. Mən daha çox tərcümələr edirəm. Yəni, yazılanları dilimizə uyğunlaşdırıram. Yazmağa isə, hələ ki, cəsarətim çatmır. Çünki içimdəkiləri özümə danışmaqdan belə çəkinirəm. Kütlə üçün isə bacaracağıma inanmıram. Bəlkə, qocalanda yazdım, bilmirəm... Yəni, sözüm ondandır ki, yazıçının ilk növbətə cəsarəti olmalıdır.
Samirə Hüseynova. Yaxşı yazıçı olmaq istəyən öz üzərində çox çalışmalıdır. Dil bilgisinə xüsusi fikir verilməlidir. Pozitiv düşünmək, optimist olmaq lazımdır ki, uğur qazana biləsən.
Rüfət Yaqubov. İlk növbədə, zamanla ayaqlaşmaq mütləqdir, yazıçı yaşadığı dövrdə oxucu kütləsi qazanmaq üçün tələbatları bilməlidir. Onların problemlərini qələmə alan yazıçı daha tez uğur qazanır. Çünkü fantastik və macara kitablarını artıq hamı oxuyub. Hazırda gündəmdə olan qalmaqallı və həyat materiallarıdır. Yaxşı yazıçı bunları ustaca təsvir etməyi bacarmalıdır. Təbii ki, öz dəsti xətti, öz üslubu ilə... Uğur qazanmaq üçün oxucu qəlbinə toxunmağı bacarmalısan.
Xuraman (Tilda Marter). Əgər sən yazarsansa, yazdığın heç bir yazıda tam mənada özün olma. İnsanların, kəlmələrin, fikirlərin, hətta nöqtələrin yerinə qoymalısan özünü. Öz eqonla və öz sarsıntılarınla dolu bir yazı yazsan, təbii ki, sadəcə, bir müddət sevilərsən. Ona görə də işlətdiyiniz obrazların yerinə keçin. Həmin hissləri yaşayın. Və hətta o obrazlar, kəlimələr sizin uşaqlarınız olsun.
Yazıçı kimi uğur qazanmaq üçün bu mühümdür, mənim fikrimcə...
Leyla Məmmədli. Yaxşı yazıçı olmaq üçün əsas şərtlər daimi mütaliə, mütəmadi yazmaq və aktual mövzular tapıb işləməyi bacarmaqdır, deyə düşünürəm.