İsti yay aylarında biz evə gələrkən soyuducuda tapdığımız istənilən qidalardan istifadə edirik ki, aclığımızın qarşısını alaq. Bu isə düzgün deyil. Çünki yay aylarında orqanizm daha çox maye və mikroelementlər itirdiyinə görə qidalanma rejiminə daha diqqətlə yanaşmaq lazımdır. Yay aylarında özümüzü sağlam və gümrah hiss etmək üçün aşağıdakı məsləhətlərə əməl etmək lazımdır:
Tərəvəzlər: İsti yay günlərində tərləmə səbəbindən orqanizm daha çox maye və mikroelementlər itirir ki, bunlar da tezliklə bərpa edilməzsə, maddələr mübadiləsinin pozulmasına və ürək-damar sistemi xəstəliklərinə gətirib çıxara bilər. Bunların qarşısını almaq üçün yediyimiz qidalar və içdiyimiz mayenin tərkibinə və miqdarına diqqətlə yanaşmalıyıq.
Həkimlər yay aylarında daha çox təzə tərəvəzlərə üstünlük verməyi məsləhət görürlər. Bu tərəvəzlər istənilən formada hazırlana və çiy yeyilə bilər. Yay aylarında soyuq və ilıq şorbalardan istifadə edilməsi məsləhət görülür. Bu qrupa tomat şorbası, dovğa və tərəvəz şorbaları aiddir. Belə qidalar orqanizmi təravətləndirir və bədənə yüngüllük gətirir. Şorbalardan əlavə yağsız bişirilmiş mal və quş əti də məsləhət görülür. Ət yeməkləri də tərəvəzlərlə birgə bişirilsə daha yaxşı olar. Lakin yay aylarında ət qidalarının miqdarı az olmalıdır. Çünki ətli yeməklər bədən temperaturunun yüksəlməsinə səbəb olur ki, bu da yay aylarında arzuedilməzdir.
Salatlar: Şübhəsiz ki, isti günlərdə müxtəlif salatlar müvəffəqiyyətlə digər qida növlərini əvəz edə bilərlər. Salatlar hər bir halda müxtəlif tərəvəzlərin kombinasiyasından ibarət ola bilər. Salatları pomidor, xiyar, bibər, soğan, kahı, kələm, kök, turp kimi tərəvəzlərdən hazırlamaq olar. Bu zaman salatlara zeytun yağı və alma sirkəsi əlavə etmək lazımdır. Yayda istifadə edilə biləcək daha bir qida məhsulu göbələkdir. Göbələk eyni zamanda həm faydalı, həm də yüngül qida növüdür. Göbələk öz növbəsində müxtəlif qidalarda əti əvəz edə bilər. Bu zaman göbələk hazırlayarkən bu yeməklərə yay tərəvəzləri də əlavə edə bilərik. Bu qrupdan olan növbəti qida məhsulu isə paxladır. Paxla həm quru, həm də sulu yeməklərdə müvəffəqiyyətlə istifadə oluna bilər. Eyni zamanda qarnir kimi istifadə edilə bilər. İsti günlərdə qidalara müxtəlif ətirli ədviyyatların vurulması məsləhət görülür. Ədviyyatlı qidalar maye tələbatını artırır və bunun nəticəsində biz daha çox maye içirik ki, bu da isti yay günlərində orqanizmin susuzlaşmasının qaşısını alır.
Meyvələr: Sözsüz ki, yayı meyvələrsiz təsəvvür etmək mümkün deyil. Hər birimiz yay aylarında dondurma yeməyi sevirik. Amma buna baxmayaraq, yayda ən faydalı desert əlbəttə ki, meyvələrdir. Meyvələrdən eyni zamnada müxtəlif meyvə salatları hazırlamaq olar. Meyvələri desertlərə xüsusilə də yoqurtlara əlavə etmək mümkündür. Yayın ən çox məsləhət görülən meyvələrində qarpız və yemişi göstərmək olar. İsti günlərdə tərkibində çoxlu maye olduğu üçün bu meyvələr əvəz edilməzdir. Mayedən əlavə belə meyvələrin tərkibinə çoxsaylı qidalı maddələr və vitaminlər daxildir. Daha sonra çiyələk, gilas, qarağat, moruq və digər meyvələr də orqanizmimizi faydalı maddələrlə təmin edir və bağırsaq funksiyasını yaxşılaşdırır. Meyvələrdən başqa meyvə şirələri də yay aylarında faydalı və ləzzətlidir. Meyvə şirələri orqanizmimizi təravətləndirir, vitaminlərlə təmin edir və immunitetimizi yüksəldir. Lakin meyvələrdən istifadə də ifrat dərəcədə olmamalıdır. Çünki meyvələrin tərkibində çoxlu miqdarda karbohidratlar var. Yay aylarında spirtli içkilər məsləhət deyil. Spirtli içkilərdən istifadə bədən temperaturunu və arterial təzyiqi yüksəldir. Eyni zamanda bədəni susuzlaşdırır.
İçkilər: isti günlərdə 6-8 stəkandan az olmayaraq maye qəbulu məsləhət görülür. Bu məqsədlə də adi su, meyvə şirələri və ot çaylarından istifadə edilməlidir.
Beləliklə, isti yay aylarında sağlam qalmaq və yaxşı əhval-ruhiyyədə olmaq üçün mütləq düzgün qidalanma rejiminə əməl etməliyik.