Yazıçı arvadıyla müsahibə...
meyxoş abdullah tərəfindən "Hekayə" bolməsinə 14:17 19 noyabr 2018 tarixində əlavə olunmuşdur

                                                  Yazıçı arvadıyla müsahibə...

 

                                                   “Yazıçı arvadlarının oxuması məsləhət deyil...”

                                                                                                                        (Yazıçı arvadı Suzana...)

 

                 Əri haqqında müsahibə verəcəyini biləndə bundan boyun qaçırmaq istədi:

                   – Yox.., yox, bu mümkün olan iş deyil. O ki hələ sağdır, bunlar nəyə lazımdır?! Siz onun özündən bu barədə niyə soruşmursunuz ki? – deyə Suzana xanım jurnalist qıza etiraz etdi.    

             - Siz öz əriniz haqqında danışmağı beləmi çətin iş bilirsiniz?! Bu, həm bizim üçün, həm də oxucular üçün çox maraqlı olardı, elə deyilmi? Görək, yazıçı xanımları ərləri barədə nə düşünürlər, nələri etiraf edirlər? Bizim onlar haqqında bilmədiklərimiz nədir? – deyə jurnalist qız onu dilə tutmağa çalışdı.

            - Yox, çətin iş deyil, - deyə Suzana xanım gülümsədi. Amma siz düşündüyünüz qədər asan da deyil. Birdə ki, siz jurnalistləri yaxşı tanıyıram, hər şeyə qulp qoymağı xoşlayırsınız. Gəlin, bu işdən vaz keçin, qoca vaxtımızda bizi bir-birimizdən küsdürməyin.

            Jurnalist qız təkid etdi:

            - Xanım, xahiş edirəm, razılıq verin, inanın söhbətimiz səmimi, həm də çox maraqlı alınacaqdır. Əmin edirəm ki, sizin öz xoşunuza da gələcəkdir.

            Qadın bir qədər fikirləşdikdən sonra:

            - Hmm... Nə deyirəm, bir halda ki, israr edirsiniz, onda bir müsahibəyə görə sizi üzməyə dəyməz. Amma şərtim var, - deyə Suzana xanım ehmalca jurnalist qızın əllərindən tutdu və gülə-gülə: - dediklərimi olduğu kimi yazacaqsınız, əllaməçilik etməyəcəksiniz, razılaşdıqmı?!

            Qız:

            - Narahat olmayın, xanım, hər şey ürəyinizcə olacaqdır.

            Onlar razılığa gəldikdən sonra jurnalist qızın ilk sualı bu oldu:

         - Siz əriniz Səid Kəngərlini yaxşı tanıyırsınızmı?!

            Suzana xanın bir qədər duruxdu. Jurnalist qıza elə gəldi ki, o, sualı tam anlamıyla başa düşmədi. Dediklərini təkrar etmək istəyəndə, Suzana xanım başının işarəsiylə buna etiraz etdi və dedi:

            - Qızım, insanı tanımaq üçün deyirlər, gərək, onunla yol-yoldaşı olasan. Amma mənə elə gəlir ki, bu sözlər adi və təsadüfü adamlar üçün deyilibdir. Yaxın adamını tanımaq istəyirsənsə, əksinə, gərək ona bir qədər uzaqdan baxasan. Səid müəllimi məndən uzaqda olanda tanımışam. Onun varlığını, mənə nə qədər gərəkli olduğunu yanımda olmayanda başa düşmüşəm. Onunçün darıxanda, onun həsrətini çəkəndə hiss etmişəm ki, mən onsuz yaşaya bilmərəm.

             Biz çox vaxt insanları tanımaqda yanılırıq. Xüsusən də, doğmalarımıza qarşı çox diqqətli olduğundan, onlara gözübağlı inanırıq. O dərəcədə inanırıq ki, onların səhvlərini görməyə belə gücümüz və iradəmiz çatmır. Səid mənim üçün hər şeydən əvvəl arzuladığım bir insandır. O insanı zaman, illər dəyişməyibsə, demək onu yaxşı tanımışam. O mənim üçün həmişə sevdiyim insan olaraq qalacaq.

            - Sizcə yaxşı insan necə olmalıdır?

            - Ağıllı, sadə, saf, zəhmətkeş, vətənpərvər, xeyirxah və ailəcanlı. Ağıllı adamı bundan başqa cür təsəvvür etmək olmaz, mənim balam.

           - Biz Səid müəllimi tanıyırıq və bilirik ki, sadaladığınız bu keyfiyyətlərin hamısı onda vardır. Amma gəlin sualımıza səmimi cavab verin, axı, ola bilməz ki, insan başdan ayağa təmiz, ideal olsun, onun heç bir səhvi olmasın. Bu mümkün olan iş deyil, elə deyilmi? Səid müəllim də insandır, onun da nə isə bir nöqsanı olmalıdır, axı. Deyək ki, cəmiyyət onun o səhvini görmür, amma uzun müddət bir yerdə yaşayan adam onun o səhvini görməyə bilməz. Məsələn, deyək ki, kişilərin hamısına xas olan bir cəhət var, deyingənlik. Deyin görüm, Səid müəllim necə, o da deyinirmi?!

            - Offf... Siz allah, bu barədə danışmayaq, - deyə Suzana xanım bərkdən güldü.. Cavan vaxtlarımızda onun deyingənliyinə heç cür öyrəşə bilmirdim, tünd sirkə kimi bir şeydi. Buna görə də, ondan tez-tez küsüb inciyərdim. Sonralar vərdiş etdim, indi o deyinməyəndə darıxıram.

            - Ən çox nəyə əsəbləşir?

            - Çox şeyə... Ona aid olan əşyalara əl vurduqda, pal-paltarı ütüsüz olanda, yalan danışan adam görəndə, nə bilim, xudbin, lovğa insanlarla rastlaşanda çox əsəbləşir. Ən çox da haqsızlıqla qarşılaşanda. Ümumiyyətlə, çox həssas və dəqiq bir insandır, lap metro saatı kimi.

            - Söyüş necə, söyürmü?

            - Yox...Söyüşdən xoşu gəlmir. Bu vaxtacan kiməsə söydüyünü eşitməmişəm. Əsəblərini cilovlaya bilməyəndə “zibil” və ya “lənətə gələsiniz” sözlərini daha çox işlədir. Bu sözlərə görə də, onu cəzalandırmaq, məncə yersiz olardı.

            - Onunla necə tanış oldunuz? Yəqin ki, Səid Kəngərli o vaxt tanınırdı?

            Suzana xanım gülür:

         - Yox... Mən ona könül verəndə hələ yazıçı deyildi, əyalət qəzetinin adicə bir əməkdaşıydı. Bostandan, kələmdən yazdığı xırda məqalələrinə heç əhəmiyyət verən belə yox idi. Müəllifinin kim olduğuyla maraqlanmadan qəzeti büküb kənara qoyardılar. Bircə, mən anlayırdım, duyurdum ki, o, gələcəyin tanınmış yazıçısı olacaqdır. Çünki o, cansız bir çöpün, dəyərsiz bir əşyanın da, necə deyərlər, ürək döyüntüsünü hiss edərək yazırdı. Onun güclü hissiyyatı var, həm də yaxşı görür. Yazıçılıqda ən önəmli şərt görümdür, yerin altını, göyün ənginliklərini, təbiətin səsini və insanın içini görüb hiss etmək. Bəzən mənə elə gəlir ki, o insanların susmağının da səsini eşidir. Bunlar yazar üçün olduqca böyük vergidir, qızım. - Hə, o vaxtlar mən oxuyan məktəbə gəlmişdi, məktəbdən nə isə yazı hazırlayacaqdı. Onda mən onuncu sinifdə oxuyurdum. Dərhal onu tanıdım.

            Növbəti həftə qəzetdə məktəbimizdən yazı dərc olunduğunu biləndə hamı onunla maraqlanmağa başladı. İlk tanışlığımız belə oldu.

            - Onu aradınızmı?

            - Eh, canıyanmış məktəb qızları imkan verirdilərmi? Qəzetə məktublar göndərir, onu yalandan tərifləyib göylərə qaldırırdılar. Onlar doğru, mən yalan olmuşdum.

            - Bəs, siz nə etdiniz, siz də məktub yazırdınızmı?

            - Heç nə etmədim, bircə dəfə də olsun məktub yazmadım. Ondan küsdüm. Mənə acıq gəlirdi, axı. Dünənəcən məndən başqa heç kəsin tanımadığı birisinə indi hamı məktub yazsın... Bunlar mənə çox ağır gəlirdi. Sonra fikirləşdim ki, axı, burada o yazığın nə günahı vardır, onun yazılarını oxuduğumu haradan biləydi? Hardan biləydi ki, mən onunla maraqlanıram?

            - Maraqlıdır, bəs sonra nə oldu, aranızda nələr baş verdi? Yoxsa, hər şeyə birdəfəlik son qoydunuz?

            - Sonra nə oldu?! Sonrası nə olacaqdı, ay qızım? Elə qəribə sual verirsən ki... - deyə Suzana xanım çiyniylə qıza toxunaraq bərkdən güldü. - Görmürsən, onun evində oturub müsahibə verirəm? Sonrası nə olacaqdı, ona ərə gəldim, onun həyat yoldaşı oldum.

            Qızın sifəti bir qədər qızardı. Sonra o, səhvini düzəltməyə çalışaraq:

            - Yox... əlbəttə... bilirəm... Deyirəm, yəni, bu elə birdən-birə oldu?

            Suzana xanım gənc qızın çaş-baş qaldığını hiss edərək, söhbətə axar verməyə çalışdı:

            - Əlbəttəki yox. Mən orta məktəbi bitirdikdən sonra musiqi kollecinin piano sinifinə daxil oldum. İkiilyarım orada təhsil aldım. Oxuduğum müddətdə Səidin mətbuatda hekayələri, artıq, dərc olunurdu. Gözəl hekayələr idi, oxucular tərəfindən maraqla qarşılanırdı. Xüsusən də, “Səma gözəli” adlı əsəri hamını valeh etmişdi. Bilirdim, ürəyimə danmışdı ki, bir az geciksəm, o mənim olmayacaqdı. Necə deyərlər, qismətimi əldə etmək üçün mücadilə etdim, axtarıb onu tapdım. – Siz allah, məni üzlü bir qız kimi tanıtmayın. Nə edim, onu sevirdim. – deyə Suzana əlləriylə üzünü qapayıb bərkdən güldü.

            Jurnalist qız Suzana xanımın bu səmimiyyətindən ürəklənərək:

            - İlk dəfə sevirəm sözünü kim dedi, Səid müəllim, yoxsa siz?

            - Gülməyəcəksiniz ki?! – deyə, Suzana xanım gülməkdən özünü zorla saxlayaraq soruşdu.

            Jurnalist qız maraqlı bir sirrin üstünü açdığına əminmiş kimi, verdiyi vədi də unudaraq gülə-gülə:

            -Yox... gülmərəm... Niyə gülüm, burada nə var ki?.. – deyə, özünə əmin olmadığı üçün əlləriylə ağzını qapayaraq maraqdolu baxışlarını Suzana xanımın üzünə dikdi.

            - Elə isə, qoy etiraf edim; - birinci mən dedim... – deyə Suzana xanım gözlərini qıyaraq qıza baxdı.

            - Siz dediniz? – Ola bilməz, siz ha... Jurnalist qız, bu dəfə bərkdən güldü.

            Suzana xanım da ona qoşulub gülməkdən uğunub getdi.

            - Hə... hə... Mən dedim. Dedim ki, sizi sevirəm!

            - Bəs, o nə dedi?

            - Heç nə!...

            - Bir kəlmə də olsun söz demədi?

            - Yox!..

            - Eləcə, lal-dinməz durub üzünüzə baxdı?

            -Yox!..

            - Bəs, nə etdi? Bir söz deməliydi, axı sizə?

           - Qucaqlayıb məni öpdü.

            - Öpdü?!.. Allahım... Nə danışırsınız? Nə gözəl. Elə birdən-birə? Ondan bu hərəkəti gözləyirdinizmi?

            - Yox, heç ağlıma gəlməzdi ki, o belə etsin?

            - Bəs, həmin anda onun haqqında nə fikirləşdiniz?

            - Heç nə... Düşündüm ki, öz hisslərini cilovlaya bilməyən dəlisov bir qızın sevgisinə bundan gözəl cavab nə ola bilər?

            - Toyunuz nə vaxt oldu?

            - 1986- cı ilin aprel ayının 26 da.

            - Yəqin ki, toyunuz dəbdəbəli keçdi?

            - Yox, olduqca sadə bir toy idi. Adi bir restoranda baş tutan toydan nə dəbdəbə gözləmək olardı, canım. Toyda hər iki tərəfdən yüz nəfər adam iştirak edirdi.

            - Niyə belə az?

            - O özü belə istədi. Sadəliyi sevən adamdı. Dəbdəbədən heç xoşu gəlmir.

            -Suzana xanım, birdən unudaram, yeridüşmüşkən soruşum, yazıçı arvadı olmaq, çətindirmi?

            - Oyyy... gözəl qız... Cəhənnəm haqqında təsəvvürünüz varmı?

            - Əlbəttə. Cəhənnəm haqqında mistik təsəvvürə malikəm, qır qazanı, nə bilim zəqqum təamlar, qıl körpüsü...

            - Ay sağ ol. Bax, yazıçı arvadı olmaq o qır qazanında yanıb kül olmaq kimi bir şeydir.

            - Niyə?!

            - Nə bilim, bu uzun söhbətdir. Yəqin ki, bu söhbətə yenidən qayıdacağıq.

            - Neçə ildir onunla evlisiniz?

            - Otuz ilimiz bu ilin aprel ayında tamam olacaq.

            - Neçə övladınız var?

            - İki övladımız var, bir qız, bir oğlan.

            - Övladlarına münasibəti necədir?

            - Olduqca normal. Onlardan çox razılıq edir.

            - Səid müəllimin neçə kitabı çıxıb?

         - Beş kitabı.

            - Bütün əsərlərini oxumusunuzmu?!

            - Əlbəttə, heç elə iş olar oxumayım.

           - Şairlər, yazıçılar müsahibələrində qeyd edirlər ki, onların əsərlərinin ilk oxucusu öz həyat yoldaşları olur, bu doğrudurmu?

            - Mənə elə gəlir ki, düz demirlər. Hər yazıçının arvadı, hər yazar xanımın da əri oxucu olmur. Onlar yəqin ki, həyat yoldaşlarını ucuz reklam etmək üçün belə deyirlər. Bəlkə də, nə bilim, canlarının dərdindən belə söyləyirlər. Oxucu tamam başqa bir şeydir. Mən mütaliəni çox sevirəm. Dedim axı, qızlıq vaxtımdan oxuyuram. Dünyada nə qədər tanınmış yazıçılar var, demək olar ki, onların əlimə düşən əsərlərinin hamısını oxumuşam. Eləcə də, Səid müəllimin əsərlərini. O başqalarından tam fərqli yazır. Onu oxuyanda, inana bilmirəm ki, doğurdan da, bu əsərin müəllifi mənim həyat yoldaşımdır və hər gün gördüyüm insandır. Bəzən elə olur ki, gecələr əsəri oxuyub qurtardıqdan sonra dəqiqələrlə durub onun üzünə baxmışam. Öz-özümə dəfələrlə sual da vermişəm; - doğurdanmı, bu odur? Bəzən dönüb yatağa baxanda diksinmişəm də, fikirləşmişəm ki, doğurdanmı, mənimlə biryastığa baş qoyan, əsərlərini sevə-sevə oxuduğum yazıçıdır? Adama qəribə gəlir, fikirləşirsən, niyə görə insanın mənəvi dünyası aşikarda olduğundan qat-qat üstündür. Həmin anda fikirləşirsən ki, bax, bu dəqiqə sənin üçün ən uca, ən dəyərli olan bir adam, bir azdan yuxudan ayılandan sonra adiləşəcək, məişət qayğıları içərisində it-bata düşəcəkdir. Hansı ki, əsərlərinin təsirindən çıxa bilmədiyin adamın başını soğan-kartof almaqla, nə bilim, geyim-kecimin yoxluğuyla doldurub ucuzlaşdıracaqsan. Amma kənardan baxanlar bunları hiss etmir. Elə bilirlər ki, biz yazıçı arvadları dünyanın ən xoşbəxt adamlarıyıq, bizim heç dərd-sərimiz yoxdur. Əslində, elə deyildir, bizim problemlərimiz, bəlkə də çoxlarınkından üstündür.

            - Doğurdan da, niyə belədir, Suzana xanım?

            - Nə bilim... Bəlkə də, unutqanlıqdan belədir, ya insan beyninin hələ də dərketmə qabiliyyətinin zəifliyindəndir. Yadaki, insanın yaşam tərzinin adi həyat qanunlarına uyğunlaşmasından irəli gələn bir şeydir. Sizə bir şey deyim, insan övladı bilir ki, dünyaya gəlibsə, bir gün də gedəcəkdir, yəni öləcəkdir, eləmi?

            - Hə, əlbəttə.

            - Amma heç kəs bu barədə fikirləşmir, nə vaxtsa bir gün öləcəyini qəbul etmir. Əgər etsəydi, bəziləri kimi bu qədər var-dövləti, cəh-cəlalı toplamazdı. Adam var onun yığdığı sərvət min il yaşasa da ona çatar. Amma o adam dərk etmir ki, uzaqbaşı səksən il, lap çox olsa yüz il yaşayacaq. Bəs, o qədər sərvəti niyə yığır?! Hələ, mən ömrünü naqisliklə keçirənləri, ona-buna pislik edənləri demirəm. Onlar dərk etmirlərmi bir gün bu həyatdan köçüb gedəcəklər, özləriylə o dünyaya apardıqları yalnız nifrət olacaqdır?

            - Səid müəllimin dost-tanışı çox olar?

            - Hə, lap çox. O xeyirxah adamdır. Pislik etmək əlindən gəlmir. İnsanları çox sevir, onlarla ünsiyyət qurmağı bacarır. Hər şeydən əvvəl narahat adamdır. Bəlkə də, hamının fikrini çəkir. Özünün xırda bir səhvinə görə uzun müddət peşimançılıq hissi keçirir. Uşaq kimi sadəlöhvdür, hər şeyə tez inanır, həm də qəlbinə tez söz dəyir, küsəndir.

            - Sizdən küsən, inciyən vaxtları olubmu?

            - Hə, arada belə hallar olur. Amma tez barışırıq. Küslülüyümüz heç bir gün də davam etmir. Əgər evdən küslü çıxıbsa, yarım saatdan sonra zəng edib barışır, darıxıram, - deyir.

            -Suzana xanım, Səid müəllimə həsəd çəkən qadınlar varmı, yəni, demək istəyirəm ki, siz bunu dərk edirsinizmi, kimsə onun həyat yoldaşı olmaq istəyində olubmu?

            Suzana gülür:

            - Qızım, Amerikanın keçmiş prezidentlərindən olan Ronald Reyqanın həyat yoldaşı, xanımın adını unutmuşam...

            - Nensi Reyqanımı deyirsinizmi? - deyə jurnalist qız əlavə etdi.

            - Hə... hə... Nensi xatirələrinin birində yazır ki, bir gün anam bizə qonaq gəlmişdi. Reyqan da, adəti üzrə hər gün səhər tezdən yerindən durar, özü üçün qəhvə hazırlayıb qəlyanaltı edər və işinin dalısınca gedərdi. Həmin gün yenə də Reyqan yataqdan qalxandan sonra özü üçün səhər yeməyi hazırlayıb, yedikdən sonra işinə gedir.

         Nensi Reyqan qeyd edir ki, səhər yerimdən durandan sonra gördüm ki, anam acıqlıdır. Soruşdum ki, ana, nə olub, niyə acıqlısan? Dedi ki, qızım, sənin bu hərəkətin mənim xoşuma gəlmədi. Sən bilirsən ki, həyat yoldaşın çox məşhur adamdır, bu boyda dövlətin prezidentidir. Onun arvadı olmaq, qulluğunda durub hər nazını çəkmək arzusunda olan minlərlə qadın vardır. Sən isə, bunları dərk etmirsən, kimin xanımı olduğunun fərqinə varmırsan. Amma bunu istəyənlər, xəyalən də olsa, bu arzuyla yaşayan qadınlar çoxdurlar. Sən çalış ki, hər gün ərindən qabaq yataqdan qalxıb, onun qulluğunda durasan, üst-başına əl gəzdirib işə yola salasan.

       İndi qızım, o qadının sözü olmasın, bəzən mən də çox şeyi unuduram, hansı mərtəbədə qərar tutduğumu bəzən yaddan çıxarıram.

            - Çox maraqlı fikirlərdir, Suzana xanım. Əlbəttə, elədir. Yerigəlmişkən bir məsələni də soruşum, Səid müəllimin sizə həsr etdiyi əsəri vardırmı?

            - Durum deyim ki, mənim adıma bir hekayə, povest və yaxud da roman yazıb, bu doğru olmazdı. Yaratdığı qadın qəhrəmanlarının xarakterini mənim xarakterimlə uyğunlaşdırdığını hiss etmişəm. Bu təbii ki, bir qadın olaraq mənim çox xoşuma gəlir. Amma bəzən yalanlarının da üstü açılıb. Məsələn, deyib ki, filan əsərimdəki qadın qəhrəman sənsən. Amma baxıb görmüşəm ki, oradakı qadınla nə boy-buxunumuz, nə yaşımız, nədə ki, qaş-gözümüzün rəngi uyğun gəlir. Mən qısaboy, kök, gözümün rəngi qara, əsərdəki qadın isə ucaboy, incəbelli, alagözlü təsvir olunubdur.

         Üzünə vurmamışam, bunu sonradan özü də hiss edibdir. Bəhanə gətiribdir ki, guya məni çox sevdiyindən mənə heç nə yaza bilmir. Nə bilim, deyir də.

           - Heç, onu ağlayan görmüsünüzmü?

            - O çox qəribə adamdır. Hamıya təsir edən bir hadisəyə o, adi bir şey kimi baxır. Əksinə, heç kəsi maraqlandırmayan hadisəni isə özünə faciə bilir.

           Bir dəfə, gecəyarısı onun hönkürtüylə ağladığını eşidib yuxudan ayıldım. Mətbəxtdəydi. Otağa keçəndə gördüm ki, başını əlləri arasına alıb hönkürür. Niyə ağladığının səbəbini soruşdum? Dedi ki, hekayəmi tamamlamışam. Bir uşaq dünyasını dəyişmiş anasının qəbrinə məktub yazıb qoyub. Uşağın anasına yazdığı sözlər məni kövrəltdi.

            Ondan soruşdum ki, o məktubu uşaq yazıb, yoxsa sən?

         Ayılan kimi oldu və maddım-maddım üzümə baxıb qımışdı. Bax, belə hallar olub.

            - Səid müəllimin iş rejmi necədir? Əsərləri üzərində çoxmu işləyir?

            - O çox vaxt mətbəxtdə yazmağı xoşlayır. Həm mənə əziyyət verməmək üçün, həm də ki, bir az qarınquludur. İpəkqurduna bənzəri var, işlədiyi vaxt ətrafında daşdan yumuşaq nə olsa yeyəcək. Günlərlə işləməyi xoşlayır. Bəzən olub ki, həftələrlə, qısa fasilələri çıxmaq şərtiylə bütün günləri yazı masası arxasında oturub. Sonra isə, bir neçə gün daş kimi düşüb yatıbdır. Ən çox da, qəlbinə dəyilən, ətrafdakılardan incidiyi vaxtlar yazır. Deyir ki, incikliyimi bununla götürə bilirəm. O, əsər üzərində işləyəndə hər şeyi unudur, fikri-zikri yazdığı əsərin üstündə olur.

            - Necə bilirsiniz, o qiymətini alıbmı?

            - Məncə, onun haqqı həmişə tapdanıb. Özünə almır, amma hiss edirəm ki, yaman sarsıntı keçirir. Bəzən zarafata deyir ki, görəsən nə vaxt öləcəyəm heç olmasa dostlar bir az tərifləsinlər məni. Amma yalan deyir, yaşamaq istəyir, həm də hamı kimi sağlığında layiq olduğu qiyməti almaq istəyir.

            - Bilmirəm, bu sual nə qədər yerinə düşər, düşməz, amma soruşmalıyam, əriniz sizə xəyanət edibmi?

            Suzana xanım dərindən köks ötürdü, sifəti ciddiləşdi:

            - Qızım, bayaq sual verdiniz e, soruşdunuz ki, yazıçı arvadı olmaq, doğurdanmı çətindir? Xatırlayırsınızmı, sualınızı?! Bax, sizin sualınızı indi cavablandırıram. Hə, yazıçı xanımı olmaq çox çətindir. Qadın üçün nə qədər ağır da olsa deməliyəm ki, hə, o mənə xəyanət edib, özü də bir neçə dəfə.

            - Hətta bir neçə dəfə? – deyə jurnalist qız təəccübdən qaşlarını çəkdi.

            - Bəli, bir neçə dəfə. Onun sevdiyi və onu sevən qadınlar olubdu. Məktublaşıblar, görüşüblər. Bunların hamısını hiss etmişəm. Səid hələ də elə bilir ki, bunlardan xəbərsizəm. Çünki, bircə dəfə də olsun bu barədə onadan nə söz söruşmuşam, nə də ona bir söz demişəm. Bilirdim ki, desəydim də boynuna almayacaqdı. Onun yalan danışmasını da özümə bağışlaya bilməzdim. Axı, mən onu çox sevirəm, lap çox...

           Ona ərə gələndə bilirdim ki, mənim ərə getdiyim kişi yüzlərlə oxucusu olan bir yazıçıdır. Bilirdim ki, bu ağrıları yaşayacağam. Yazıçı hər şeyi tərənnüm edir, adi quruca çöpdən tutmuş tanrıya kimi... Bəzən onun unutduğu, yaddan çıxartdığı, lap xəyanət etdiyi bir varlıq olur, o da onun həyat yoldaşıdır. Bilirsənmi, bu necə də dəhşətli bir ağrıdır. Təsəvvür edirsənmi, əzabına qatlaşdığın, bütün varlığınla ona bağlandığın bir insan sənə xəyanət edir. Buna dözmək, tab gətirmək çox çətindir, qızım. Yazıçı arvadı dərk etməlidir ki, ərinin yaşadığı hisslər, başqalarıyla keçirrtdiyi xoş, mənalı günlər, eyiş-işrətlər, əyləncələr, hətta ağır həyat şəraiti onun gələcək əsərlərinin mövzusudur. Bunu yazıçı dərk etməsə də, bilərəkdən bu işlərə yol verməsə də, yazıçı arvadı dərk etməli, özündə cəsarət tapıb hər şeyə dözməyi bacarmalıdır. Bütün yazıçıların həyatı keşməkeşli olubdur və bütün yazıçıların arvadları hansı qadınlarlasa yaşadıqları həyatı şərikli yaşayıblar. Sonda hər kəs geri çəkilib, amma yenə də bütün yük, bütün ağrılıq, dəfndən tutmuş acı xatirələrə kimi hər şey yazıçı arvadının, o bədbəxt biçarənin boynuna düşübdür. Bax, budur yazıçı arvadının qisməti, onun xoşbəxtliyi və bədbəxtliyi.

         Qadınlar bircə şeyi anlamırlar ki, kişilər gülü gözəlliyinə, qadınlar isə ətrinə görə seçirlər. Əslində, gözəllik də, ətir də həyatda daimi deyildir. Amma gözəllik tez solub getdiyinə görə, kişilər də tez-tez səhv edirlər.

            Çoxları elə bilir ki, yazıçı yataqda da qalustukla yatır. Və yaxud da, qalaq-qalaq yazdıqları əsərlər quran ayəsi kimidir. Yazıçını başqalarından fərqləndirən cəhət özgələrin də çəkdikləri ağrı-acıları, düşündüklərini özünküləşdirib yazmaqdır. Əslində, yazıçı ağlı kəsməyən nadinc uşağa bənzəyir. Nəzarətin olmasa, lap, şalvarçaq küçəyə qaçar. Onlar xəyalı göylərdə olan insanlardırlar.

            Jurnalist qız:

            - İnanmağım gəlmir ki, bunların hamısına siz dözürsünüz?

            - Bəs, mənim yerimdə olsaydın sən nə edərdin?! - deyə Suzana jurnalist qızdan soruşdu.

            - Mən?!.. Mən dözməzdim, dava-dalaş salıb, qapını çırpıb biryolluq gedərdim.

            - Hara?!- Yəqin ki, ata-ananın yanına. Sonra da, bir başqasını sevib ərə gedərdin, eləmi?

            - Əlbəttə... Ona yas saxlamayacağam ki... – deyə qız çiyinlərini çəkdi.

            - Birdən, həmin adam da sənə xəyanət etsə, onda nə edərdin? Yenədəmi, qapını çırpıb gedərsən?! Yenədəmi, bir başqasını sevib, seçərsən?! Buna ailə həyatımı deyirsən, buna yaşamaqmı deyirsən, qızım? Ailə həyatı çox çətindir, sən düşündüyündən də çətin. O kişi qorxuludur ki, arvad-uşağının yanında əyyaşlığıyla fəxr etsin, qürrələnsin, bu dözülməzdir. Beləsiylə yaşamağa dəyməz, buna yaşamaq deməzlər. Bu, göz görə-görə ömür çürütməkdir. Belə kişinin olmağındansa, olmamağı yaxşıdır.

         Amma belə əməllərini arvadından gizlədən, utanan kişilər, o qədər də qorxulu deyillər. Belələri, onsuz da, gec-tez əməllərindən peşiman olub, cəzalarını çəkirlər. Bacardıqları qədər, evdən, ailədən bərk-bərk yapışırlar, əməllərinə görə qayğıkeşlik göstərirlər və allahına dua edirlər ki, nə yaxşı qadınları o gəzdikləri məşuqələri kimi deyillər. Bəs necə, elə bilirsən fikirləşmirlər ki, onların qadınları da belələri kimi olsa vəziyyətləri necə olar? Yad qadın, əslində özü də bilmədən saxta sevgisiylə gün keçirtdiyi kişini ailəsinə bağlayır. Hə, həqiqətən belədir. Bir neçə il baş girlədikdən sonra kişi yenə də öz ailəsinə qayıdır. Və yad qadından gördüyü vəfasızlığın xofu uzun müddət onu tərk etmədiyinə görə peşimançılıq hissi keçirir. Bu dəfə ailəsinə olan sədaqətini sübut etmək üçün ev-eşiyindən, ailəsindən ikiəlli yapışır.

         Qadın paklıq, təmizlik rəmzidir. Bakirəlik qadınlarda olur, kişilərdə yox, bu sözü yadında saxla.

            - Heç düşünmüsünüzmü, əriniz həyatda olmasa nə edərdiniz?

            - Doğrusu, bu barədə fikirləşməmişəm. Onu bilirəm ki, məninm üçün çətin olar. Amma çox istərdim ki, mən ondan bir qədər tez ölüm. Yazi adamları arvadlarının ölmünə dözümsüz olurlar. Baxın, dünyada tikilən ən gözəl sərdabə, qurulan möhtəşəm heykəl, çəkilən ən gözəl rəsm, yazılan ən ölməz əsər qadınlar üçün olur. Yəqin ki, Səid müəllim də mənim ruhum şad olsun deyə, nə isə bir şey yazıb qoyardı, - deyə o gülümsədi.

            - Suzana xanım, sonda ənənəvi bir sual verim. Yenidən dünyaya gəlsəydiniz   Səid Kəngərliylə ailə həyatı qurardınızmı?

            - Əgər, bu mümkün olsaydı, onunla yenidən ailə həyatı qurmaq yox, vaxtilə qurduğumuz ailə həyatını yenidən davam etdirərdim...

            - Suzana xanım, müsahibəyə görə çox sağ olun. Bəlkə, bir sözünüz, fikiriniz var?

            - Yox, elə bir sözüm yoxdur, amma   bircə xahişim var, müsahibənin başlığında bu sözləri yazarsınız:

         - Yazıçı arvadlarının oxuması məsləhət deyil.

            - Niyə belə, Suzana xanım?

            - Nə bilim?.. Qoy, məni qınamasınlar... – deyə onun gözləridoldu.

 

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+36=
Hesaba giriş
Müəllif

meyxoş abdullah
Haqqında
Meyxoş Abdullah- Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident Təqaüdçüsü, "Doktor Qəzənfər", "Didərgin ruhlar", "Şeytan gülüşü", "Anakonda ovu", "Əsir qadın" və "Qapısı gecə döyülən qadın" kitablarının müəllifi. Evlidir 4 övladı, 8 nəvəsi var.
Əlaqə
Tel.:
0506420309
E-mail:
meyxos.abdullah@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0286 saniye