Yenə o küçədən keçirdim sənsiz,
Ulduzlu gecədə Ay qonaq idi.
Yenə də hər tərəf sakit-səmirsiz,
Varlığın ulduzlartək uzaq idi.
Necə uzun gəldi, mənə o yollar!!!
Hər addım keçmişə qayıtdı sanki.
Məni əsir aldı sənli xəyallar,
Gözümdə bir səhnə yaratdı sanki.
Beynimdə zaman da, vaxt da qarışdı,
Səsini eşitdim həmin o anda.
O sənli günlərim bir-bir yarışdı,
Əks oldu surətin Ay işığında.
Yenə də qarşıma çıxdı o məkan;
Hər gün ötürərdim buradan səni.
Bir vaxt ikimizi ayıran dalan,
İndi xəyalından ayırdı məni...
Yenə o küçədən keçdim mən sənsiz.
Ay da, Ulduzlar da küskün baxırdı.
Divarlar lal idi, ətraf da səssiz,
Zaman da unudub bizi axırdı.