Yeni bəhanə
Nüsrət Həsən tərəfindən "Şeir" bolməsinə 00:12 07 may 2014 tarixində əlavə olunmuşdur

Bu da ayrılığa yeni bəhanə: 
"Qovuşsaq itəcək məhəbbətimiz. 
Demirəm yaşayaq tamam biganə, 
Ayrılıb sadəcə gəl dost qalaq biz." 
*** 
İnsan sevdiyini de görüm məgər 
Bir dostu gözündə görə bilərmi? 
Çiçəyin adını dəyişsək əgər 
Başqa gül qoxusu verə bilərmi? 
*** 
Mən başa düşmürəm bu bəhanəni 
Evlilik sevgini öldürür güya. 
Ondansa söylə ki, tərk edib səni 
Arzu-diləyini atıram suya. 
*** 
Səninlə dost qala bilmərəm artıq 
Çıx get həyatımdan daha uzaqlaş. 
Dərdə sarılaram gülmərəm artıq 
Görüm bu kədərlə sən də qucaqlaş. 
*** 
Bu dərdə bədənim sağlam qalarmı? 
Yazıq ürəyimin içi ağrıyır. 
Bu boyda uydurma fikir olarmı? 
Yalan da yerimir qıçı ağrıyır. 
*** 
Bu cür yalanlara uşaq inanmaz, 
Belə bəhanəyə uymaram qəti. 
Adam bəlli olan doğrunu danmaz, 
Özün etiraf et de həqiqəti. 
*** 
Söylə oynamışam duyğularınla 
Səni sevməmişəm aşiqlər sayaq. 
Oynadım qəlbində arzularınla. 
Yoxsa ki, dediyin bəhanəyə bax: 
*** 
"Ayrılıb sadəcə gəl dost qalaq biz. 
Demirəm yaşayaq tamam biganə, 
Qovuşsaq itəcək məhəbbətimiz" 
Bu da ayrılığa yeni bəhanə...! 
*** 
müəllif: Nüsrət Həsən 
6-May-2014


... dəfə oxunub
Qiymət: 10/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
10+9=
Hesaba giriş
Müəllif

Nüsrət Həsən
Haqqında
Sabirabadlı
Əlaqə
E-mail:
nusret.hesen@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0297 saniye