Yeniyetmələrlə münasibətlər
Gülzarə Hüseynova tərəfindən "Digər yazılar" bolməsinə 11:06 09 mart 2016 tarixində əlavə olunmuşdur

Məqsədin sözlə ifadəsi 

a) alınan və verilən vikirlər (Naqis ünsiyyət) 

1. "Ailənə qarşı hörmət göstərmək çox çətindir, hə?" Verilən fikir: sən çox laqeyd, diqqətsizsən. Alınan fikir: günahlandırma 

2. "Bircə dəfə də olsa düz yol seç." Verilən fikir: sən tənbəlsən, düzgün yol tutacağına inana bilmirəm. Alınan fikir: utandırma, alçaltma 

3. "Heyrətə gəldim. Lap evdəki kimi eləmisən." Verilən fikir: sənin təkbaşına bir işi görəcəyinə inanmıram. Alınan fikir: utandırma, alşaltma, təcrid etmə 

4. "Hər ailədə sənin kimi belə "ağıldan iti" uşaqlar var." Verilən fikir: sən dəyərsizsən, kütbeyinsən, qəbul edilə bilməzsən və s. Alınan fikir: rəddetmə, kiçiltmə, utandırma, özünə qarşı inamı qırma. 

Münasibət qurarkən vermək istədiyimiz fikir gəndin mənliyinə deyil, xarakterinə yönəlməlidir. Ruhunu öldürən deyil, cəsarətləndirən təsirlər edilməlidir. 

İfadələrimizi və üslubumuzu bir az dəyişdirsək: 

1. "Gözümün işığı, bizə qarşı daha da diqqətli ola bilərsənmi?" Verilən fikir: ananın səndən daha çox hörmət, diqqət gözləməyə haqqı var. Alınan fikir: ailəmizə qarşı daha diqqətli olmalıyam. 

2. "İstəsən, bu məsələdə, daha düzgün yol seçə bilərsən." Verilən fikir: sənin daha düzgün yol seçəcəyinə inanıram. Alınan fikir: cəsarətləndirmə, güvənmə. 

3. "Çox gözəl, bax görürsən, işi təkbaşına da görə bilirsən." Verilən fikir: istəsən başqasının köməyi olmadan da bu işi görə bilərsən. Alınan fikir: cəsarət, həvəs, güvən. 

4. "Həmişə istədiyin kimi alınmaya bilər. Səhv edə bilərsən və buna da hazır olmaq, ruhdan düşməmək lazımdır." Alınan fikir: daha çox çalışmalı, özümü bir daha sınamalıyam. 

b) Ünsiyyəti təşkil edən tərəflərin tarazlığı 

Ünsiyyətdə ölçülərin təsir səviyyəsi hər münasibət qurma prosesində qarşımızdakına və ya topluma yönəltdiyimiz bilgilərlə nəticənin alınıb-alınmaması ilə müəyyən edilir. Bu təsirin təmin edilməsində nələrə diqqət yetirilməlidir. 

a) verilənin qəbul edənin diqqətini çəkməsi və aydın olması 

b) ünsiyyət əsnasında hər iki tərəfin ortaq bilgisinin olması 

c) bilgi verənin qarşısındakının suallarına cavab verəcək səviyyədə olması 

d) qəbul edənin bəzi şərtlərinin ola bilməsi nəzərdən qaçırılmamalıdır. 

Qarşımızdakılarla münasibətlərimiz müsbət olanda onlara təsir etmə, öyrətmə və çalışmada daha çox müvəffəq olarıq. Bir-birinə güvənən və sevgi bəsləyən tərəflər fikir mübadiləsində özünü müdafiə üçün müxtəlif rollara girməz və bir-birini aldatmaq istəməz. Sərt münasibətə və özünü göstərməyə ehtiyac qalmaz. 

Böyüklər kiçiklərin problemləri qarşısında alternativ həll yolları tapmağı bacarmalıdır. 

________

Bir ata iki uşağı ilə gəzməyə çıxır. Uşaqlardan biri yorulur və atasının onu qucağına götürməyini istəyir. Ata da yorulduğunu deyincə, uşaq ağlamağa başlayır. Ata heç nə demədən ağacdan bir budaq kəsir və bıçaqla düzəldib oğluna verir: "Al, oğlum, bu sənin atın, min çap." - deyir. Uşaq sevinərək çubuq ata minib evə doğru çapır. 

Ata gülərək qızına dönür: 

-Nax, həyat budur, qızım! Bəzən zehni və fiziki yorğun olacaqsan, onda özünə dəyənəkdən bir at düzəlt və nəşə ilə yoluna davam et. Bu at bir dost, bir mahnı, bir şeir, bir gül, bir körpənin təbəssümü ola bilər. Ətrafına baxıb belə bir atı axtaran hər kəs onu tapa bilər. Unutma ki, yaşamağın necə çətin olduğunu nə qədər çox düşünsən, bir o qədər çətinləşər. 

________

Ünsiyyət quranda ən təsirli vasitə: dinləmə 

Bir adamın könlünə girməyin ən qısa və gözəl yolu onunla danışmaqdır. Ona qarşı diqqət yetirildiyini hiss etdirməkdir. Yeniyetməlik dövrünə qədəm qoyan uşaq istəyir ki, valideynləri onun böyüməsinin fərqinə varsın. Təlimatlar əvəzinə müqavilə ilə nizam-intizamın təminatını istəyir. Ailədə ona da söz verildiyini, sözünün sayıldığını görmək onu razı salar, məmnun edər. 

Gəncləri dinləməklə onların duyğu-düşüncə və həyəcanlarını lazımi istiqamətə yönəldə bilərsiniz. Evdə həftədə bir ailə iclası keçirilsə, oradakı səmimi söhbətlər onun xarakterinin inkişafına, mənəvi duyğularının güclənməsinə kömək edər. Problemi başqasına, ya da "indi vaxtı deyil, sonra danışarıq", - deyə başqa vaxta ötürsəniz, gənc sizinlə gec-tez əlaqəni kəsər. 

Böyüklər həftədə, ən azı ayda bir dəfə öz-özünü sorğu-suala çəkməlidir: Mən neyləyirəm? İşimi ailəmdən çox düşünmürəm ki? Ailəmi xoşbəxt edə bilmək üçün yollar axtarırammı? Onları necə daha xoşbəxt edə bilərəm? 

Onlar öz gəncliklərini xatırlayıb düşünməli, o dövrə çatan uşaqları üçün nələr edəcəyini planlaşdırmalıdır. 

"Ailə yığıncaqlarında uyğunsuz davranışlara qarşı nə etmək olar?, - deyə fikirlərini bölüşməli, bu zaman gənclərin düşüncələrinə dəyər verməlidirlər. Həmçinin yeniyetmə dövrünə qədəm qoyan uşaqla birgə vaxt keçirməlidirlər. 

Valideynlər uşaqları xəstə və nümunəvi insanların ziyarəti, balıq tutma, ova getmə, məscidə getmə, filmə baxma, maşını yuma, evi rəngləmə və s. kimi ortaq işlərə cəlb edə bilər. Belə passiv dinləmələrdə gəncin adi vaxtlarda deyə bilmədiyini, onu narahat edən məsələləri həssas valideyn rahatlıqla öyrənə bilər. 

Böyüklərin övladlarını dinləməsi onların nüfuz və hörmətinə xələl gətirməz. Əksinə, daha da möhkəmləndirər. Ailədə qarşı tərəfi başa düşmə qarşılıqlı anlaşmaya səbəb olur. Sevgilər, üzüntülər bölüşdürülərsə, ailədə sədaqət hökm sürər. Özünü başqasının yerinə qoyma anlayışını (empatik yanaşma ilə) mənimsəyən ailə üzvlərinin bir-birini dinləmələri problemlərin həllini asanlaşdırar. 

Bir yerdə olarkən kiçiklərin əhvalı soruşulmalıdır. BU zaman əmr tərzi olmamalı, hansısa məsələ ilə bağlı məlumat istənilməməlidir. Ədəbə uyğun olaraq hər fərdə özünə görə ifadə sərbəstliyi verilməlidir. 

Gənclərdə inkişafla əlaqədar müəyyən neqativ hallar müşahidə oluna bilər. Bu baxımdan Peyğəmbərimizin (s.ə.s.) bir gənclə görüşməsi, onu dinləyərək öyüd verməsi bu mövzuya gözəl örnək ola bilər. 

________

Bir gün Qüreyş qəbiləsindən bir gənc Allah Rəsulunun (s.ə.s.) yanına gələrək: 

-Ey Allahın elçisi, mənə zina etmək üçün izn ver, - deyir. 

Oradakı səhabələrdən biri: "Sus, sus" - deyə gəncə acıqlanır. Əfəndimiz (s.ə.s.) son dərəcə sakit bir tərzdə gəncə yanında yer göstərərək oturdur və söhbəti başlayır: 

De görum sənin anana başqa birinin belə bir şey eləməsini istəyərsənmi? 

-Yox, yoluna fəda olum, qətiyyən istəmərəm. 

-Əlbəttə, heç kəs anasına belə şeyi rəva görməz. Bəs bir başqasının sənin qızına belə şey etməsinə razı olarsanmı? 

-Xeyr, Sənə fəda olum, qətiyyən istəmərəm. 

-Düzdür, heç kim qızı üçün belə bir şeyə razı olmaz. Bəs bacına, xalana, bibinə zina edilməsinə razı olarsanmı? - deyə soruşduqca hər dəfə qətiyyətlə -"yox"- deyən gəncin öz xətasını anladığını görən Rəsulullah (s.ə.s.) əlini gəncin çiyninə qoyaraq: 

-Allahım, bunun günahını bağışla, qəlbini təmizləvə üzvlərini günah işlətməkdən qoru! - deyə dua edir. Bu duadan sonra o gənc iffət timsalına dönür və bir daha belə şeylərlə maraqlanmır. 

________

Əgər gənclərin fikirlərini dinləməyib, qəzəblə, alçaldıcı şəkildə susdursanız, aradakı bütün qapıları bağlamış olarsınız. Bağlı qapıların arxasında nələr baş verdiyini anlamaq da mümkün deyildir. 

Əgər ailədə anlaşma yoxdursa - gizlilik; ədalət yoxdursa - qısqanma; bölüşmə-paylaşma yoxdursa - mənəm-mənəmlik; qəbul etmə yoxdursa - çəkişmə və dava-dalaş ortaya çıxa bilər. 

Əgər ailənizi həyatınızın ön cərgəsinə qoymursunuzsa, bu, ailənizin sizin üçün birinci dərəcəli əhəmiyyət daşımadığını göstərir. 

a) gəncləri necə dinləyirik? 

Müşahidə göstərir ki, bacarıqsız gənclərin əksəriyyəti yetkinlik çağında valideynlərindən (ehtiyac duyduqları) zəruri mənəvi dəstəyi almayanlardır. Yeniyetməlik dövrünə çatan uşaqlar fərqli tərbiyəyə ehtiyac hiss edirlər. Onlara rəhbərlik etmək əvəzinə, nəzarət etməyə çalışmağımız onları bizdən uzaqlaşdırır. Yaxınlarından yetərli diqqət və qayğı görməyənlər başqa qruplara yönəlirlər; bu da yaramaz dost, kafe, küçə və digər namünasib yerlərlə tanışlığa zəmin hazırlayır. 

Onu dinləməyə hazır olduğumuzu öncə davranışlarımızla qarşımızdakına inandırmalıyıq. Bütün günü qəzet oxuyan, televizorun pultunu oynadan, ya da başqa şeylərlə məşğul olan ataya hansı uşaq problemlərini deyər ki... 

Gənclərlə göz-gözə təmas quraraq onları səmimiyyətlə dinləməliyik. Bəzən bir baxış yüz sözdən daha təsirli olur, ona fövqəladə rahatlıq gətirir. 

b) gəncləri dinləyərkən hansı səhvlərə yol verə bilərik? 

Öyüd vermə: Elə eləmə, belə et; 

İstiqamətləndirmə: Dərd çəkməkdənsə, otur dərs oxu; 

Günahlandırma: Sən, onsuz da, həmişə asana qaçırsan.; 

Tənqid etmə: Bu qədər bəsit məsələni balaca uşaq da həll edər. Özünü uşaq kimi aparırsan; 

Ad qoyma: Şüursuz, bacarıqsız, axmaq! ; 

Sual vermə: Niyə? Nə üçün? 

Araşdırma: O, sənə nə dedi? Niyə bu qədər çox danışırsan? 

Araşdırma: Kim əvvəl dedi? 

Diaqnoz: Əslində sən elə demək istəmirsən... 

Onun yerinə düşünmək: Mən əslində sənin niyə belə elədiyini bilirəm; 

Təhlil etmə: Onunla danışmaqda başqa niyyətin var. Əslində, sənin dərdin başqadır; 

Təsəlli vermə (başdan eləmək mənasına da gələ bilər): Fikir vermə, düzələr, boş şeydir; 

Mövzunu dəyişdirmə: Başqa şeylərdən danışaq. 

Bu deyilənlər gəncin əsassız bəhanələrlə müdafiəyə keçməsinə, haqsızlıqla qarşılaşdığını hiss etməsinə, əsəbiləşməsinə, müqavimət göstərməsinə, başa düşülməsinə və başqa duyğulara qapılmasına səbəb ola bilər. 

Əslində, gəncin əvvəlcə dinləniməyə və qəbul edildiyini hiss etməyə ehtiyacı var. Valideynlər öz düşüncələrinə görə nəticə çıxarmaqdansa, gəncləri sakitcə dinləsələr, onların müəyyən qədər rahatlandığını görəcəklər. 

Aktiv dinləmə ilə gəncin fikrini öyrənib çıxış yolları birgə axtarılarsa, onun özünü kəşf etməsinə zəmin hazırlanmış olur. Qəbul edildiyini, anlaşıldığını, qeyd-şərtsiz sevildiyini bilən bir adamla əlaqə qurmaq çətin olmaz. başqa sözlə, problemlər üsyana, davaya, əlacsızlığa çevrilmədən asanlıqla həll edilər. 

________

Bir gənc həbs olunur. ittihamçı onu uşaqlığından tanıyırmış və həmçinin məşhur bir yazıçı olan atası ilə də tanış imiş. O, müttəhimdən soruşur: 

-Atanı xatırlayırsanmı? 

-Çox gözəl xatırlayıram. 

İttihamçı günahkarın vicdanını yoxlamaq üçün soruşur: 

-Məhkum ediləcəyin anda çox mükəmməl insan olan atanı düşünərkən onun haqqında nə xatırlayırsan? 

Bir az sükunətdən sonra müttəhim gözlənilməz bir cavab verir: 

-Bir öyüd-nəsihət almaq üçün yanına gedərkən başını kitabdan qaldırdığını və mənə: "Mane olma, məşğulam" dediyini xatırlayıram. Ona yoldaşlıq etmək üçün yaxınlaşanda: "Əl çək məndən, bu kitabı bitirməliyəm", - deyərdi. Hörmətli hakim, siz onu bir məşhur yazıçı kimi, mən isə itirilmiş ata kimi xatırlayıram. Hakim öz-özünə: "Yazıq, kitabı bitirdi, amma oğlunu itirdi" - deyə təəssüfünü ifadə edir. 

"Susmaq dözülməsi çox çətin olan bir hazır cavabdır." G.K.Çesteron 

"Yeniyetməlik dövrünün yol xəritəsi" kitabından (ikinci fəsil) 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+26=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
gulzareh@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0332 saniye