Yol qazanan yazarın 50-ci ilində düşüncələri
Rizvan Fikrətoğlu tərəfindən "Müsahibə" bolməsinə 18:51 18 noyabr 2016 tarixində əlavə olunmuşdur

Gülnar Hüseynova

Sual: Salam, Eluca xanım! Necəsiniz?

Cavab: Özüməməxsus. Asif Ata Evladı olduğum üçün bugünün havasına oynamıram və bu səbəbdən də bugünkülərin toruna düşmədiyimdən öz halıma sahibəm. "Azadlıq hekayələri" kitabımda yazdığım kimi: "Özünə sahib ol ki, kimsə sənə hakim olmasın. Özünə sahibsizlikdən başlayır özgələrin sənin üzərindəki hakimliyi."

 

Sual: Eluca xanim, ilk öncə sizdən sual etmək istərdim,bir həftəlik Azərbaycana gəlişiniz sizdə hansı təəssüratları yaratdı?

Cavab: Fərəhim və kədərim bərabər oldu, mənlə qoşa addımladı Bakı küçələrin. Fərəhim doğmalar içində, doğma yurdda olmağım, düşüncələrimə həmfikirləri kitablarım vasitəsi ilə tapmağımda idi. Bildiyiniz kimi, Azərbaycan İqtisad Universitetində və Pedaqoji Universitetdə alim və tələbə heyəti ilə görüşüm keçirildi. Akademi kitabda isə "Tiqranizm Xocalıda" kitabının müzakirəsi ictimaiyyət nümayəndələri, elm adamları ilə oldu. Yüzlərlə yeni oxucu qazanmaq... Bu təkcə say deyil, həm də enerji almaq üçün böyük mənbədir. Oxucu il fikir mübadiləsi etmək mənə yeni ideya və yön verir.

 

Sual: Hansı yön?

Cavab: Oxucunun maraq dairəsinə girmək, onun düşündüyü mövzunu yazmaqla problemi aydınlığa çıxarmaq imkanı qazanmış olur adam.  Yazmaq- yaz sözündəndir,  fikri yazıb aydınlığa çıxarırsan. Yaz-işığın bol olduğu fəsildir. Bu səbəbdən də,  insan yazmaqla həm fikrin gerçəklik formasını üzə çıxarır, həm də yazdıqca içindəki qaranlığı boğur.

 Kədərimsə yurddaşlarımın layiq olduqlarından aşağı səviyyədə yaşamaları, əməklərinin müqabilində aldıqları maaşın onları təmin edə bilməməsini görmək mənə əzab verdi. Məni qınamasaydınız düşündüyümü açıq deyərdim, sanki maaş əməkçini təhqir etmək üçün onun qarşısına atılır. İstedadlı və zəhmətkeş xalqımın çəkdiyi əzabı ona qıymıram. O, zəhmətkeşdir, amma əzabkeş olmağı ona yaraşdırmıram.

 

Sual: "Tiqranizm Xocalıda" əsərini oxuduq , mzakirəsini etdik, bəs,  "Tiqranizm Xocalıda" filmini necə izləyə biləcəyikmi?

Cavab: İnanıram ki, izləyəcəksiniz. Amma dəqiq zaman deməkdə çətinlik çəkirəm.

 

 Sual:  Bu əsərdə sizə ən cox təsir edən səhnə hansı oldu?

Cavab: "Qatilin monoloqu"!!! Burda həm Qarabağ etnoqrafiyasın verməyə çalışdım, həm də halallıqla qazanılmış çörəyin qana bulaşması... Agdamlı gənc anasının təndirdə bişirib Armo üçün göndərdiyi çörəyi parçalayır, özü də bir tikə ağzına alır, lakin uda bilmir. Çörək qan qarışıq boşqabına düşür... Anlayan üçün bu səhnədə hər şey var. Əslində müəllif əsəri öz içindən keçirərək yazdığı üçün o güclü səhnəni seçməkdə çətinlik çəkir. Elə bu səbəbdən mən də kitabı müzakirəyə çıxartmışam. Əsl sözü oxucu deyir.

 

 Sual:  Sirada hansı planlarınız var?

Cavab: Yaradıcı adamın planı olmaz. Düşünürəm, plan ən çox praqmatikliklə bağlıdır. Yazarın planı yox, gerçəkləşdirmək istədiyi arzular olar və o, bu ideyaları əməl formasında görmək istər. Uzağa getməyək, 3 gün əvvəl Bakıda idim. Düşünmürdüm, bu qədər gərgin iş rejimim olacaq. Səhər altıdan ayılırdım gecə on ikiyə qədər çalışırdım. Amma İsveçdən Bakıya gələrkən bu qədər işim olacağını ağlıma gətirmirdim. Yaradıcılıq məqamla bağlıdır, o elə andır ki, gərək məqamdan sərfəli istifadə edəsən. Etmədinsə, o bir də sənə dönməyəcək. Edərsənsə, təkrar-təkrar qapını döyər, sənə meylin salar.

Yaradıcılıq bir az da gözlənilməzliklə bağlı haldır. Bu səbəbdən də onu planlaşdırmaq hardasa onu həbs etməkdir. Əlimdə 5-ə qədər yarımçıq kitab var. Deyə bilmərəm, onlardan hansısa birini bu ay,  ya da gələn ay bitirəcəm. Amma bilirəm ki, tamamlayacam. Bildiyim yalnız budur. Lakin onları bitirəcəyim məqamın gəlməsindən ötrü öz üzərimdə daim çalışıram. Nəsr əsərini yazmaq üçün gərək yazdığın mövzu üzrə ciddi hazırlaşasan. Misal üçün, sizin də müzakirəsində iştirak etdiyiniz "Tiqranizm Xocalıda" kitabını götürək. 2015-ci ilin 15 noyabrında başladım, 17 yanvar 2016-cı ildə bitirdim. Bu kitabı yazarkən bəzən saata baxmadan günün hansı zamanı olduğunu ayırd edə bilmirdim. Sankı zaman mənim içimdə itmişdi. Bu əsərin yazılmasına sərf olunan zaman iki ay idi, lakin əsərin yazılmasına hazırlıqsa 1988-ci ildən şahidi olduğum hadisələr beynimdə arxiv kimi cəmlənmişdir. Qəribədir ki, qızım kitabı türk dilinə çevirəndən sonra ondan soruşdum ki: "Səncə, kitabda hansı obraz daha diqqəti çəkir?" Nədən bu sualı etdim ondan? Çünki, türkçə tərcüməçi olaraq, o, kitabın ilk oxucusu sayıla bilərdi, əlbəttə, redaktordan sonra. Cavabı belə oldu: "Armo obrazını xoşladım və ona yazığım gəldi." Dedim: "Armonu yaradarkən özümün 1988-ci il Sumqayıt hadisələri və iki Agdamlı gəncin öldürüldüyü zaman yaşadığım halı o obraza yüklədim. Qısa şəkildə desək, Armonun içində mən gizlənmişəm və mənim Xocalıda ləyaqəti tapdanan xalqım." Sözsüz ki, mən burda xalqın bir nümayəndəsi kimi ümumiləşmişəm.

 Yaradıcılıqla bağlı sizə bir hadisəni də danışacam. Bir nəfər varlı adam bir rəssama tablo sifariş verir. Rəssam bir ay müddətinə əsəri hazır etməlidir. O, bir ayın tamam olacağı son gecədə səhərə qədər yatmayıb əsəri çəkir. Adam gəlib rəssamın haqqın verir və əsəri götürür. Qonşu sifarişçinin qarşısın kəsib, rəssamın əsəri bir aya yox, bir gecəyə çəkdiyini deyir. Adam aldandığını zənn edib rəssamın yanına dönür. Bir gecə üçün bu qədər baha haqq aldığını rəssama deyir. Rəssamsa cavabında: "Düzdür, mən əsəri otuz günə yox, bir gecəyə çəkdim. Amma mənim bir gəcədə işlətdiyim zəhmət mənim otuz ilə qazandığım təcrübədir."

 

 

 Sual:  Eluca xanim artiq 10 ilə yaxındır  ki, vətəndən ayrı qürbətdə yaşayır. Bu      10 ildə siz ən çox nələr üçün darıxmısınız? Qürbətdə yaşamaq necə bir haldır?

Cavab: Əgər rəssam olsaydım, qürbəti tam boz qələmlə çəkərdim. Günəşin üzün yağış yağdırmağa dopdolu hazırıqlı buludla örtərdim. Təəssüf, rəəssam doğulmadığımdan qürbəti tam təsvir etməkdə aciz qalıram. Düşünürəm, hansı hissləri on ildə yaşadığımı bilmək üçün "İsveç gündəliyindən" silsilə əsərlərim sırasından "Xoş gördük, Ayrılıq!" yazımı oxumaq yetər. "Bir udum azadlıq" kitabımda var.

Sual:  Eluca xanim,  "Kərküklülər -- təklənmiş Türklər"... Burada insanlara nəyi çatdırmaq istəyirsiniz?

Cavab: Türkün təklənə-təklənə sərhəddinin kiçilməsini və sərhəddi kiçildikcə mənəviyyatında da xırdalanmalar başlayır. Xırdalanan əriyir, əriyən azalır, azalan itir.

 

Sual: Bildiýimiz kimi, 19 noyabr sizin doğum gününüzdür, 50 yaşınız olur. Bu 50 ildə nəyi qazandınız, nəyi itirdiniz?

Cavab:Yarım əsrdir yol gəlirəm... Yola düşdüm, yolu qazandım! Bu mənim əqidəsini daşıdığım Asif Ata Ocağının Evladı olmağımdır. İki insanın bu gün sağ olmasını istərdim: əqidəsini daşıdığım Asif Ata və cismani atam İxtiyar müəllim. Sual: Nədən məhz bu iki insanı arzu etdiniz?

Cavab: Həyatda, dünyada hələ də bilmədiyim sirlər var, bəzən onları özümə izah etməkdə çətinlik çəkirəm. Atanın əsərlərinə üz tuturam, amma o cismani baxımdan sağ olarkən bütün bu çətinliyi çox qısa izahı ilə Evladı üçün aydınlaşdırırdı.

Cismani atamsa qəfildən getdi... vəfatını çox gec, 5 aydan sonra Bakıya gedəndə bildim. O mənim üçün 5 ay artıq yaşadı. Amma elə bilirəm bir gün geri dönəcək. Çünki onun yerini dolduracaq həyatda heç kimsə yoxdur. Və həm də istərdim sağ olsun qazandığım uğurları görüb sevinsin.

Sual: Bildiyimə görə, ilk şerinizi də atanıza oxumusunuz.

Cavab: Verdim özü oxudu.

Sual: Bəyəndi?

Cavab: Yox! Dedi: "Şeir deyil, amma nəyəsə bənzəyir."

Sual: Nəyə bənzədirdi?

Cavab: Demədi.

Sual: Sizcə,  nəyə bənzəyə bilərdi?

Cavab: Nəyə bənzədiyini təyin etmək çətinmiş ki, atam kimi sözdən ötrü mətəəl qalmayan adam mənim yazdığım yazının janrın təyin edə bilməyib. Amma mənə qaldıqda, bu günkü qənaətim budur: şair doğulmamışam, vəssəlam.

Sual: Ad gününüzdə hansı hədiyyəni gözləyirsiniz?

Cavab: Yoldaşımın mənə bağışlayacağı gülləri. Bu nağd olacaq, bundan əlavə hər hansı bir hədiyyə mənə verilsə, bu gözlənilməz olacaq.

Yerigəlmişkən, artıq çalışdığım kollektiv məni güllə təbrik edib.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+17=
Hesaba giriş
Müəllif

Rizvan Fikrətoğlu
Haqqında
Abişov Rizvan Fikrət oğlu 15.09.1996-cı ildə Yardımlı rayonunun Ərsilə kəndində dünyaya göz açmışdır. 2014-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuşdur. Hazırda BDU-nun II kurs tələbəsidir. Bir çox şeirlər, məqalələr, hekayələr və s. müəllifidir.
Əlaqə
Tel.:
0513461438 və 0708823655
E-mail:
rizvanyardimli@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Tərəfdaşlar
Facebook
0.0415 saniye