Sənə görə həyatımdan bilsən necə öc almışam
Mən ki sənli günlərimi Əzraildən borc almışam
Səni itirdiyim gündən iki yüz il qocalmışam
Cavan yaşda bu canımda dikəlməyə təpər yox
Hansı yönə əl uzatdım, yollarından sapmışdılar
Bilmədim ki, nə sirr idi, bəlkə tilsim yapmışdılar
Balıqları ayırmağın üsulunu tapmışdılar
Elə sərhəd çəkilib ki, aramızda çəpər yox
Unutdura bilmədi heç bu illər də səni mənə
Nə vaxt səndən söz açdımsa, söylədilər dəli mənə
Mən özümə yadlaşınca sən xatırlat məni mənə
Səndən başqa heçliyimi unutduran nəfər yox