Dünyaya gələndə məğrur, şux idim,
Saraldım, dağıldım, qırıldım, ana.
Ömrün xoş çağından heç kam almamış,
Kədər qucağına sarıldım, ana.
Qəm-qüssə ağartdı siyah telləri,
Durmadı gözümdən axan sellərim,
Bağçamdan dərməmiş əlvan gülləri,
Məni külək vurdu, sovruldum, ana.
Ömr etdim nahaqqı, həm haqqı dandım,
Dünyada hər şeyi tər-təmiz sandım,
Bir ömür içimdə dağlandım, yandım,
Elə öz odumda qovruldum, ana.
Hey baxdım qəlbimdə olan dağlara,
Sevinc getdi məndən çox uzaqlara,
Ömrüm səpələndi ağ varaqlara,
Sonda varaq-varaq cırıldım, ana.
Gözüm yolda qaldı, doldum, ağladım,
Sağ ikən özümə mən yas saxladım,
Kimə ümid etdim, peyman bağladım,
Daim ürəyimdən vuruldum, ana...
Mən bir tənha bülbül, dünya qəfəsim,
Mənə qalan tək şey - quru nəfəsim,
İlkinəm, qalmadı həyat həvəsim,
Yoruldum, yoruldum, yoruldum, ana...
İLKİN ABBAS