Yusif Nazim: “Tüfəng” yalnız “quş” vurmaq üçün deyil"
Yazar.in tərəfindən "Müsahibə" bolməsinə 13:15 10 dekabr 2014 tarixində əlavə olunmuşdur

Yazar.in saytının "5 Sual, 5 Cavab" layihəsinin bu dəfəki qonağı Yusif Nazimdir.

SUAL 1: Özünüzə maraqlı yaradıcılıq xətti seçmisiniz: həm satira var, həm dəsevgi şeirləri... Hətta, “Olmuyo bazen” adlı türkcə sevgi şeiriniz də var.

CAVAB 1: Əvvəla, sizi və heyətinizi, eləcə də oxuclarınızı salamlayıram. Bu yeni layihənizin uğurlu olmasını arzulayıram. Sualınıza gəlincə, onu deyə bilərəm ki, bu yaradıcılıq xəttini mən seçməmişəm, taleyin seçimidir. Həm də ədəbiyyatımızda belə bir qayda yoxdur ki, sən əgər satirik şairsənsə, məhəbbət və digər mövzularda yaza bilməzsən. Hə, belə bir şeirim də var. Ara-sıra türk dilində də yazıram. Bu da əhval-ruhiyyə ilə bağlıdır.

SUAL 2: Hansı mövzunu daha doğma hesab edirsiniz?

CAVAB 2: Mənim üçün hər ikisi doğmadır. Hər bir mövzunun öz yeri var. Amma, deyəsən, satira özünü mənə sevdirir.

SUAL 3: Müasir dövrdə satira yazanların sayı çox deyil. Sizi bu janra həvəsləndirən nə olub?

CAVAB 3: Satira boş-boşuna yaranmayır. Gərək sən içində ədalətə, həqiqətə bağlı insan olasan, ətrafında, cəmiyyətdə baş verən proseslərə qarşı həssas olasan ki, sənin bir şair kimi yazdığın satira olsun. İlk şeirlərimin satirik janrda yaranması ətrafımdakı insanlar üçün də maraqlı oldu. Hətta, mənə “Bu nə şeirlərdir yazırsan? Cavansan, nə yaşın var ki, zəmanənin, millətin dərdin çəkirsən!” - deyənlər də az olmadı. Onlara görə, vicdanlı olmaq üçün ağsaqqal olmaq, yaşının 70-i – 80-i haxlaması lazımdır sanki. Məni daha çox düşündürən, narahat edən insanların öz mənəvi problemlərinə, sabahlarına biganəliyi olub. Məni  bu janra həvəsləndirən çevrəmdə, cəmiyyətdə baş verənlərə biganə olmamağımdır, daha doğrusu ola bilməməyim. Əslində “həvəsləndirmə” də demək olmaz. Çünki, adətən, insan arzuladığı, sevdiyi bir şeyə həvəsli olur. Mənim isə sevmədiklərimə, olmasını istəmədiyim hallara yazdıqlarım satiraya çevrilib. Onu demək istəyirəm ki, bir satira yazan kimi, heç bir siyasi qurum, partiya məni öz alətinə çevirə bilməyib. Həmişə mövqeyimdə bitərəf olmuşam. Yalnız haqqın, ədalətin tərəfindən çıxış etmişəm, demək istədiklərimi demişəm. Tənqid olunmağa layiq olanları tənqid atəşinə tuturam. Həqiqətə, mənəviyyata, doğruya düşmən olanlarla mübarizə aparıram. Mənim üçün haqqa, ədalətə, düzgünlüyə, millət adına, Azərbaycan adına biganə olan hər kəs - istər fəhlə olsun, istər depudat tənqid hədəfidir, lap dədəm belə olsa. Bilirəm ki, cəmiyyətdə satirayla nəyisə dəyişmək olmur. Peyğəmbərlərin və digər müdriklərin dəyişə bilmədiyi bəşəriyyət, toplum təbii ki, bir şairin şeirləriylə dəyişməyəcək. Sadəcə olaraq, silah mənim əlimdədirsə, güllə daraqda paslanmamalıdır. Bir də ki,“tüfəng” yalnız “quş” vurmaq üçün deyil.

SUAL 4: Həyata baxışınızı dəyişdirən üç kitabın adını çəkə bilərsiniz?

CAVAB 4: Ümumiyyətlə, mən həyatı kitablarla yanaşı, elə həyatın özündən öyrənməyi sevirəm. Təbii ki, oxuduqlarımız bizim düşüncələrimizə, davranışlarımıza təsir edir. Oxuduğum hər kitabdan, əlbəttə, nələrisə öyrənirəm. Bəzən bir cümləlik aforizm mənə bir neçə romanın demək istədiklərindən daha çox mətləbi aydın edir. Ona görə də, mən kitab adı deyil, bir neçə aforizm sadalıyacam. Yəqin ki, bu qaydanı pozduğum üçün məndən inciməzsiniz!

Günün adamı olma, həqiqətin adamı ol. Çünki, gün dəyişər, həqiqət dəyişməz. (Mövlanə Cəlaləddin Rumi)

Qaranlığı lənətləməkdənsə, bir şam yandır. (Konfutsi)

“Armud” deyib keçməyin, çünki onun ilk hecası çox insanda yoxdur. (Nəcib Fazil Qısakürək)

Dünya zalımların yox, onlara səsini çıxartmayanların ucbatından təhlükəli bir yerdir. (Albert Eynşteyn)

İnsanlar göz yaşlarına acısaydılar, buludlar başımızın üzərində deyil, ayaqlarımızın altında olardı. (Yusif Nazim)

və s.

SUAL 5: “Şou dünya” adlı şeir kitabınız dərc olunub. Yaxın gələcəkdə yaradıcılığınızla bağlı yeni planlar var?

CAVAB 5: “Şou dünya” mənim ilk kitabımdır. Bu kitabda satirik şeirlərim, sevgi və digər mövzularda yazdığım şeirlər, eləcə də aforizimlərim dərc olunub. Kitabın “Ön söz”ünü Azərbaycanın görkəmli yazıçı-publisisti Orxan Fikrətoğlu yazıb. Verdiyi dəyər üçün Orxan müəllimə dərin təşəkkürümü bildirirəm.

Hələ çap olunmayan şeirlərim, satirik hekayələrim var. Allahın iznilə yeni-yeni şeirlər də yaranır. Onları da yaxın gələcəkdə dərc etdirmək fikrim var, qismət olsa…


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
5+15=
Hesaba giriş
Müəllif

Yazar.in
Haqqında
Yazar.in | online yazıçılar klubu
Əlaqə
E-mail:
yazar@yazar.in
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0315 saniye