Önəmli olan neçə il yaşamaq deyil, necə yaşamaqdır. Bəli, məhz necə yaşamaq. Ömür - Allahın yaratdığına təmənnasız verdiyi bir nemət, bir sərvətdir. Təəssüflər olsun ki, bu sərvət və nemət fərqinə varılmadan əriyib gedir. Həyat şərtlərinin necə ağır, necə məşəqqətli olduğunu fağırlar daha gözəl anlayır. Zalımın gözü məzlumun son quruşunda olduğu bir zamana tuş gəlmişik. Haqqı xəyallarımızda yaşadaraq təsəlli tapırıq. Bəzən, zəngin əzazillərin çirkin əməlləri qarşısında çox çarəsiz duruma düşürük. Nemət kimi pay edilən cismimiz, sərvət kimi bəxş edilən ruhumuz haqsızlıqlar içərisində qalmaqdan sıxılır. Bəzən, ümidlə baxdığımız sabahlardan belə, tez küsüb-inciyirik. Haqsızlığa, zülmə, rəzilliyə qarşı mücadilə edərkən, zamanla təhlükəli əcəl rəqsi etdiyimizin fərqində olmuruq. Yaşlandıqca gəncliyimizın, gəncliyimizdə uşaqlığımızın xiffətini çəkirik. Geriyə dönüb keçmişi xatırladıqca kədərimizin sevincimizdən daha çox olduğunu görürük. Sevgimizə və sevincimizə qənim kəsilən ana təbiət deyil, bu dünya üzərində birlikdə eyni havanı udduğumuz niyyəti pis,qəlbi qara adamlardır. Fağırları sarsıtmaqdan zövq alan imansızlardan qurtulmaq üçün verdiyimiz mücadilədə yenə də itirən məzlumlardır.Nadanlarla baş etmək,naqislərlə qurşaq tutmaq saflara görə deyil. İmanı ülvi,idrakı saf olanlar zəfər üçün bir yol tutar, kafir min yola baş vurar. Çox zaman savaşları mərdanə güç yox, hiyləgər tülkülər qazanar. Nə qədər acı olsa da, bunlar içərisində yaşadığımız həyatın reallıqlarıdır.Müasir cəmiyyət həyatını optimist və pessimist baxışlar üzərində deyil,realizmə uyğun şəkildə qurmağa meyillidir.İndi,kütlə üçün ən önəmli olan deyilənlər yox,edilənlərdir.Nə qədər mənəviyyata asılı qalsaq da,nə qədər ruh adamı olsaq da,bu dünyanın yaşam şərtləri əvvəl-axır yenə özünü maddiyatda tamamlayır.Ehtiyac mərdi namərdə, məzlumu zalıma möhtac etdiyi aləmdə geriyə qalan nifrət,qəzəb, kin və göz yaşlarıdır.Ətrafımızda fağırların,yoxsulların,ehtiyac ucbatından boynu bükük qalmışların zamanla əcəl rəqsi gedir.Bu,ağır və üzücü havada rəqs edənlər,onları gözləyən fəlakətlərin fərqinə varmadan hərəkətdədirlər. Zatən, usanmışlar üçün kiminlə rəqs etmək bir o qədər də maraqlı deyil,yetər ki,həyat ehtiyacları qismən təmin olunsun. Zamanla əcəl rəqsi:Burada oynayanlar deyil, seyr edənlər “zövq"alır...