***
Hər gün səni görməyim deyə,
dünən gecə cırdım,
yandırdım
sonuncu xatirələrini...
Daha nə sən mənə baxmayacaq,
Nə də mən görməyəcəyəm səni.
Xatirə otağının işığını söndürdüm,
Kor elədim divarının gözlərini...
Əllərini irəli uzadıb axtaracaq səni...
xatirələr...
özü kimi kor divarlardan tutub...
06 Dekabr 2011,
Bakı şəhəri.
***
- Sevməsin, - deyirsən,
Mən nə edim,
Kimə deyim dərdimi?!
Acıqlanıb,
döysəm də,
Bacarmıram onunla...
Bacarırsan,
Özün gəl,
məhkəmə qur,
hökm ver,
edam et ürəyimi,
Xilas et məni də!
09 Dekabr 2011,
Bakı şəhəri.
***
Biri ürəklə,
Digəri ruhla
Sevir...
Canım,
Gözüm,
Həyatım,
Ömrüm deyirlər,
sevənlər bir-birinə...
Amma mən səni,
Çörək qədər sevirəm,
Sənə: -
Mənim sünbülümsən, - deyirəm.
16 Dekabr 2011,
Bakı şəhəri.
***
Sevinirəm...
Doğulacaqsan,
Mən də ata olacağam,
Mən də ürəkdolusu:
- Oğlum,
Ya da, qızım, - deyəcəyəm.
Amma
İncimə balam,
Sənin də
Doğulub,
Yaşayıb,
Bir gün öləcəyini biləndə,
Kədərlənirəm...
Hələ dünyaya gəlməyən balamın
Bir gün öləcəyi günü düşünüb,
O zaman bu dünyada olmasam belə,
Bala dərdli ata kimi
Ruhum ağlamaq istəyir sənin üçün
Bilirəm,
Səni çox sevəcəyəm,
Yəqin sən də məni...
Bəlkə də, sevgimizin ən şirin anında,
Ya sən,
Ya da mən
Ayrılacağıq bir – birimizdən...
Fərqi nədi,
Sən,
Ya da mən...
Ayrılığın balacası,
Böyüyü yoxdu...
Ayrılıq elə ayrılıqdı...
Əziz balam,
Bax, sən onda –
Ayrılığı görüb,
Qınayacaqsan
Ananı,
Məni
Bəlkə də...
Səni dünyaya gətirib,
Sonra da
Qoyub getdiyimiz üçün.
Fəqət, nə edək əziz balam,
Dünya yaranandan belədi:
Sən gəlməlisən,
Mən getməliyəm ki,
Yenidən məni sən gətirəsən...
12 Dekabr 2011,
Bakı şəhəri.
***
Rafiq Tağıya...
Ruhun çıxdı yaralı bədənindən,
Balaca uşaq kimi sevinib,
Azad oldun
dünyanın dərd-sərindən,
Bədəninin ağrıyan,
Bıçaq yaralarından.
Gənc şahin kimi qanad çalıb,
Dövrə vurdun,
Bədəninin üzərində,
Havada...
Kəsib,
Doğrayıb,
Ölüm səbəbini araşdıran həkimlərə,
Sən gülərək:
- O bədən mən deyiləm,
Nə qədər kəsib doğrayırsınız,
Doğrayın.
Mən burdayam,
Səmada...
Burdan sizə baxıram, - deyirdin.
Bəlkə, sənə bıçaq sancan
qatilin də
Sevənlərin arasında,
Yaralı bədəninin verilməsini gözləyirdi?!
Hamını olduğu kimi sən görürdün.
Bəlkə, qatilinə baxıb,
Gülümsəyirdin...
İnsanlar hər gün ölür,
Sənsə əbədi yaşayırsan...
Bəlkə, bu bəxtəvərliyə,
Burda ağlayanları görüb,
Orda gülümsəyirsən?!
Hətta, bəlkə də,
Sənə bıçaq sancan qatil əlləri də bağışlayırsan...
Çünki səni öldürə bilmədi...
Sən yaşayırsan,
Əbədi...
Nəyinə gərək,
Burda –
Küçədə,
Gözləmədiyin birinin qəfildən
kürəyinə bıçaq sanca biləcəyini bilib,
İçində bizim kimi gəzməyin?!
Yerin yaxşıdı,
Gəlmə bu dünyaya,
Gəlmə bir də sən.
Sən bura üçün deyilsən...
20 Dekabr 2011,
Bakı şəhəri.
***
Bakıya qar yağır,
Bəyaz qar...
Külək əsir,
Yağan qarı sovurur,
Millətin qara üzünü yuyur.
İllərdi ləkəli gəzən adam,
Təmiz günün mübarək!
Əli qara,
Üzü qara,
Cibi ağ adam,
Bəyaz günün mübarək!
İllərdi cibimizi üşüdən,
Qara neft,
Üşüyən günün mübarək!
28 Yanvar 2012,
Bakı şəhəri.
***
Bu nə qaranlıq,
Bu nə zülmət,
Söndürmüsən ürəyinin işığını,
Kor qoymusan məni də...
27 Fevral 2012,
Bakı şəhəri.
***
Sənli günlərimdə
Gəzdiyimiz
Küçələr,
Yollar,
Parklar,
Hər şey
Adi görünürdü mənə…
Qışda,
Qarda,
Ayaqlarım soyuqdan donsa da,
Ayağımı kəsən şaxtanı hiss etmirdim…
Hər şey sənin yanında adi görünürdü…
Dünyanın ən güclü kişisi idim mən.
Çünki sən vardın,
Ürəyimdə,
Yanımda,
Qolumda,
Əlimin içində…
Gözüm bircə səni görürdü:
Avtobus dayanacağında,
Metronun çıxacağında,
Yerdə,
Göydə,
Evimin sən olmayan
Yerində,
Yanımda…
Hər yerdə sən vardın…
Özüm-öz sevgimi qısqanırdım,
Səndən başqa
Nə insanı,
Nə heyvanı,
Nə gülü,
Nə böcəyi,
Nə daşı sevə bilirdim...
Səndən başqasına
Olan sevgiləri
Qısqanırdım özümü mən.
Yalnız səni sevirdim…
Amma nə olsun,
Ovcumda barmaqları
Üşüyən sevgilim,
Qovuşa bilmədik…
...Ayrıldıq!
Nə yalan deyim,
Daha səni sevmirəm.
İndi birgə gəzdiyimiz,
... o qaranlıq küçəni,
sənə hədiyyə etdiyim
Nərgizi,
İlk dəfə kölgəsində öpüşdüyümüz ağacı,
Sevirəm...
Artıq yoldan ötən,
Bütün gözəl qızları da görürəm,
Sevirəm...
Səndən sonra bütün gözəllikləri sevirəm.
Daha kor,
Nə də kar deyiləm.
Qulağıma pıçıldayıb:
- Sev həyatı,- deyən
Bahar küəyinin də səsini eşidirəm.
Səndən sonra...
Səni yox,
Sənli günləri sevirəm...
29 Fevral 2012,
Bakı şəhəri.
***
Gör nə vicdansızıq,
Gör nə imansız,
İllərdi bizi böyüdəni,
Əlimizlə torpağa bağışlayırıq.
Gör nə ürəksizik,
Gör nə qorxağıq,
Bir ölümdən də
Qoruya bilmirik anamızı...
Axı o qoruyub bizi,
Ölüm – itimdən,
Həyatın hər kələ-kötüründən,
Biz onu ala bilmirik,
Üzü qara fələyin əlindən.
Gecələr sübhədək
Oyanıb,
Ağlayıb,
Qorxmayaq deyə,
Başımız üstündə keşik çəkənin,
Bircə gün də məzarında qarovul çəkmirik.
Göz yaşı axıdır,
Ölümə gileylənirik...
Anamızı nə qədər çox sevsək də biz,
Sonda – soyuq məzarda qoyub gedirik...
Bu nə övladlıq,
Bu nə ana haqqı?!
Bir anamızı qoruya bilmirik.
Ömrün boyu qonağın olan ananın,
Son evində bircə gündə qonaq ola bilmirik.
Veririk insan ətindən doymayan,
Vəhşi torpağa,
Qırışlı üzünü,
Nursuz gözünü,
Qoca bədənini anamızın biz.
Çıxıb, qayıdırıq,
Heç nə olmamış kimi
Evimizə...
Dayan əcəl!
Dayan fələk!
Anama dəymə sən!
Anama əl qaldıran,
ÖLÜM,
sən olsan belə,
Anamdan əvvəl öldürərəm səni mən!..
23 Fevral 2012,
Bakı şəhəri.
Əliləm
Mən sol tərəfinin
Solu – yarısı
Əliləm,
əlil...
Sağ gözü görən,
Solu kor olan,
Sağ əli çalışıb,
Solu quruyan,
Sağ burun dəliyindən nəfəs alan
Əliləm,
Solundan əlil...
Düşünürsənmi,
Para beyinlə düşünür,
Bir ayaqla yeriyir,
Yarı ürəklə yaşayıram?!
Eh...
Əgər, buna yaşamaq demək olarsa...
Sudan çıxarılıb,
Çabalayıb,
Suya dönmək istəyən balığa,
Birqanadlı şahinə bənzəyirəm...
Duyursanmı ki,
Yarı insanam mən?!
Yarısından əlil,
Yarı insan!
Ruhu parçalanmış,
Yarım ruh insan gördünmü sən?..
Bax, mənəm!
Nə qəzada,
Nə də fəlakətdə
İtirmədim sol yanımı.
Səndən sonra...
Sol tərəfimi,
Sol ruhumu itirdim...
Ruhumun solu,
Geri dön,
Solsuz soluram...
Tükənir, məhv oluram...
Geri dön,
Solum!..
Sağı yaşadan soldur,
Solum,
Geri dön!..
Qurbanın olum!..
07 Aprel 2012,
Bakı şəhəri.
Ömür
Yanvar,
Fevral,
Mart...
Təkrarlanır aylar kimi
Günlər,
Həftələr...
Yeganə təkrarlanmayan,
İllər,
əsrlərdi,
əsrlər...
Doğum günü...
Bir ömürdə
On,
İyirmi,
Əlli,
Altımış,
Neçə-neçə doğum günlərini yaşayır, yaşayacağam...
Bir insan ömründə
Neçə dəfə təkarar
Aylar,
Günlər
Üzərində addımlayıram...
Hansında sonumun yetişəcəyini
Bilmirəm...
Bu ayların,
Bu günlərin
Hər biri
Şifrəli,
Gizlidir,
Gizli...
Doğum günümü bildirən aylar,
Günlər,
Bildirmir ölüm günümü...
Bu ayların,
Bu günlərin
Hansındasa vida edəcəyəm,
Hansında?!
Bilmirəm...
Demək,
Aylarımız,
Günlərimiz kimi
Ömrümüz də gizli,
Şifrəlidir,
Şifrəli...
Kimin barmağının izi ilə,
Kimin sağ və ya sol gözü ilə,
Kimin kameraya yansıyacaq üzü ilə
Açılar o şifrə, görən?!
Bunu da bilmirəm mən.
Bu da bir şifrədir, deyəsən...
30 Mart 2012,
Bakı şəhəri.
***
Musa Yaqub həyat yoldaşına yazır:
“Dünyanın ən xoşbəxt adamısan ki,
Mənim ölməyimi görməyəcəksən”.
Qadın bəşərdi,
Qadın ölmür,
Yaşayır,
Davam edir,
Yaradır...
Qadın əbədidir,
Qadın zamandır,
Kainatla yaşayır...
Sən də mənim ölümümü görməyəcəksən.
Sən ölməsən,
Mən ölməyəcəyəm.
Səninsə ölümün imkansız,
İnsanlar ölür,
İnsanlıq davam edir,
Kainat yaşayır...
Demək,
Nə sən,
Nə də mən tək qalmayacağıq,
Yaşayacağıq.
Səni yaşadan mən,
Məni yaşadan bəşəriyyət olacaq.
Və beləcə,
Biz dünyanı yaşadacağıq,
Dünya bizi...
Yaşadacaq eşqimizi!
07 May 2012,
Bakı şəhəri.
Əzrayılımsan
Sən həmişə düşmənimə də,
Dostuma da dostsan.
Mənim əleyhiməsən.
Sən insanları yaşatmaq üçün
Məni öldürürsən.
Başqasının dostu,
Mənim düşmənimsən.
Qocanı cavanlaşdırıb,
Yaşadırsan.
Mənimlə qəsdin nədir?!
Cavan vaxtımdan,
Qocaldın,
Məni də qocaltdın.
Arada yaşımı xatırlayıb,
Uşaqlıq etmək istəyirəm,
Alınmır...
Zatən mən uşaqlıq görmədim ki...
Sən saçlarıma da təsir etmisən,
Gün-gündən saçımın ağları artır,
Yaşımı deyirəm,
Heç kəs inanmır...
Mən heç uşaq olmadım ki, qocalım da...
İnsafın olsun,
Heç olmaya uşaqlıq edər,
Cavanlaşar,
Qocalardım da...
Mən doğulandan qəsdimə durdun.
Mən qocalmazdım,
Yaşayardım,
Bilirəm,
Qoymadın!
Dünyanın dərdi ilə
Beynimi düşüncələrimi də
Vaxtından qabaq yükləyib,
Qocaltdın məni.
Sən məni məhv etdin,
Səni məhv olasan!
Bəlkə, o zaman ruhum sənsiz rahat yaşaya...
Sənin adına kim insanı yaşadan ürək deyib?!
Sən məni yaşatmadın,
Əzrayılım oldun.
İnsanlar həyatında ilk və son dəfə
Öləndə Əzrayılı görürsə,
Sən doğulandan içimdə doğuldun.
Bacarmadım səninlə...
Etiraf edirəm,
Məni öldürsən də,
Yaşatdın hər kəsi
Onunçün də minnətdaram!
Çünki böyüklük səndə...
11 May 2012,
Bakı şəhəri.
Üşüyür
Çöldə günəş parıldayır,
Yaz havasıdır.
Yeni-yeni pardaxlayır,
Açır çiçəklər...
Təbiət havası,
Eşq havasıdır.
Fəqət...
İçimdə qış –
Qar gilə-gilə yağır ruhuma yenə...
Üşüdür ruhumu
Bu soyuq,
Şaxta,
Çatladır ruhumu,
Üzünə gülə-gülə...
Üşüyür evim-eşiyim,
Üşüyür pəncərəmdəki gülüm,
Üşüyür evimin küncündə büzüşən pişiyim,
Üşüyür...
Ruhun qışı yaman sərt olur,
Üşüyən ruhun
Nə baharı,
Nə də payızı olur...
Pəncərədən nə qədər
Günəş şəfəqləri evə dolur-dolsun.
Donmuşam,
Bədənimdə ruhum üşüyür!
19 mart 2012,
Bakı şəhəri.
Bağışlayın məni
Əlimin,
Daha doğrusu şəhadət barmağımın altında
Can verdin.
Nə son xırıltını eşitdim,
Nə gözünün son nurunu gördüm...
Bircə onu gördüm ki, əridin,
Öldün!
Hər ölüm səs-küyə səbəb olsa da,
Sənin ölümün
Özün kimi
Kiçik və səssiz oldu.
Qınadım özümü:
- Aman Allah,
Mənə vəhşiyəmmiş...
Öldürmək istəmədiyim birini
əritdim əlimin altda...
Bu nə işdir gəldi başıma,
Mən indi qatilmi oldum İlahi?!
Bir canlının həyatına son verdim.
İndi bəlkə də,
Yolunu gözləyən anası, atası,
Bəlkə də,
Zəhmət, həyat yoldaşı,
Çoluq-cocuğu yolunu gözləyəcək...
O isə gəlməyəcək...
Çünki dedim axı,
Masamın üstündə toza döndü...
Daha əzizləri qarşılarına qoyub,
Ağlamağa meyidini də tapmayacaqlar...
Demək, bir canlı ölümü
Faciədir bəşərdə.
Mən bunu bilə-bilə
Niyə etdim axı?!
Şeytanmı girlədi məni?
Bir qarışqa yarada bilməmişəm,
Niyə öldürdüm bir qarışqanı mən axı?!
Ruhundan,
ailəndən üzür istəyirəm,
Bağışlayın məni!
01 May 2012,
Bakı şəhəri.
***
Mən öləndə,
İstəmirəm,
Nə vəhşi torpağa tapşırın,
Nə də üstümü betonlayın.
Bu günə qədər hansı torpaq altda yatan
Əmanəti qorudu ki, torpaq?!
İnsanları cılızlaşdırıb,
Qarışqaya,
Böcəyə,
İlana yem etdi torpaq.
Torpaq üstdəki kəsəyən adamlar
məni alçalda bilmədisə,
Qoymaram, torpaq altda
Böcək,
Qarışqa,
İlana
Yem olub,
Yeyilim,
Alçalım...
Eləki gözümü yumdum,
Hay-həşir salıb,
Ruhumu qorxutmayın.
Tökün üstümə kitablarımı,
əlyazmalarımı,
qələmlərimi,
vərəqlərimi...
Çıxın çölə
Ata-övlad
Tənha qalıb,
Rahat pıçıldaşaq,
Ağlaşaq...
Ömürdə bir dəfə öləndə danışır
Yaratdığın əsərlər,
Tutduğun qələmlər,
Cızdığın vərəqlər səninlə...
İmkan verin,
Biz də rahat dərdləşək.
Söz alım onlardan,
Bilim yaşadacaqlar məni...
Sonra meyidimi götürün,
Amandı,
Çürümüş ölülər məkanına aparmayın,
Ruhumun ürəyi partlar...
Onsuzda ömrüm boyu
Ölülər içində yaşamadımmı?!.
Meşəyə aparın,
Meşəyə...
Atın məni meşənin sıxlığına...
Qayıdın...
Orda qartallar,
Aslanlar meyidimi parçalayıb-didsinlər...
Ruhum fəxr etsin ki,
Cismim
Qartala,
Aslana qismət oldu...
15 May 2012,
Bakı şəhəri.