"Zibil qutusundakı xoşbəxtlik"
Çöpçülər var. Zibil maşınlarında işləyənlər yox. Çöpçülər. O çöpçülər ki,zibil qutularını velosiped və ya şarjlı motosikletin arxasına bağladığı əl yapımı olan böyük kisələrlə bir-bir gəzərlər. Müəyyən zibil atıntılarını toplayar,harasa satarlar. O kəslər burda çoxdur. Həmişə onları gördükdə qəhərlənirəm,boğazıma yumruq sıxılır,gözlərimdə su bəndlərə çırpılır və geri qayıdır,bəzən isə daşır. Lakin çox məğrur olmaları tək təsəllimdir.
Ən başdan bəri onlardan biri çox diqqətimi çəkir. Fərqlidir. Başlıca fərqi digərləri kimi hər hansı nəqliyyatdan istifadə etməməsidir. Digərlərinin velosiped və ya motosikletlərə bağladığı kisələri kisələrin ucundan uzanmış iki ipi çiyinləri üstündən ataraq əli ilə dartmasıdır. Daha doğrusu,dartması idi. Çünki,artıq 1 aydan çoxdur ki,onu universitetin çıxışındakı kababxanalardan birinin qarşısındakı işıq dirəyinin yanında çöməlmiş şəkildə görürəm. Çox zaman gözləri kababxanaya zillənər. Bəlkə də gözləri ilə yeyir,burunu ilə içir və ya tam əksi. Sabahdan axşamadək orda durması isə öz qarınını doydurmaq üçün deyil,hər halda. Çünki qarını ilə beli arasındakı məsafəyə çox şey sığmaz. Orda duraraq gözləri ilə görür və yeyir,burunu ilə isə içir və qoxusunu hiss edir. Bunları toplayır evinə aparır. Başqa cür evinə nəsə apara bilmir.
Saçları qısadır. Onu ilk gördüyüm gündən bəri saçları eyni ölçüdədir. Yəqin ki,saçları da onu anlayır. Anlayır ki,uzansa kəsilməyəcək. Onları kəsdirməyə nə pulu var,nə də onlara qayçı vuracaq bərbəri. Əlləri inkişaf etməyib. Uşaq əlinin qırışlanmış formasıdır. Əllərindəki qırışlar üzündəki qırışlarla dəbdəbəli şəkildə uyuşur. Çox gözəl yaraşdırıb. Almacıq sümüyünün üstündəki dərisində belə qırış var. Həyatın vurduğu yaraların izləridir. Ən soyuqda da və ən istidə də əynində eyni paltarlar-rəngi ağarmaq istəyən qara köynək,üstündən geyindiyi və üzərindən kir süzülən jaketi,əyninə 5-7 ölçü böyük olan,yeridikcə əyinində yellənən şalvarı,bir də tam olaraq nə tipdən olduğunu anlaya bilmədiyim hala düşmüş ayaqqabısı var. Jaketindən süzülən kirlər də gözlərindən süzülən fəryadlar ilə çox gözəl uyuşur. Hər şeyə rəğmən,o da öz modasını,öz dəbini özü qoruyur. Gözləri isə ... Gözlərini anlada bilmirəm. Baxışları ilə susaraq yalvarır,kömək diləyir,dilənir. Danışmadan,Allahın adını istifadə etmədən,dərdini anlatmadan dilənir. Sakitcə,səssizcə,kimsənin dilənə bilmədiyi tərzdə dilənir. "Dilənçilərə pul verməmək" prinsipimi pozan tək dilənçidir. Dilənçi də deyil,əslində. Bəlkə də dilənçidir. Yəni,o,dilənçidirsə digər dilənçilər nədir?! Digər dilənçilər dilənçidirsə,o,nədir?! Bilmirəm.
Bu gün-8 mart günü universitetdən çıxarkən onu həmişəki yerində görmədim. Bir az irəlilədikdən sonra uzaqdan bir zibil tənəkəsini eşdiyini gördüm. Bizim qəhrəman köhnə işinə geri qayıtmışdı,deyəsən. Ona çatmağıma 20-25 metr qalmış başını zibil qutusunun içindən çıxardı. Əlində uzaqdan belə süni olduğu bariz olaraq fərq edilən,rəngi solmaqdan betər olmuş bir gül var idi. 5-6 saniyə baxdı gülə. Sonra üzündə ilk dəfə təbəssüm gördüm. İlk dəfə dodağı yana qaçdı. Özü isə əlində gül qaça-qaça getdi.
Yəqin ki,evə qaçırdı. Yəqin ki,qadınını xoşbəxt edəcəkdi. Bəlkə də etdi. Bəlkə də indi o gülü ortalarına qoyaraq sarılıb yatıblar. Qarınları ac olsa da xoşbəxtlik ehtiyacları toxdur.
Bu gün qadınına kabab qoxusu verə bilməyəcəkdi,lakin xoşbəxtlik verəcəkdi və o,həmin xoşbəxtliyi zibil qutusundan tapmışdı.