Zülmətin İçində İşıq
Ceyhun Fikrət tərəfindən "Hekayə" bolməsinə 18:00 20 noyabr 2025 tarixində əlavə olunmuşdur

O, sanki nə edəcəyini bilmirdi. Bəlkə də bu yolu səhv seçmişdi. Amma geri qayıtmaq artıq mümkün deyildi. Öz-özünə pıçıldadı: “Mən mütləq bacaracağam.”
Uşaq idi, amma dərdləri onu böyütmüşdü. Qaranlıq küçənin sonuna qədər getməliydi. Çünki axtarışdaydı – işıq axtarırdı.
Düşüncələrinin dərinliyində bir parıltı yanıb-sönürdü. Hər addımında ona doğru yaxınlaşırdı. Lakin dar və sonsuz görünən küçənin qaranlığı qorxusunu böyüdürdü. O, işıqla bərabər özünü də axtarırdı. İçindən bir səs deyirdi: “Hər zülmətin içində gizli bir nur var.”
Yol ağırlaşdıqca, içindəki inam da böyüyürdü. Birdən dayanıb səssizliyə qulaq verdi. Heç kəs yox idi. “Bəs işıq?” – deyə düşündü. “Bəlkə o da yoxdur?”
Göy üzünə baxdı. Qara buludlar yavaş-yavaş sürünərək sanki onu qorxutmaq istəyirdi. Səssizlik qəlbinə soyuq əl kimi toxundu. Gözlərinə qaranlıq vahiməli göründü. Geri çevrilib uzanan küçəyə baxdı və əzmlə dedi:
“Artıq geri dönə bilmərəm. Mən bu zülmətdən çıxacağam.”
Yenidən addımlamağa başladı. Yolun nə qədər uzun olduğunu bilmirdi, yalnız yorğunluğunu hiss edirdi. Dayandı. Ətrafına boylandı, heç nə görmədi. Gözlərini göyə dikib astaca pıçıldadı: “Mən bacarmıram…” və dizlərinin üstünə çökdü.
Zülmət bütün varlığını bürümüşdü. Əlləri, ayaqları, sanki özü də qaranlığın bir parçasına çevrilmişdi. O an ümidini itirirdi.
Lakin qəlbinin dərinliyində bir səs yüksəldi: “Mən səndən başqa heç kimi istəmirəm.” Bu sözlərlə hər şey dəyişdi. Qara buludlar aralandı, qəlbinə işıq doldu. O an başa düşdü ki, axtardığı nur əslində onun içindəymiş.
Ətraf birdən-birə işıqlanmağa başladı. Küçənin qaranlıq divarları sanki heyranlıqla ona tamaşa edirdi. Artıq qorxu yox olmuşdu. O, üzündə təbəssümlə pıçıldadı:
— Mən qaranlıq küçələri işıqlandıran bir nuram.

4 oktyabr 2025 ci il


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+31=
Hesaba giriş
Müəllif

Ceyhun Fikrət
Haqqında
Ceyhun Fikrət 1984 ci ildə Bakı şəhərində anadan olub. Əsli Şamaxı şəhərindəndir. 2005-ci ildən dövrü-mətbuatda yazıçı və jurnalist fəaliyyətini davam etdirir. 2015 ci ildə İran islam respublikasının Qom şəhərində yerləşən Əl-Mustafa beynəlxalq universitetinin Əl-Məhdi adlanan şöbəsində fars dili və islam maarifi fakultəsində təhsil alıb. Bundan əlavə 2017-ci ildə İranın Təbriz şəhərində yerləşən Əl-Mustafa Beynəlxalq Universitetinin Təbriz filialına daxil olub. 2025-ci ildə Əl-Mustafa Beynəlxalq Universitetinin Fiqh və İslam maarifi fakultəsini bitirib. Hal-hazırda yazıçı,jurnalist və ilahiyyatçı kimi fəaliyyətini davam etdirir.
Əlaqə
E-mail:
ceyhunfikret1@gmail.com
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0308 saniye