Yenicə ATA olmuşdu. Valideyn olmağın sevincini yaşayırdı. SƏNGƏRDƏKİ dostları ilə bölüşdü, çin olmuş arzusunun səadətini. Həyata ilk qədəmlərini atan oğlunu görmək, onu qucağına almaq, cənnət ətirli qoxusunu duymaq üçün günləri sayırdı. Qəlbi ümidlər, arzular, xəyallar ümmanına çevrilmişdi… Amma düşmən gülləsi aman vermədi, oğlunun şirin qığıltısını eşitməyə. Onun beşiyi başında səngərdən, hərbdən, qanlı döyüşlərdən, qolları üstündə gözlərini yuman şəhid igidlərdən bəhs edən hekayətlərini birər-birər nəql etməyə. Ömrü qəhrəmanlıq əfsanəsinə döndü. VƏTƏN yolunda şəhidlik zirvəsinə ucaldı. Beləcə, ÖZÜ üzünü görmədiyi, sevgiylə qucaqlaya bilmədiyi oğlunun beşiyi başında söyləniləcək ilk nağılın qəhrəmanına çevrildi. Bu körpə aslan parçası göylərdə bayrağımız dalğalandıqca onun hər çırpıntısında bütün şəhidlərin, o cümlədən atasının qəlbinin döyüntüsünü qürur hissi ilə duyacaq. Vətən məhəbbəti və övladını görmək arzusu ilə sətirlənmiş, hər kəsi qəhərə boğan bir hekayəti yazdı, leytenant ORUCƏLİYEV QABİL!…
TANRININ yanında ŞƏHİDLƏR diri,
VƏTƏNÇİN ÖLƏNƏ ölü deyilməz!
Onların yatdığı torpaq and yeri,
VƏTƏNÇİN ÖLƏNƏ ölü deyilməz!
Üç rəngli bayrağımız Seyidsulan kəndində, Lələtəpə və Talış kəndi yaxınlığındakı strateji yüksəkliklərdə yenidən dalğalandı. Neçə-neçə şəhid övladını qoynuna aldı, ana torpaq… VƏTƏN OĞLU, TANRI torpağın köksündəki səngərləri, məhz sənin atdığın addımlarla bir daha şərəfləndirdi. VƏTƏN sənə güvənir, xalq sənə inanır! QƏLƏBƏ nidalı, ZƏFƏR arzulu şücaətinlə, qüdrətinlə millətin birliyini, gücünü, qətiyyətini, tutduğu yoldan dönməzliyini yenidən sübut etdin, mənfur düşmənlərimizə. Ruhumuzla, qəlbimizlə üç rəngli bayrağımıza bu dəfə daha möhkəm sarıldıq. Yumruğa çevrilən birliyimiz torpaqlarımıza göz dikən soysuzların, çaqqalların başını xıncım-xıncım əzərək, haqqın, ədalətin səsini eşitməyən YER KÜRƏSİNİN qulaqlarının pasını təmizlədi. Yeri-göyü lərzəyə gətirdi, VƏTƏN SEVGİMİZ! Tarixi həqiqətlər bəşəriyyətin önündə dönə-dönə vərəqləndi…
Addımından od yağır,
Gözündə şimşək çaxır,
Şuşa yoluna baxır,
VƏTƏN, sənə güvənir!
Bir gün XARI BÜLBÜL AZAN çıçəkləri ilə birlikdə Şuşada yenidən ana torpağın köksünü əsrarəngiz gülüstana çevirəcək. XOCALI, KƏLBƏCƏR, AĞDAM, QUBADLI, ZƏNGİLAN və LAÇINDAKI məscidlərimizdə ucalan AZAN səsinin ilahi nurunda şəfəqlənəcək bu çiçəklər! QƏLƏBƏ sevincli o gün uzaqda deyil!!!
Yaqut Hüseynova