13M14
Graf tərəfindən "Hekayə" bolməsinə 21:03 29 may 2014 tarixində əlavə olunmuşdur

Bəzən dünənimlə bu günümün fərqinə varanda olduğum yerə necə gəldiyim, necə yollardan keçdiyim özümə də inandırıcı gəlmir. Uğura sevinən insan deyiləm. Düşünürəm ki, həyat bizə qazanmaq üçün verilib. Ən böyük uğurum bu gün həyatda olmağımdır.

Kim idim 3 il əvvəl? Arzuları məqsədindən böyük olan, xəyalpərəst, heç bir şeyə sahib olmayan cılız bir yeniyetmə. Vaxtı ilə arzularımı kiməsə söyləyəndə, istər evdə, istərsə də çöldə, gülürdülər mənə. Cavab olaraq o qədər danışıb, məsləhət filan verirdilər ki, sanki bu arzuya gedən yolda qarşıma bir dağ qoyurdular. Bu günə kimi ikinci böyük uğurum isə onlara inanmamaq və qoyduqları o “dağ”dan qorxmadan yoluma davam etməyim oldu. Bu gün artıq istədiyim yolda olaraq, o “dağ” söhbətləri ilə məni bu yoldan eləməyə çalışan insanların önümdə susqunluqlarına baxıb zövq alıram.

Özünə inam, özündən razılıq... Bunlar mənim keçirdiyim “simptomlar”dı. Çoxu bunu səhv başa düşür. Özündən razılıq özünü kimdənsə üstün saymaq demək deyil. Özündən razılıq – “sən”in öz-özünün bosu olaraq öz gördüyün işlərdən razı qalmağındır.

 

*   *   *

 

Onunla bir il olar tanışıq. Həm bir yerdə işləmişik, həm də bir yerdə psixoloq praktikasına yiyələnmişik. Məndən yaşca və vəzifəcə böyük olmasına baxmayaraq onunla münasibətimiz açıqdı. Tez-tez görüşürük, şam yeməkləri, xüsusi gəzintilər, gecə həyatı və s. O, doğmalığını mənə hiss etdirən tək-tük insanların sırasındadır. Çox geniş dünya görüşünə malik, səmimi, sadə, yaxşı dost və yaxşı sevgili olmağı bacaran insandı. Lakin, bütün bunlara baxmayaraq mənim ona olan hislərimin sevgi ilə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə bu hiss mənə artıq tamam yaddır. Həyatıma girib-çıxanlar və həyatımın “içinə girib-çıxanlar”ın ucbatından sinəmdə döyünən buz bağlamış ət parçasından başqa bir şey deyil artıq.

Gecə saat 2-ə qalırdı. Yataqda onunla üz-üzə uzanmışdıq. O, gözlərini yumub yuxuya getməyə çalışırdı. Mənim isə heç cür gözümə yuxu getmədiyindən onun qaranlıq otaqda çətinliklə seçilən üz cizgilərinə tamaşa edirdim. Yorğun olanda ümumiyyətlə yata bilmirəm səhərə kimi... Dərs, gərgin iş, işdən sonra psixoloji analiz məqaləsinin üzərində işləmək, insanları özlərinin də xəbəri olmadan testdən keçirmək... Bütün bunlardan sonra sevişməyi sadəcə xəyal edə bilərsən.

Xeyli ona tamaşa elədim. Başa düşə bilmirdim ki, bütün bunlar necə baş verir. Əgər kimsə kiminsə yanında özünü xoşbəxt hiss etməyə qadirdirsə, kimə lazımdı naz eləmələr, qürurlar, həyatını idarə edən insanların məsləhətləri, bəkarət qorxusu, gələcək qorxusu – bütün bu stereotiplərdən asılı olmaq. Mənə heç cür çatmır bu.

–                        Niyə yatmırsan? – o, qəfil gözlərini açıb soruşdu.

–                        Sənə baxıram.

–                        Niyə? – təəccüblə, eyni zamanda məndən bu cavabı gözləyirmiş kimi soruşdu.

–                        Demokratik ölkədə nə isə eləməkdən ötəri mütləq kimdənsə icazə almalısan, – mən sarkazma bənzər bir tərzdə dedim.

–                        Mən baxma demədim. Bu “niyə”, sənin mənə baxmağına aid sual deyildi ümumiyyətlə. Yəqin başa düşdün nə demək istədiyimi, psixoloq dostum (biz bir-birimizə çox vaxt bu cür xitab edirdik. Bu sadəcə zarafat idi, psixologiya kursuna yazılan gündən özümüzə zarafatyana “psixoloq” deməyə başlamışdıq).

–                        Bir az kəskin tərz olmadı? – mən soruşdum.

–                        Sənin üçün çətin olmaz.

–                        Düz deyirsən, mənim üçün çətin bir şey yoxdu. İstəyəndə doğmalaşıram, istəyəndə atıb gedirəm, istəyəndə incidirəm, itəsəm asanlıqla könül alıram...

–                        Amma... amma, istəsən də sevə bilmirsən. Razılaş? – o, dedi.

–                        Əlbəttə, razılaşıram.

–                        Mən isə səni sevirəm... Həm də deyəsən, dəli kimi sevirəm.

Mən susdum. Nə isə deyəcək cəsarətim yox idi. Qarşılıqsız sevirdi o məni. Hətta özünü inandırmışdı ki, mən heç vaxt onu sevməyəcəm. Hələ ola bilər ki, bir gün onu da tərk edəcəm. O, bütün bunları bilə-bilə yenə də sevirdi. Özü də deyəsən, həqiqətən sevirdi.

–                        Həyatında çox kişi olub? – mən heç gözləmədiyi halda bu yersiz sualı verdim ona. Bilirdim ki, bu suala görə inciyə bilər məndən.

–                       Axı bu sualın nə yeri varıydı indi?

Onun gözlərinə sükut çökdü, parıltısı itdi. Açığı bir az utandım verdiyim sualdan, amma, lap az.

–                        Bilmək istəyirəm, “sevirəm” sözünü neçə nəfərə demisən?

–                        Utanmırsan? – dedi və çevrilib arxası üstə uzandı.

–                        Qətiyyən yox... – cavabım bir az sərt alınsa da vəziyyətdən yayına bilməzdim.

–                        Madam sənə bu qədər maraqlıdı, onda  bir yerə yaz, yadından çıxmasın: ilk sevgi, yəni yeniyetməlik səhvi, və sən – mənim ilk və yeganə psixoloq dostum, qarşılıqsız sevdiyim ilk və yeganə insan, qapının zəngini çalanda balaca uşaq kimi sevincimdən atdanıb-düşdüyüm ilk və yeganə insan, hansı ki, heç 5 yaşımda atamın qapı zəngini çalmasına bu qədər sevinmirdim.

–                        Seva... ııı...

–                        Məncə daha heç nə demə...

Mən çox utandım. Bir neçə dəqiqə əvvəl vecsizliyimin pik nöqtəsindəydim. Amma, indi utancımdan yanıb-alışırdım.

–                       Seevv... Sən mənim ən yaxşı dostumsan. Bilirəm, bəzən heyvani hisslərə qapılıram, hissiyatsız, vəhşi biri oluram. Hətta, vəhşi heyvanların da qəlbində hissiyyat olur. Amma, sən gərək məni başa düşəsən. Niyə bu vəziyyətdə olduğumu bilirsən. Mən səni sevirəm, amma, bu sevgi başqa sevgidi. İnsanın insana olan sevgisi. Mən səni doğmam kimi sevirəm. O səviyyədə ki, heç qohumlarımızı bəlkə də bu qədər sevmirəm. İnanıram ki, başa düşdün məni, psixoloq dostum.

O, üzünü mənə tərəf çevirdi və yüngülcə gülümsədi:

–                        Qucaqla məni.

Mən onu möhkəm-möhkəm qucaqladım, bu bir az da şəhvətdən irəli gəlirdi. Bizim dodaqlarımız bir-birinə toxunurdu. Bu anda o soruşdu:

– Sabah da mənimlə qalacaqsan?

Mən gözlərimi yumub-açmaqla “hə” dedim.

– Səni çox sevirəm. Hətta, dəlidən betər sevirəm – dodaqlarıma həfif bir toxunuş edərək gülümsədi.

Mən hələ də susurdum, heç nə deyə bilmirdim. Mən sadəcə bu qızın vurğunuyam, sevginin olmadığına özümü inandırmışam. Amma, bu insanın qarşılıqsız necə sevə bildiyini gördükcə öz inamıma istər-istəməz şübhə ilə yanaşmağa məcbur oluram.

 


... dəfə oxunub
Qiymət: 7/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+8=
Hesaba giriş
Müəllif

Graf
Haqqında
Copywriter & Corrector; Student at the AzTU; Solo guitarist (nEURO band);
Əlaqə
E-mail:
abdullacavadov@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0257 saniye