Alüminium
Nizam Memmedov tərəfindən "Hekayə" bolməsinə 22:25 28 iyun 2014 tarixində əlavə olunmuşdur

Bu hekayədə uşaq vaxtı başıma gələn və hələ də peşmançılığını çəkdiyim bir hadisədən danışmaq istəyirəm. Bacardıqca yaddaşımın dərinliklərinə gedib, hadisəni olduğu kimi nəql etməyə çalışacam. Məhəlləmizdə Sovetdən də keçmişə məxsus divar uçulmuş və arxasındakı torpaq həyətə tökülmüşdü. Dövlət orqanlarından torpağı təmizləmək üçün səs-soraq çıxmadıqda qonşular özləri yığışıb fəhlə tutmaq və məhəlləni təmizlətmək qərarına gəldilər. Üst qonşunun tutduğu fəhlə bütün torpağı 15 manata təmizləməyə razı olmuşdu. Əlbəttə, bu qiymət bu iş üçün olduqca az idi və qonşular hamısı razı qalsalar da öz heyrətlərini gizlədə bilmirdillər. Gizlincə fəhləni tutan qonşu ilə pıçıldaşıb, gülüşürdülər. Əsllində, qiymət məsələsi fəhlənin öz razılığı ilə olmuşdu amma daha acınacaqlı cəhət fəhləni heç kim öz boynuna götürmək istəmirdi. Yəni, vaxtaşırı bir stəkan çay vermək işi hamı üçün qəlizləşmişdi. Fəhlə isə işləyirdi. Torpağı qazdıqca divarın arxasındakı torpaq da tökülür və iş təhlükəli olmağa başlayırdı. İşin təhlükəli olması məhəllədə fəhlədən başqa heç kimin vecinə deyildi. Durmadan deyinir, işin təhlükəli olmasını xatırladırdı ancaq əvəzində gülüşlə qarşılanırdı, ələ salınırdı, qorxaq adlandırılırdı, iş bacarmamaqda ittiham olunurdu. Artıq iki gün idi ki, işləyirdi və ikinci gün günorta vaxtı uçuq divarın üstündən ilişib qalmış dəmir parçası düz fəhlənin üstünə düşdü. Xoşbəxtlikdən cəld tərpənə bildi və ona gülən insanlara "balam var mənim" dedi. Bu sözlər məndən başqa, deyəsən, heç kimə təsir etməmişdi. Bir neçə saniyə əvvəl ölümdən qayıdan insanı necə ələ salmaq olardı, necə ona gülmək olardı? Həm də balası üçün işləyən, bu işi bircə balası üçün qəbul etdiyini açıq-aydın deyən bir insanı. Onun da gözlərində bu sual var idi. 15 manat üçün belə riskli işi qəbul etməyə dəyərdimi? Səhərisi gün, fəhlə gəlməmişdi. Həm də, 15 manatını almadan, iş paltarlarını götürmədən. İşin çox hissəsini görməsinə baxmayaraq birdəfəlik getmişdi. 

Bir neçə ay keçmişdi. Məhəllə təmizlənmiş, divar yenidən hörülmüş, həyət əvvəlki vəziyyətinə geri dönmüşdü. Məhəllədə oynayırdım və o fəhləni gördüm. Yavaşca həyətə girib üst qonşunun qapısını döydü. Təbii ki, qapı açılmadı. İş paltarlarını istəyirdi fəhlə amma çoxdan atılmışdı paltarlar. Sonra aşağı düşdü, yanıma gəldi. Həyətdə qonşuların işlətmədiyi əşyalar yığılan yerin yanında dayandı və məndən balaca alüminium parçasını istədi. Ancaq mən, mən o alüminimu ona vermədim. Uşaq ola-ola pul qazana bilərdim o alüminiumla. Mən vermədim və o getdi. Amma sonra, sonra yadıma düşdü fəhlənin üstünə dəmir düşərkən dediyi sözlər. Balam var mənim. Hə, balası var idi onun, bura da iş paltarlarını götürməyə gəlməmişdi, bəlkə 15 manatın heç olmasa yarısını almaq ümidi ilə gəlmişdi, amma qapı açılmadı. Alüminiumu da satmaq üçün istəmişdi məndən, amma mən vermədim. Uşaq beynimlə başa düşdüm bunları alüminiumi götürdüm və qaçdım. Ancaq gec idi, o, artıq küçədə gözdən itmişdi. Mən həyətə qayıtdım və ona qapı açmayan qonşudan fərqli davranmadığımı başa düşdüm. Sırf mənə lazım olmayan pulu qazanacağıma görə qürrələnməkdən ötrü övladı olan birinə o alüminiumu vermədim. 


... dəfə oxunub
Qiymət: 7/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+12=
Hesaba giriş
Müəllif

Nizam Memmedov
Haqqında

Əlaqə
E-mail:
nizam_49@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0291 saniye