Rayon mərkəzinə çox da uzaq olmayan kəndlərinin birində toy hazırlıqları başa çatmışdı. Mağar qurulub stolların üstü silinib təmizlənmişdi. Bu gün qız toyu idi. Musiqiçilər gəlmiş, Rusiyadan gələn qonağın hədiyyə etdiyi dana kəsilmişdi. Aşpazlar qazanların başında yemək bişirməklə məşğul idilər. Evlənənlər uzaq qohum idilər ancaq bir kəndin içində uzaq olmaq nə qədər mümkün idi ki? Kəndlərdə toylar şəhərdəki kimi axşam başlamır. Günorta vaxtı idi, darvazalar açılmış və qonaqlar yavaş-yavaş toy həyətinə gəlməyə başlamışdı. Qonaqlar arasında o qədər də qonaq sayılmasa da qızın 67 yaşlı nənəsi də var idi. Bütün kənd demək olar ki, toyda idi ancaq qızın nənəsi çağırılmadığını bilsə də bir nəfəri - öz oğlunu axtarırdı. Bu onun böyük oğlu idi və şəhərdə yaşayırdı. Oğlu kənddən çoxdan çıxmış və bu kəndin tək-tük ali savadlılarından biri idi. Oğlu ilə qızı küsülü idi və qızı öz qardaşını qızının toyuna çağırmamışdı. Toyda kişilər və qadınlar ayrı tərəflərdə öz yerlərini tutmuşdular. Ana isə oğlunun yoxluğunu hiss edirdi. İlk dəfə idi ki, oğlunun yoxluğu ona bu qədər təsir etmişdi. Yeyib-içən kişilər arasında onun da oğlu olmalı idi, qadınların qeybətində gəlininin sakit baxışları, hadisələrə tərəfsiz fikir bildirməklərinin yeri görünürdü. Və təbii ki, nəvələri. Universitetdə oxuyan iki gənc nəvə, qız və oğlan. İlk dəfə idi ki, nənə ailəsini tam görə bilmirdi. Axı, əvvəllər nə problem olursa olsun toylarda, yaslarda da olsa ailə bir araya gəlirdi amma bu dəfə oğlu yox idi.
Hava get-gedə qaralırdı. Stoların üstündən artıq qalan yeməklər yığışdırılmış və çalğıçıların çətin saatları başlamışdı. Toyun bir-birinin ardınca sifariş verilən toy musiqiləri, içkili kişilərin eybəcər rəqsləri olan hissələri idi artıq. Ana isə oğlunun yoxluğunu qəbul edə bilmirdi. Onun da oğlu gəlib yeyib-içməli, piyan olmalı idi. Bəlkə, stolunda oturan kişilərlə möhkəm səslə mübahisə etməli, kənd və şəhər həyatından danışmalı idi. Nə də olmasa ali savadlı idi, birini inandırmasa da beşini inandıracaqdı. Toydan sonra anasının evində yerdən salınan yataqda yatmalı idi. Səhər oyanıb axşamkı toyu müzakirə eləməli idi. Xoşbəxtlik tablosu ananın gözü önündə canlanırdı. Bütün günahları özündə görürdü. Vaxtında böyük oğluna haqqı olanı verməmişdi, nəvələrini sevməmişdi. Sonuncu məsələdə araya girəyə bilərdi, analıq göstərərək oğlunu müdafiə edə bilərdi. Axı oğlunun heç bir günahı yox idi. Amma qorxmuşdu, kiçik oğlu ilə birlikdə yaşadığından böyük oğlunu itələyib özündən uzaqlaşdırmışdı. Yəqin bütün yaşlılarda bu qorxu var. Birdən xəstələnsəm kim baxar mənə? Böyük oğlu şəhərdə iki otaqlı evdə qalırdı, ora gedə bilməzdi və məhz buna görə özünü düşünərək haqlı tərəfdə dayanmamışdı. İndi isə özünü olduqca narahat hiss edirdi. Bir dəfə on il qabaq kor bağırsağından əməliyyat olunsa da çox sağlam qadın idi. Amma indi toyun qızğın vaxtında ürək ağrıları başlamışdı. Daha öncə heç ürəyi ağramamışdı və indi səbrsizliklə toyun bitməsini gözləyirdi.
Nəhayət, toy qutardı. Ana niyəsə öz evinə getmək istəmədi və toy olan evdə - qızıgildə qaldı. Gecə saat on ikini keçmişdi. Ananın ürək ağrıları artıq dözülməz olmağa başlamışdı amma bu barədə heç kimə danışmırdı. O biri otağa keçib çarpayıda uzandı. Ürək ağrıları isə get-gedə şiddətini artırırdı. Ağrıya dözə bilməyən ana zarımağa başladı. Səsə qızı gəlib başının üstünə dayandı, bir dənə ağrı kəsici verdi anasına. Dərmanın xeyri yox idi, sancılar ara vermirdi. Evdə olan bütün adamlar çarpayının ətrafına yığışmışdılar. Ana can verirdi. Artıq xəbər rayon mərkəzində qalan kiçik oğluna çatmışdı. Kiçik oğlu otağa girəndə ana öldü. Bəlkə, otağa girənin böyük oğlu olmasını istəyirdi, bəlkə ona deyəcək sözləri var idi amma səhəri gözləyə bilmədi. Bütün peşmançılıqları ilə vicdan ağrısından həyatını itirdi.
Elə həmin gecə bacısı qızınının toyuna çağırılmayan oğul anasının dəfninə çağırıldı.