“Anası savadsız olan xalq kordur”
Aysel Abdullazadə tərəfindən "Digər yazılar" bolməsinə 20:09 08 noyabr 2015 tarixində əlavə olunmuşdur

Şərq dünyasının ilk mesenatı H.Z.Tağıyev millətin tərəqqisində qadının rolunu düzgün qiymətləndirərək...

Türk-İslam aləmində ilk dünyəvi milli qadın təhsili ocağının Azərbaycanda yaradıcısı və banisi kimi də mədəniyyət tariximizə imzasını atmış böyük maarif fədaisi, tarixdə iz qoymuş nadir şəxsiyyət idi. Bu böyük maarifçinin ömrünün sonunadək mübarizə apardığı həyat amalının təməlində millətin tərəqqisinin, özünün dediyi kimi, “yeganə çıxış yolu məktəb, yalnız məktəb, təhsil ola bilər” prinsipi durmuşdu. Ömründə heç bir xüsusi təhsil almamış, imzasını güclə atmağı öyrənmiş H.Z.Tağıyev millətə, maarif və mədəniyyətin inkişafına, xalqın maariflənməsinə etdiyi yardımlardan mənəvi rahatlıq tapırdı. İnsansevərlik simvolu olan xeyriyyəçiliyə fəlsəfi-dini anlam verərək bunu Uca Tanrı qarşısında özünün mənəvi borcu sayırdı...

Tarixi reallıq belədir ki, ötən əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyev haqqında kifayət qədər sanballı əsərlər yazılmış, Tağıyev fenomeninin məzmunu və mahiyyəti xalqa çatdırılmışdı. Lakin bolşevik rejiminin Azərbaycana gəlişi, Vətənimizdə 28 Aprel çevrilişi ilə meydana çıxan sovet ideologiyası digər milli-mənəvi dəyərlər kimi, Tağıyev fenomenini də xalqın yaddaşından silmək yolunu tutdu. Sovet dövrü tarixşünaslığında onun adı yasaq edildi, xeyirxah əməlləri başqalarının adına çıxıldı... Sovet rejiminin yasaqlarına baxmayaraq, onun adı və böyük əməlləri xalqın yaddaşından silinmədi. Onun haqqında tarixi həqiqətlər əfsanə şəklində xalqın yaddaşına köçdü, Hacı əfsanələşdi və yaşadı...

Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakının “İçərişəhər” adlanan qədim hissəsində kasıb başmaqçı ailəsində doğulmuş, 12 yaşından fəhləliyə, 15 yaşından bənnalığa başlamışdı. Sonralar neftli torpaq sahəsi icarəyə götürmüş, gərgin əmək sayəsində quyu qazdırmış, nəhayət, neft fontanı nəticəsində milyonçuya çevrilmişdi. Başqa milyonçulardan fərqli olaraq, halal zəhmət, alın təri ilə qazandığı sərvətini millətinin maariflənməsi, mədəni xalqlar səviyyəsinə yüksəlməsi yolunda sərf etdi, nəticədə yaddaşımızda və tarixdə “sərvət və səxavətdə məşhur Hacı” kimi əbədiləşdi.

Hacı, qadınların təhsilinə həssas yanaşırdı və böyük istəyi Bakıda qızların təhsil alması idi. O eyni zamanda Bakıda fəaliyyət göstərən rus qadın məktəblərindən olan Mariya Qadın Gimnaziyası binasının (indiki İncəsənət Muzeyi) tikilməsinə də çoxlu vəsait xərcləmiş, “Müqəddəs Nina” Qadın Məktəbinə də (indiki 132 və 134 saylı məktəblərin binası) müntəzəm olaraq yardımlar göstərirdi. Nəhayət 1896-cı ildə Hacı böyük arzusuna nail oldu. Məktəbin açılması uğrunda o uzun illər mübarizə aparmış, bir neçə dəfə rədd cavabı alsa da, ruhdan düşməmişdi. II Nikolayın tacqoyma mərasimində o çarın arvadı Aleksandra Fyodorovnaya bir senator vasitəsilə Bakıda açılacaq rus-müsəlman məktəbinə onun adının veriləcəyini bildirərək imperatordan müstbət cavab almışdı.

Məktəbin binasının tikintisinə 1898-ci ildən başlanıldı və 1901-ci ildə başa çatdırıldı. Böyük hazırlıqlardan sonra 1901-ci il oktyabrın 7-də keçmiş Nikolayevski (hazırkı İstiqlaliyyət küçəsi, Azərbaycan AMEA Əlyazmalar İnstitutunun binası) küçəsində yerləşən, rəsmi adı “Bakı Aleksandrinskaya Rus-Müsəlman Qadın Məktəbi” olan, lakin xalqın yaddaşında “Tağıyevin Qız Məktəbi” kimi əbədiləşən təhsil müəssisəsinin təntənəli açılışı oldu. Bununla da Azərbaycanın təhsil tarixində yeni bir şanlı səhifənin – milli-dünyəvi qadın təhsilinin təməli qoyuldu. Bu tarixi hadisənin müəllifi böyük mesenat Hacı Zeynalabdin Tağıyev oldu.

Bu məktəbdə təhsil əvvəllər dördillik idi, 2 ildən sonra beşillik, sonra altıillik oldu. 1913-cü ildən Qız Məktəbi seminariyaya çevrildi, orada müəllimlər hazırlayan ikiillik kurslar da açıldı. 1918-ci il mart qırğınları zamanı məktəb bağlandı. Cümhuriyyət dövründə də onu bərpa etmək mümkün olmadı. Lakin bir həqiqət var ki, ötən əsrin əvvəllərində yetişən Azərbaycan ziyalı qadınlarının böyük əksəriyyətini bu məktəbin məzunları təşkil etmişdi… Ardınca İrəvanda, Gəncədə, Şəkidə, Ağdaşda, Bakıda, Qubada, Naxçıvanda, Qazaxda, Şuşada, Şamaxıda eyni tipli rus-Azərbaycan qız məktəbləri açıldı. 1906-cı ildə Tiflisdə açılan müsəlman qız məktəbinin açılışına dəvət alsa da, xəstəlik səbəbindən tədbirə qatıla bilməyən Hacı həmin məktəbin xeyrinə 25 min manat toxunulmaz vəsait köçürdü.

Onun fərdi təqaüdü ilə ali və ya orta təhsil alanlar içərisində XX əsr Azərbaycan tarixinin çox önəmli şəxsiyyətləri də vardır. Belələrindən Şövkət Məmmədova, Ayna Sultanova, Nəriman Nərimanov, Əlimərdan bəy Topçubaşov, Səməd bəy Mehmandarov, Nəsib bəy Usubbəyli, Həsən bəy Ağayev, Qarabəy Qarabəyov, Lütvəli bəy Behbudov, Mustafa ağa Vəkilov, Fətulla bəy Rüstəmbəyov, Fərrux bəy Vəzirov, Məşədi Əzizbəyov, Ruhulla Axundov, Mirzə Davud Hüseynov, Xudadat bəy Məlikaslanov, Xəlilbəy Xasməmmədov, Aslan bəy Səfikürdski, İsmayıl bəy Ziyadxanov, Həbib bəy Mahmudbəyov, Soltan Məcid Qənizadə və onlarla başqalarını göstərmək olar.

Bizim təhsilimizdə H.Z.Tağıyevin rolu böyükdür. Biz, sanki onun qolları altında təhsil alırıq. 1924-cü il sentyabrın 1-də Bakının Mərdəkan kəndində əbədiyyətə qovuşsa da, o, hələ bizim üçün yaşayır. Bütün qadınlar bunu bilməlidir: “Anası savadsız olan xalq kordur”.

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+11=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0327 saniye